AZ

İdman, biz və Olimpiada: Zümrüd şəhərinin qızılları - TƏHLİL

İyulun 26-da açılış mərasimi təşkil olunacaq Paris-2024 Yay Olimpiya Oyunlarının startına 84 gün qalıb.

İdman.biz 12 həftədən sonra cümə günü start götürəcək dördilliyin ən mötəbər multiidman yarışına həsr olunan silsilə yazıları davam etdirir.

Paris-2024-ə qədər olan müddətdə Azərbaycan idmançılarının müstəqillik illərində qatıldığı yay Olimpiadalarını xatırlayırıq. Debütü 1996-cı ildə Atlantada rəsmiləşən Azərbaycan millisi ikinci cəhdini Sidneydə gerçəkləşdirib.

Eh, İstanbul, İstanbul

Azərbaycan millisi 2000-ci il Yay Olimpiya Oyunlarına vətəndən çox uzaqda deyil, qardaş Türkiyədə qatılmaq ehtimalı olub. İstanbul dördilliyin ən mötəbər multiidman yarışına 5 namizəd arasında yer alıb. Amma “bir millət, iki dövlət”ə Olimpiya sevincini doğma məkanda yaşmaq nəsib olmayıb. Atlanta-1996 ilə bağlı olduğu kimi bu dəfə də ev sahibi seçimi zamanı uzun müddət bir şəhər öndə olsa da, sonda başqası sevinib. Səsvermənin dörd mərhələsinin qalibi Pekin, həlledici anda Sidneydən geri qalıb. Nəticədə kenquruların məskəni sayılan Yaşıl qitənin XXVII Yay Olimpiya Oyunlarına qucaq açıb. Sentyabrın 15-dən oktyabrın 1-dək davam edən yarışda 199 ölkə təmsilçiləri mübarizə aparıblar.

“31”lə “Zümrüd şəhəri”nə

Azərbaycan millisi Laymen Frenk Baumun “Nağıllar ölkəsi” povestlər seriyasında əks olunan xəyali “Zümrüd şəhəri”nə bənzədilən Sidneyə qızıl ardınca yollanıb. Komandamız Atlanta-1996 ilə müqayisədə Sidney-2000-də daha çox – 31 idmançı ilə təmsil olunub. Bu dəfə heyətdə 25 kişi atlet yer alıb. Avstraliyaya 6 zərif cins nümayəndəsi yollanıb.

Kəsməyən qılınc

Azərbaycan Yaşıl qitədə 8 idman növündə mübarizə aparıb. Dörd il əvvəlki ilə müqayisədə cüzi azalma yaşanıb. Qılıncoynadanlarımız Avstraliyaya gedən heyətə düşə bilməyiblər. Əvəzində boks, cüdo, üzgüçülük və güləşdə iştirakçılarımızın sayı artıb. Güləş ənənəvi olaraq millinin özəyi olub. 9 pəhləvandan 6-sı sərbəst, 3-ü yunan-Roma güləşçisi kimi Sidneyə gedib. Boks 5, cüdo, ağırlıqqaldırma, atletika hərəyə 4, atıcılıq və üzgüçülük hərəyə 2, suyatullanma 1 idmançı ilə Avstraliyada təmsil olunmaq hüququ qazanıb. Onlardan 25-i kişi, 6-sı xamım idmançı olub.

Liderlər və iştirakçılar

Sidney-2000 Atlantadakı yarışlardan da, sonrakı illərdə keçiriləcək Olimpiadalardan da çox fərqlənməyib. Ənənəvi olaraq yığmanın liderləri rolunda güləşçilər çıxış ediblər. Pəhləvanlarımız həm say, həm uğur baxımından öncül olduqlarını sübut ediblər. Avstraliyada da komanda yarılarında təmsil olunmayan millimiz bəzi növlərdə əsas iştirakdır prinsipi ilə mübarizə aparıb. Atletika, üzgüçülük və suyatullanmanı belə növlərdən saymaq olar.

Silahlı “qızıl ovçusu”

Olimpiadalar tarixinin ilk medalı güləş yığmamızın hesabına yazılsa da, ilk qızıl digər növdə əldə olunub. 2000-ci il sentyabrın 21-də bu uğura Zemfira Meftahətdinova imza atıb. O, stend atıcılığında fərqlənib. “Qızıl ovçusu” hamını qabaqlayaraq ilk çempionumuz kimi tarixə adını yazdırıb.

Bayraqdardan rekord

Güləş millimiz də sözünü deməyə imkan tapıb. İkinci qızıl ilk zəfərdən 9 gün sonra gəlib. Sidneydə bayraqdar funksiyasını yerinə yetirən Namiq Abdullayev 4 il əvvəlki kimi 52 kq deyil, 55 kq çəkidə mübarizə aparıb. O, təkcə öz ağırlığını deyil, medalın əyarını da artırıb. Atlantadakı gümüşü qızıla dəyişən sərbəst güləşçimiz bayraqdar kimi qatıldığı Olimpiadada çempionluq sevinci yaşayan yeganə təmsilçimiz kimi tarixdə qalıb.

“Dubl”

Sentyabrın 20-si Olimpiadalar tarixində iki medal qazandığımız ilk gün kimi düşüb. Namiqlə eyni gündə Vüqar Ələkbərov da Sidneyin mükafatına sahib çıxıb. O, boksda olimpiya medalı qazanan ilk azərbaycanlı ünvanına sahib çıxıb. Ağırçəkili idmançımız “yaşıl qitə”də bürünc əldə edib.

Medalın yanından ötənlər və 34-cü yer

İki qızıl və bir bürünc Azərbaycan millisini medal sıralamasında 34-cü edib. Dörd il əvvəlki ilə müqayisədə 27 pilləlik sıçrayışda əsasən çempionluqların rolu böyük olub. Hərçənd daha yüksək yer tutmaq da mümkünsüz deyildi. Medalın yanından son anda ötüb keçən bəzi idmançılarımız fəxri kürsünün yaxınlığında qalıblar. Cüdoçu Rəsul Səlimov, boksçu Ruslan Xairov və yunan-Roma güləşçimiz İslam Duquçiyevə demək olar ki, bir qələbə çatmayıb. Onlar Olimpiadadan fəxri “altılıq”da qayıdıblar. Cüdoçular Elçin İsmayılovla Zülfiyyə Hüseynova, güləşçilər Natiq Eyvazovla Şamil Əfəndiyev və ağırlıqqaldıran Elxan Süleymanov da “Top-8”də yer alıblar. Onlardan başqa, daha 5 olimpiyaçımız “onluq”da qalmaqla kifayətlənib.

N

İdmançı

Növ

Yer

1

Aida İsayeva

Atletika, idman yerişi

Finişə çatmayıb

2

Alisa Xaleyeva

Üzgüçülük, sərbəst, 50 m

59

3

Arif Abdullayev

Sərbəst güləş, 60 kq

10

4

Davud Məhəmmədov

Sərbəst güləş, 97 kq

13

5

Elçin İsmayılov

Cüdo, 60 kq

7

6

Elxan Süleymanov

Ağırlıqqaldırma, 62 kq

8

7

Elşad Allahverdiyev

Sərbəst güləş, 76 kq

11

8

Emin Cəbrayılov

Suyatullanma

31

9

Emin Quliyev

Üzgüçülük, sərbəst, 50 m

61

10

Əli İsmayılov

Boks, 81 kq

9

11

Faiq Bağırov

Atletika, 800 m

8 (təsnifat mərhələsi)

12

Xviça Biçinaşvili

Yunan-Roma güləşi, 76 kq

16

13

İradə Aşumova

Atıcılıq (güllə)

10 m

25 m

yarışı başa vurmayıb

31

14

İslam Duquçiyev

Yunan-Roma güləşi, 69 kq

6

15

Mahaç Nuriddinov

Boks, 60 kq

İlk döyüşdə uduzub

16

Maqomed Ariphaciyev

Boks, 91 kq

İlk döyüşdə uduzub

17

Mehman Əzizov

Cüdo, 81 kq

İlk döyüşdə uduzub

18

Namiq Abdullayev

Sərbəst güləş, 54 kq

1

19

Natiq Eyvazov

Yunan-Roma güləşi, 54 kq

7

20

Nizami Paşayev

Ağırlıqqaldırma, 85 kq

12

21

Rəcəb Əshəbəliyev

Sərbəst güləş, 130 kq

9

22

Rəsul Səlimov

Cüdo, 90 kq

5

23

Ruslan Xairov

Boks, 67 kq

5

24

Sergey Boçkov

Atletika, üçtəkanla tullanma

30

25

Şamil Əfəndiyev

Sərbəst güləş, 63 kq

7

26

Teymur Qasımov

Atletika, 800 m

7 (təsnifat mərhələsi)

27

Təranə Abbasova

Ağırlıqqaldırma, 53 kq

10

28

Turan Mirzəyev

Ağırlıqqaldırma, 69 kq

9

29

Vüqar Ələkbərov

Boks, 75 kq

3

30

Zemfira Meftahətdinova

Atıcılıq (stend)

1

31

Zülfiyyə Hüseynova

Cüdo, 55 kq

7

Vüqar Xeyrullayev
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla