AZ

Bakı ilə İrəvanın arasına girmək istəyənlərə son söz deyildi- gərək deyilsiniz...

Image

Arzuxan Əlizadə: “Vasitəçilərin iştirakı ilə keçirilən danışıqlar əsasən özünü doğrultmayıb”

“Bu bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil”. Bu fikri Prezident İlham Əliyev Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

Ölkə başçısının sözlərinə görə, ötən ilin sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa edəndən sonra Ermənistanın dırnaqarası qarantorları tərəfindən siyasi hücumlara məruz qaldıq: “Buna baxmayaraq, biz yenə sülh təklif etdik. İndi isə biz, əslində, müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası başlayıb. Nəinki delimitasiyası, hətta demarkasiyası başlayıb. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik”.

“Əksinə, vasitəçi olan dövlətlər geosiyasi maraqlardan çıxış edərək öz təsir dairələrini genişləndirmək istəyirlər” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, bu cür yanaşmanın kifayət qədər əsasları var: “Əsasları ondan ibarətdir ki, vasitəçilərin iştirakı ilə keçirilən danışıqlar əsasən özünü doğrultmayıb. Bunun ən bariz nümunəsi ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə 30 ilə yaxın keçən danışıqlar olub. Heç bir faydası olmadı Minsk Qurupunun vasitəçiliyinin. Əksinə, vasitəçi olan dövlətlər geosiyasi maraqlardan çıxış edərək öz təsir dairələrini genişləndirmək istəyirlər. Vasitəçiliyi əllərində qalxan edib ölkədən iqtisadi, siyasi və digər güzəştlər qoparmaq istəyirlər. Bu səbəbdən bir sıra hallarda maraqlı olmurlar ki, münaqişə həll olunsun. Çünki münaqişə həll olunanda təsir rıçaqları vasitəçi dövlətlərin əlindən çıxır. Biz ötən 30 ildə bütün bunları gördük. Bu baxımdan Prezident Əliyev aydın şəkildə izah etdi ki, bundan sonra da danışıqlar vasitəçisiz davam edəcək və kimsə nəyəsə ümid etməsin. Haqlı olaraq rəsmi Bakı istəmir ki, üçüncü tərəf danışıqlarda vasitəçi statusunda iştirak etsin. Çünki bu, ümumi işin xeyrinə yox, ziyanına işləyir. Hətta deyərdim ki, tənzimləmə prosesini tormozlamağa xidmət edir. Görünən odur ki, Paşinyan hakimiyyəti vasitəçilər olmadan ikitərəfli danışıqların davam etdirilməsinə razılaşıb. Artıq iki ölkə arasında etimad mühiti yaranır. Belə olan təqdirdə, hansısa vasitəçiyə ehtiyac yoxdur. Bir sözlə, Prezident bununla açıq dedi ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsində kimsə vasitəçi olmaq həvəsinə düşməsin”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla