AZ

Azərbaycan öz torpaqlarına, öz ərazilərinə sahib çıxıb 

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
 
Dünya anlamalıdır

“Qarabağı, Şərqi Zəngəzuru dirçəldir, həm də onu qorumaq, müdafiə etmək gücündədir”
 

 Ölkəmizdə keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” VI  Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu həm də Ermənistanın 30 il yaxın müddətdə işğal altında saxladığı ərazilərimizdə törətdiyi vandallığın, vəhşiliyin, bəşəriyyət əleyhinə törətdiyi cinayətlərin dünya ictimaiyyətinə tanıdılması baxımından çox önəmlidir. Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir. Forumda 700-ə yaxın qonaq iştirak edir. 100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiya keçiriləcək. Panellərdən biri “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusunda olub. Paneldə çıxış edən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar vacib məsələlərə toxunub.  “Qarabağda mədəniyyətimizi yox edənlər hələ də rahat bir şəkildə gəzir, üstəlik, Avropaya, oradakı təsisatlara dəvət edilir. Ermənistan istədiyini edir, amma bunun hesabı ondan soruşulmur. Azərbaycan hazırda bu forumda mədəniyyət və təhlükəsizliklə bağlı dünyaya çağırış edir. Beynəlxalq təşkilatların sözləri ilə hərəkətləri arasında eynilik yoxdur. Sözləri ilə qınayırlar, lakin bir daha baş verməməsi üçün heç nə etmirlər”, - deyə o bildirib. A.Attar qeyd edib ki, işğal dövründə Qarabağda ibadət evləri dağıdılıb, orada mal-qara saxlanılıb. Beynəlxalq ictimaiyyət isə buna reaksiya vermir, riyakar siyasət həyata keçirirlər. O deyib ki, baş verənlərlə bağlı atılan addımlar, verilən reaksiyalar yetərli olmayıb: "Azərbaycanın ekologiyasına vurulan zərər dünyaya vurulmuş zərərdir. Mədəni bir dünyada yaşaya bilməyimiz üçün yaşananların obyektiv bir şəkildə hesabı soruşulmalıdır. Hesab edirəm ki, bunun üstündə dayanmaq lazımdır. Bu barədə sadəcə toplaşıb bir-birimizin çıxışını dinləməli deyilik. Biz hər birimiz dünyanın hansı nöqtəsində olmağımızdan asılı olmayaraq etirazımızı bildirməliyik". A.Attar qeyd edib ki, Azərbaycan bu forumla mədəniyyət və təhlükəsizliklə bağlı dünyaya çağırış edir. O, həmçinin Qarabağın dirçəldilməsində Azərbaycana dəstək göstərən türk dövlətlərinə təşəkkürünü ifadə edib.
 Ölkəmizdə səfərdə olan Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik heyəti isə Qarabağ və Şərqi Zəngəzura səyahət edib. Tanınmış səyyah Yorn Auqestadın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərini gəzəcək, Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olacaqlar. Səyahətin ilk günü qonaqlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar, onlara beynəlxalq hava limanı haqqında məlumat verilib. Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub və ona hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Sonra səyyahlar Füzuli şəhəri ilə tanış olublar. Onlara şəhərin işğal dövrü və görüləcək işlər barədə məlumat verilib. Qeyd edilib ki, erməni vəhşiliyi nəticəsində şəhər tamamilə viran edilib, yaşayış binaları ilə yanaşı, tarixi-mədəni abidələr də dağıntılara məruz qalıb. Şəhərin təbiəti, ağaclar və yaşıllıqlar, su mənbələri, kəhriz və bulaqlar da məhv edilib. Qonaqlar, 30 illik işğal dövründə ermənilərin ölkəmizə qarşı törətdikləri cinayətlərin şahidi olublar. Səyyahlara Füzuli şəhərində görüləcək işlər barədə də məlumat verilib. Bildirilib ki, şəhərin Baş planında 2040-cı ilədək inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq. Burada şəhərsalmanın bütün müasir tələblərinə cavab verəcək üç yaşayış kompleksi inşa olunur. Daha sonra qonaqlar uzun illər sonra Füzuliyə qayıtmış sakinlərlə söhbət edib, şəhərdə salınmış yaşayış kompleksi ilə tanış olublar. Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania, o cümlədən bu klubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin Gəzginlər Klubunun, Britaniyanın “Piki Reels”, İsveçin “Club 100” heyətlərinin ötən 4 ildə Qarabağ və Şərqi Zəngəzura 9 səfəri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünya şöhrətli “Vagaclub”unun səfəri bu qəbildən sayca 10-cu səfərdir. Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaq imkanı qazanıb. Dünyada milyonlarla insan onların vasitəsilə Qarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb. “İlk dəfədir ki, Qarabağda oluram. Bu, mənim üçün fərqli bir təcrübədir. Bunu bu gün azad edilmiş ərazilərə səfər edən Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un heyətində təmsil olunan səyyah Lise Resvold deyib. O bildirib ki, azad edilmiş əraziləri görmək və onun sakinləri ilə görüşmək fərqli bir hissdir. İşğal dövründə dağıdılan evlərə, binalara diqqət çəkən səyyah qeyd edib ki, onlar təmir, bərpa olunsalar da, buranın sakinləri onların indiki halını heç vaxt unuda bilməzlər: “Ərazilərin bərpası, yenidən qurulması çox gözəldir. Amma sakinlər baş verənləri ömür boyu unutmayacaqlar. Məncə, bu evlər, binalar keçmişi, müharibəni hər zaman xatırladacaq”. Ərazilərin minalardan təmizlənməsi barədə danışan Lise Resvold dövlətin bu sahədə gördüyü işlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Bu gün görülən işlər həm də ölkədə turizmin inkişafına təkan verəcək. Məncə, ərazidə xaricdən gələn ekspertlərin iştirakı da bu prosesi sürətləndirə bilər”. O, həmçinin qeyd edib ki, ərazidə hava limanı, müasir binaların tikilməsi turizmin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.  “Vagaclub”unun heyəti Şuşaya da səfər edib. Qonaqlar şəhərdə aparılan bərpa işlərinin gedişi ilə tanış olub, həmçinin Şuşa qalasında və Cıdır düzündə olublar.  “Azərbaycanın ərazilərini tez bir zamanda minalardan təmizləməsi vacibdir, çünki ərazilərin minalarla çirklənməsinin çox dəhşətli nəticələri var”. Bunu isə “Report”a açıqlamasında Azərbaycanın azad edilmiş ərazilərinə səfəri ilə bağlı təəssüratlarını bölüşən norveçli səyahətçi Mayk Byorstad deyib. “Mən istərdim ki, Azərbaycan tezliklə ərazilərini minalardan təmizləsin. Onların nəticələri dəhşətlidir. Mən Laos kimi ölkələrdə olmuşam və minaların nələrə səbəb ola biləcəyini yaxşı bilirəm. Ümid edirəm ki, gələcəkdə hər şey sizin üçün yaxşı olacaq”, - o vurğulayıb.
 VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycana gəlmiş müxtəlif ölkələrin dini liderləri Füzuli şəhəri ilə tanışlıqdan sonra Şuşa şəhərinə gəliblər. Dini liderlərin iştirakı ilə Şuşa görüşü keçiriləcək, dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul ediləcək. Səfər iştirakçıları Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə də tanış olacaqlar.

 Əslən qarabağlı yazıçı-publisist Kərim Kərimli “Sherg.az”a açıqlamasında ölkəmizdə keçirilən beynəlxalq forumlar, tədbirlərin dövlətimizin gücünün, qüdrətinin göstəricisi, Azərbaycanın dünyada söz sahibi olduğunu göstərdiyini vurğuladı:

- Bütün bunlarla yanaşı, beynəlxalq tədbirlər Azərbaycanın Ermənistan tərəfindən  30 il müddətində məruz qaldığı işğal faktını təkrar-təkrar dünya dövlətlərinə, dünya ictimaiyyətinə, vətəndaş institutlarına çatdırması üçün geniş imkan yaradır. Müsbət haldır ki, forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərimizə səfərləri təşkil olunur və forumun davamı olaraq iştirakçılar Qarabağda da toplaşır, bəyanatlarla çıxış edirlər. İşğaldan azad edilmiş ərazilərə səfər edənlər erməni vəhşiliyinə məruz qalmış xalqımızın, şəhər və kəndlərimizin hansı faciələrlə üzləşdiyini əyani şəkildə görürlər. Həm soyqırıma məruz qalmış şəhər və kəndlərimizə, tarixi abidələrimiz, mədəni dəyərlərimizin necə məhv edildiyinə şahid olurlar, həm də Qarabağda aparılan nəhəng tikinti-quruculuq işlərini də görürlər. Dünya anlamalıdır ki, Azərbaycan öz torpaqlarına, öz ərazilərinə sahib çıxıb, Qarabağı, Şərqi Zəngəzuru dirçəldir, həm də onu qorumaq, müdafiə etmək gücündədir. Baxmayaraq ki, bəzi dövlətlər hələ də Azərbaycana qərəzli mövqedən yanaşır, separatçıları, separatizmi müdafiə edir, gec-tez onlar da həqiqəti görəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla