AZ

Vay(ss) bizim halımıza?

Azərbaycan millisi tarixi boyu DÇ və AÇ-yə vəsiqə qazanmaq istəyən iddialı komandalar üçün təkcə 3, daha doğrusu 6 xal mənbəyi yox, həm də rəqibləri üçün eksperiment obyekti olub. Amma tək onlar eksperimentlə kifayətlənməyib. Milliyə dəvət olunan əcnəbi mütəxəssislər də bura “laboratoriya” kimi baxıb. Əvvəla, burada pul qazanmağı düşünüblər. Yoxsa, bizim milliyə niyə uğur qazanmaq üçün vasitə gözü ilə baxsınlar ki?!

Avropalılar ərəb ölkələrinə nə məqsədlə gedirlərsə, bura haqda da aşağı-yuxarı eyni fikirdədirlər. Ona görə də Karlos Alberto Torres və ya Berti Foqtsdan bəri millimizi çalışdırmağa razı olanlar millimizi “təcrübə dovşanı” na çevirmək haqda fikirləşib. Amma yenə də biz rəqibləri və ya yığmamızı çalışdıran əcnəbilərin məqsədini anlamaqda problem yaşamırıq. Necə deyərlər, “verirlər götür, döyürlər qaç!”

Problem ondadır ki, mərhum Ramiz Mirzəyevin dövründən bəri AFFA-da taxtda oturanlar özlərinə doğma olan milliyə də təcrübə məkanı kimi yanaşırlar. Məsələn, Rövnəq Abdullayevin dövründə bu silsilə xarakteri daşıdı. Yalnız bir müddət Qurban Qurbanova şans yaratdılar ki, bu planın özü də təcrübələrinə haqq qazandırmaq məqsədi daşıyırdı.

Görünən odur ki, Rövşən Nəcəfin hakimiyyəti dövründə də eyni ssenari təkrarlanacaq. Bəli, AFFA rəhbərliyi millinin “sükan”ını yenə də əcnəbiyə təhvil vermək istəyir. Təəssüf ki, ağalar dəyişsə də, marşrut dəyişmir, futbol başbilənlərimiz komandanı dərəyə “sürdürürür”. Deyilənə görə, indi də “Slovakiya futbolunun Qurban Qurbanovu” nu, yəni Vladimir Vayssı ölkəmizə gətirmək istəyirlər. Niyə Qurban Qurbanov? Çünki bizdə Qurban bəy kimdirsə, Slovakiyada da cənab Vayss odur. Təəssüf ki, biz millini Qurbanov kimi mütəxəssisə etibar etmirik, onu öz maraqlarımıza qurban veririk, amma gedib Azərbaycan futbolu haqda heç bir məlumatı olmayan slovaka şans veririk. Vay(ss) bizim halımıza.

Təbii ki, arxa tullanmamış “hop” deyə bilmərik. Hələ ki, Vladimir gəlməyib. Lap gəlsə də belə, uğursuz olmamış bu seçimi tənqid etmək də doğru olmazdı. İndiki məqamda 59 yaşlı mütəxəssisin karyerasına nəzər salmaq daha doğru olar.

Bəri başdan deyək ki, millinin yerli mütəxəssisə tapşırılmasını doğru sayırıq. Amma mütləq əcnəbiyə şans veriləcəksə, Vayss Nikola Yurçeviçlə, Canni de Byazi ilə müqayisədə uğurlu seçim sayıla bilər.

1998-ci ildə məşqçi köməkçisi, 1999-cu ildən isə artıq baş məşqçi kimi işləməyə başlayan Vladimir Vayss bu 26 il ərzində heç vaxt işsiz qalmayıb. Vayss Slovakiya “Artmedia Petrjalka”sında əvvəlcə oynayan məşqçi (1996-98), sonra köməkçi məşqçi (1998-2000), ardınca da baş məşqçi (2000-ci ilin iyulundan 2006-cı ilin fevralına qədər) olub.

1898-ci ildə yaradılan bu klub iki dəfə Çexoslovakiya çempionu olsa da, məhz Vayssın başçılığı altında 2004/05 mövsümündə ilk Slovakiya çempionluğunu yaşayıb. Bu komanda 2004-cü ildə ölkə kubokunun qalibi, bir il sonra finalçısı olub. 2002/03 mövsümündə isə gümüş medallar qazanıblar. Təbii ki, 1600 nəfərlik stadionu olan və hazırda 2-ci Liqada mübarizə aparan kiçik klub üçün çox böyük uğurlardır.

Yadınızdadırdsa,  “Artmedia Petrjalka” 2005/06 mövsmündə ÇL-in təsnifat mərhələsində “Kayrat”, “Seltik” və “Partizan” səddini keçərək Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Orada isə 6 xal toplayaraq, “İnter” və “Reyncers”dən geriyə düşsələr də, “Portu” kimi komandanı geridə qoydular və yoluna UEFA Kubokunda davam etdirdilər. Həmin vaxt “Portu”ya səfərdə qalib gəlmişdilər və 2 matçda onlardan 4 xal qoparmışdılar.

Vayss 2006-cı ilin fevralında Rusiya “Saturn”unun dəvətini qəbul etdi. Bu, çox uğursuz seçim oldu. Ramenskoyelilər onun başçılığı altında 2006-cı il mövsümünü (həmin vaxt çempionat yaz-payız sistemi üzrə keçirilirdi) 16 komanda arasında 11-ci yerdə bitirdilər. Bu komanda mövsüm boyunca heç-heçə xəstəliyinə yoluxdu. 30 turda hamıdan çox – 16 dəfə rəqibləri ilə “sülh bağladılar”. Halbuki rəhbərlik Vayssın qarşısına avrokuboka düşmək hədəfini qoymuşdu.

Vladimir artıq növbəti – 2007-ci il mövsümündə 10 turdan sonra istefaya göndərildi. Komanda 13-cü pillədə qərarlaşırdı. Bu müddət ərzində hesablarında cəmi 1 qələbə var idi. Maraqlıdır ki, heç-heçə sevdası bu də dəfə də davam etdi – 7 dəfə. Vayssın Rusiyada yeganə uğuru “Saturn”un ölkə kubokunda yarımfinala qədər irəliləməsi oldu. Orada Moskva “Spartak”ına uduzdular.

2007-ci ilin yayında “Artmedia Petrjalka”ya qayıdan Vayss bu komanda ilə həmin mövsüm “qızıl dubl” etdi.  Bu uğurlarından sonra ona millidən “yox” deyə bilməyəcəyi dəvət gəldi. 2008-ci ilin yayından 2012-ci ilin yanvarına qədər Slovakiya yığmasına başçılıq etdi: 40 oyun – 16 qələbə, 8 heç-heçə, 16 məğlubiyyət. Məhz Vayssın dönəmində Slovakiya millisi ilk və hələlik son dəfə dünya çempionatına vəsiqə qazandı. Seçmə mərhələdə Sloveniya, Çexiya, Şimali İrlandiya, Polşa və San Marinonun qrupunda mümkün 30 xaldan 22-sini topladılar. DÇ-2010-da qrupda son turda İtaliyaya qalib gəldilər, 2-ci yerdən 1/8 finala çıxdılar. Orada Niderlan seçməsinə uduzdular.

Haqqında söhbət açdığımız mütəxəssis 2011-ci ilin yayından milli ilə bərabər “Slovan”ın aş baş məşqçisi oldu. AVRO-2012-də Slovakiyanın çox zəif çıxışından sonra istefaya göndərildi. Komanda qrupda nəinki Rusiya və İrlandiya yığmalarından, hətta Ermənistandan da geri qaldı.

Onun “Slovan”da da işi uğurlu alınmadı. Cəmi 1 il qaldı. Son ölkə çempionu ilə 2011/12 mövsümündə yalnız bürünc medallar qazandı, halbuki “Slovan” onun gedişindən sonrakı iki mövsümdə çempion oldu. 2012/13 mövsümünün startındaca komandadan ayrıldı. “Slovan” AL-də mübarizəyə qoşulduğu ilk raunddaca (2-ci təsnifat mərhələsi) Macarıstan “Videoton”una uduzdu.

Bundan sonra qəhrəmanımız Qazaxıstana yollandı. “Kayrat”la daxili arenada ciddi uğurlar qazandı – 2013-cü və 2014-cü illərdə bürünc, 2015-ci ildə gümüş medallar, iki dəfə (2014, 2015) ölkə kubokunun qalibi. 2015/16 mövsümündə AL-in ilk təsnifat mərhələsindən pley-off raunduna qədər irəlilədilər. “Srvena Zvezda”, “Alaşkert” və “Aberdin”i keçdilər, yalnız “Bordo”ya uduzdular. Vayss 2015-ci il mövsümü başa çatan kimi komandadan ayrılacağını açıqladı.

Vayss 2016-cı ilin martından 2020-ci ilin noyabrına qədər Gürcüstan millisində çalışdı: 47 matç – 16 qələbə, 15 heç-heçə, 16 məğlubiyyət. DÇ-2018-in seçmə mərhələsində 6 milli arasında 5-ci yeri tutdular. Gürcülər onun başçılığı altında yalnız Moldova millisini qabaqladılar: 10 oyunda 5 xal. Qrupda Serbiya, İrlandiya, Uels və Avstriya millilərindən xeyli geri düşdülər. AÇ-2020-nin təsnifatında isə  5 milli arasında 4-cü yeri tutdular. Yalnız Cəbəllütariq yığmasını qabaqladılar. İsveçrə, Danimarka və İrlandiya ilə matçlarda cəmi 2 ev heç-heçəsi ilə kifayətləndilər. 3-cü yerdəki İrlandiya ilə aralarında 5 xallıq fərq oldu. Amma 2018/19 mövsümündə Millətlər Liqasının D divizionunda parlaq çıxış etdilər. Qazaxıstan, Latviya və Andorra ilə matçlarda 18 xaldan 16-sını topladılar. Buna görə də AÇ-2020-yə vəsiqə uğrunda 4 komandalıq pley-offa yüksəldilər. Yarımfinalda Belarusa qalib gəlsələr də, finalda Şimali Makedoniyaya məğlub oldular. 3 gündən sonra 2020/21 mövsümünün Millətlər Liqasında evdə Ermənistana uduzdular. Bütün bunlar Vayssın istefa verməsi ilə nəticələndi.

Vladimir 2021-ci ilin mayında yenidən “Slovan”a qayıtdı. Bu dəfə slovakiyalı mütəxəssis Bratislava klubunda ümidləri doğrultdu: 162 oyunda 99 qələbə, hər matçda orta hesabla 2,04 xal. Bu, onun baş məşqçilik karyerasında ən yaxşı göstəricidir. Əsas göstərici isə 2 çempionluq, kubokda 2 finaldır (ikisində də əlavə vaxtda Trnava “Spartak”ına uduzublar).

Həm 2022/23, həm də 2023/24 mövsümlərində “Slovan” avrokuboklara ÇL-də başlasa da, sonda KL-in qrupuna düşdü. Ötən mövsüm qrupu lider bitirdi və 1/8 finalda “Bazel”ə uduzdu. Bu mövsüm isə qrupda 2-ci yeri tutaraq pley-offa yollandı və Avstriya “Şturm”una yenildilər.

Pis deyil. Amma nə olsun?! Berti Foqts da Almaniya millisinə Avropa çempionluğunu qazandırmışdı. Canni de Byazi də Albaniya millisini Avropa çempionatına çıxarmışdı. Burada başqa haqq-hesablar keçir.

Yeri gəlmişkən, söhbətin əvvəlində Vayssı hədər yerə Qurbanovla müqayisə etmədik. Onların ikisini birləşdirən başqa bir cəhət var. Hər ikisinin oğlu futbolçudur. Amma Musa hələ yolun əvvəlindədirsə, onun oğlu Vladimirin 34 yaşı var. Slovakiya yığmasında 77 oyun keçirən kiçik Vladimir burada 8 qol vurub.  Çıxış etdiyi komandaların adlarına baxanda “halaldır” deməyə bilmirsən: “Mançester Siti”, “Bolton”, “Qlazqo Reyncers”, “Espanyol”, “Peskara”, “Olimpiakos”, Qətərin “Lexviya” və “Əl-Qarafa” klubları və hazırda atasının çalışdırdığı “Slovan”.

AFFA ilə sövdələşmə baş tutsa, böyük ehtimalla böyük Vladimir mövsüm bitən kimi Azərbaycana gələcək. Kim bilir, bəlkə oğlu da karyerasını bitirib burada köməkçi məşqçi kimi fəaliyyət göstərəcək. Karlo Ançelottinin oğlu Davide necə atasının yanında “Real”da köməkçi kimi çalşırsa, Vayss ailəsi nə üçün köçünü bura salmasın?! Axı, bura eksperiment məkanıdır…

ABBAS

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla