AZ

"Xalq onların arxasınca heç vaxt getməyəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bu gün xalqımızda mitinq keçirmək kimi bir istək yoxdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputat bildirib ki, çünki xalqımız Prezident İlham Əliyevin yürütdüyü siyasətdən məmnundur: "Məhz dövlət başçımızın müdrik siyasəti sayəsində xalqımız qalibdir və qürurludur. İctimaiyyətimiz ölkəmizin daha da güclənməsini, dünyada baş verən qarşıdurmalardan uzaq olmağını və təhlükəsiz yaşamağını hər şeydən üstün tutur. Amma təəssüf ki, özünü radikallar adlandıran bir qrup şəxs xaricdən aldığı qrantlar hesabına ölkəmizdəki sabitliyi və təhlükəsizliyi pozmağa çalışır. Çünki onların aldığı sifariş ölkəmizdə qarşıdurma yaradaraq gərginliyi artırmaqla dövlətimizi daxildən zəiflətməkdir. Azərbaycan güclü olanda müstəqil siyasət yürüdərək xalqın milli maraqlarını qoruya bilir. Amma bunu həzm edə bilməyən dairələr gizli yollarla özlərinin əlaltılarını maliyyələşdirirlər və insanların mitinqlərə çağırışlar etməyini tələb edirlər. Radikallar da bu tələblərin icraçısıdırlar. Ona görə də şəhərin mərkəzində insanların sıx olduğu yerlərdə mitinqə çağırışlar edirlər. Təbii ki, bu da onların arxasınca adamlar getmədiyinə görə şəhərin mərkəzində toplanışa çağırışlar etməklə insanlarda maraq yaratmaq istəyindən irəli gəlir.

Ölkəmizdə hüquqi dövlət qurulub. İctimai yerlərdə toplaşmalar sərbəst toplaşma haqqında qanuna əsasən tənzimlənir. İctimai toplanışlar, mitinq və aksiyaların keçirilməsi icazə verilmiş yerlərdə olmalıdır. Qanundan kənar cəhdlərin qarşısı isə dövlətin müvafiq orqanları tərəfindən alınır.

Xalq onların arxasınca heç vaxt getməyəcək. Çünki, xalqımız dünyada baş verən prosesləri görür və gərgin bir mühiti Azərbaycanda görməyi arzulamır. Ona görə də xalq Prezidentin siyasətini hər zaman dəstəkləyir və radikalların sıraları artmır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
1
Mənbələr
Şərh ()
Bağla