AZ

Meral Akşener özünü doğrultmadı -PROFESSOR

İndi isə İYİ Partiyanın alternativ olma şansı çoxdur
 
Kənardan hiss olunmasa da, Türkiyədə daxili çəkişmələr, dalğalanmalar çox yüksəkdir
 
 
 Türkiyədə müxalifətdə olan İYİ Partiyasının yeni sədri məlum olub. Partiyanın 5-ci qurultayında Türkiyə Böyük Millət Məclisində (TBMM) İzmiri təmsil edən deputat Müsavat Dervişoğlu sədr seçilib. Birinci turda mütləq səs çoxluğu əldə olunmadığından seçki ikinci tura keçib. Lakin ikinci turda da sədr müəyyənləşməyib. Üçüncü turda mütləq səs çoxluğu tələb olunmadığından ən çox səs toplayan namizəd Müsavat Dervişoğlu İYİ Partiyanın sədri olub. Üçüncü turda Müsavat Dervişoğlu 611, rəqibi Koray Aydın isə 548 səs toplayıb. Xatırladaq ki, Meral Akşener İYİ Partiyanın sədrliyinə namizədliyini verməyib və bunu bələdiyyə seçkilərindəki uğursuzluqla əlaqələndirib. Müsavat Dervişoğlu 1960-cı ildə Ankarada anadan olub. 1980-ci il 12 sentyabr hərbi çevrilişindən sonra tələbə amnistiyasından istifadə edərək Qazi Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin Biznesin idarə edilməsi bölməsində təhsilini başa vurub. Eyni dövrdə o, idealist tələbə hərəkatlarında iştirak edib. 1978-ci ildə Fatsa İdealist Gənclər Dərnəyinin sədri, 1987-1989-cu illərdə isə "İdealist Ocaqları"nın sədri vəzifələrində çalışıb. Daha sonra o zamankı Milliyyətçi Hərəkat Partiyasının sədri Alparslan Türkeş tərəfindən partiyanın Baş Qərargahına təyin edilib. Sonra yenə Türkeşin göstərişi ilə MHP İzmir təşkilatına təyinat alıb. 1991-ci ildən İzmirdə ticarətlə məşğul olub. 2012-ci ildə MHP başqanlığına namizəd olsa da, qalib gəlməyib. 2017-ci ildə keçirilən referendumdan sonra MHP-dən istefa verib, daha sonra İYİ Partiyasına keçib və zamanla rəhbər vəzifələrə yüksəlib. Onu da qeyd edək ki, Müsavat Dervişoğlunun qardaşı Muhammed Dervişoğlu uzun illər Türkiyə Kəşfiyyat İdarəsinin (MİT) rəhbərliyində olub. O, Hakan Fidanın müavini kimi uğurlu fəaliyyət göstərib.

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a açıqlamasında deyib ki, Türkiyənin müxalifət partiyasında dəyişikliklər gözlənilən idi. Professorun sözlərinə görə, İYİ Partiyanın keçmiş sədri Meral Akşenerin Cümhuriyyət Xalq Partiyası ilə əməkdaşlığı özünü doğrultmadı: 

"Onun destruktiv çıxışları Türkiyənin indiki durumuna uyğun gəlmirdi. Ona görə də millətçilər M.Akşenerin İYİ Partiyanın başqanlığından uzaqlaşdırılmasına qərar verdilər. Həm də CHP-dəki "qan dəyişimi"ndən sonra İYİ Partiya da belə addım atmağa qərar verdi. Müsavat Dervişoğlu yeni sədr kimi partiyaya milli birlik, həmrəylik gətirməyi bacaracaqsa, İYİ Partiya Türkiyənin güclü müxalifət təşkilatına çevrilə bilər. Hətta CHP-ni də arxaya qoyar. Yəni İYİ Partiyanın alternativ olma şansı çoxdur. Kənardan hiss olunmasa da, Türkiyədə daxili çəkişmələr, dalğalanmalar çox yüksəkdir. İstənilən vaxt daxili çəkişmələr milli müstəviyə keçərsə, Türkiyə ciddi problemlər yaşayacaq. Bunu anlayan hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyası rəqabət müstəvisində digər partiyalarda dəyişikliyə nail oldular. CHP və İYİ Partiyada başqanlığa seçilənlər ayrı-ayrı dairələrin yox, Türkiyənin maraqlarını daha çox müdafiə edəcəklər. İlkin addımlar da onu göstərir. Türkiyə Yaxın və Orta Şərqin, türk-islam dünyasının aparıcı oyunçusuna çevrilməkdədir. Belə şəraitdə Türkiyənin siyasi həyatında mühüm rol oynayan partiyalarda dəyişiklik gözlənilən idi".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla