AZ

Heydər Əliyevin arzularını geçəkləşdirən Qalib Lider - ŞƏRH

"Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi. Biz onun bu arzusunu reallaşdırdıq. Biz bununla fəxr edirik, xoşbəxtik. Bütün azərbaycanlılar – təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya azərbaycanlıları bizim Qələbəmizlə fəxr edirlər". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib. Dövlət başçısı bildirib ki, bu Qələbə ədalətin, tarixi ədalətin və beynəlxalq hüququn Zəfəridir.

"İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bu, sadəcə, Heydər Əliyevin taleyüklü məsələləri inandığı bir insana həvalə etməsi deyildi. Burada dahi liderin uzaqgörənliyi də aydın sezilir. Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan bu fikirlər Prezident İlham Əliyevin son 19 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası bugünkü qələbəmizə bələdçilik edir: bugünkü qələbənin məntiqi əsası, bünövrəsi və onu yaradan fəlsəfə Heydər Əliyevin fəaliyyətinin məhsuludur.

Bəli, Müzəffər Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin 19 illik gərgin əməyinin nəticəsində formalaşan güclü Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdi, ölkəmiz öz ərazi bütövlüyünü təmin etdi. "Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən ulu öndər Heydər Əliyevin arzusunu da bu gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımçıq qalar" deyərək reallaşdırdı. Və İkinci Qarabağ savaşını "Dəmir yumruq"la qazanan Ali Baş Komandan İlham Əliyev "dəmir iradə" ilə işğaldan azad edilən şəhər və rayonları, qəsəbə və kəndləri bərpa edir, yenidən qurur və çox böyük layihələr reallaşdırır: "Dərsini verdik. Öz bayrağımızı ucaltdıq Şuşada və bütün başqa şəhər və rayonlarımızda. Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!".

Və bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin 2022-ci ili "Şuşa İli" elan etməsi və görülən işlər də məhz ulu öndər Heydər Əliyevin Azərbaycanın güclü olması arzusunun reallığıdır. Sözü imzası qədər qüvvətli və keçərli olan Qalib Lider, Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Artıq tariximizin qürur doğuran səhifələri yazılır. İndi Füzuli, Şuşa, Laçın, Kəlbəcər də, Ağdam da azaddır və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur, artıq Xarı bülbül boynunu bükməyib. Və bu günün reallıqlarını bütün dünya görür. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzaladı. Azərbaycan Prezidenti bildirmişdir ki, Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi: "Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir".

Bu gün Şuşa artıq inkişaf, quruculuq yolundadır. Qeyd edək ki, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz ulu öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu gün isə işğaldan azad edilmiş Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın yenidən dirçəlməsi istiqamətində möhtəşəm işlər görülür. Şuşanın Cıdır düzündə "Xarıbülbül" musiqi festivalı, Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsi bərpa edildi. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddət ərzində Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Sevindiricidir ki, ümummilli liderin ən ümdə arzusunun həyata keçməsi Qələbəmizin üçüncü ilində keçirilir. İndi Azərbaycan iqtisadi inkişaf tempinə görə öndədir. Dünyada əhəmiyyətli regional layihələrin təşəbbüskarı və iştirakçısıdır. Dövlət başçımız cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".

Prezident İlham Əliyev mayın 3-də Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında bildirib ki, Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olub və bunu zamana, siyasi vəziyyətə baxmayaraq edib. Dövlətimizin başçısı deyib ki, Sovet Azərbaycanı dönəmində hətta ideoloji əngəllər çərçivəsində Ulu Öndər Azərbaycan xalqının maraqlarını qoruyurdu, milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. 70-ci illərdə və 80-ci illərin əvvəlində Heydər Əliyev tərəfindən atılmış bir çox addımlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdi.

Bəli, bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Ruhun şad olsun ulu öndər, Qarabağ Azərbaycandır! Azərbaycan xalqının Qalib Lideri, Azərbaycan xalqının Prezidenti İlham Əliyev dəmir siyasətinin nəticəstndə "Dağlıq Qarabağ" problemi yoxdur!. Və 2022-ci il "Şuşa ili"ndən 2023-cü ilin "Heydər Əliyev ili" elan etməsi ilə bağlı dövlətimizin başçısı demişdir: "Mən bu ili "Şuşa İli" elan etmişdim. Şuşanın 270 illiyini biz çox geniş və böyük təntənə ilə qeyd etdik. Gələn il isə "Heydər Əliyev İli" elan edilib. Gələn il biz Ulu Öndərin 100 illik yubileyini qeyd edəcəyik. Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb".

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri

Seçilən
157
3
Mənbələr
Şərh ()
Bağla