AZ

PREZİDENT İLHAM ƏLİYEV: «Azərbaycan xalqının böyüklüyü bir daha 1993-cü ildə özünü göstərdi. Xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət etdi» -ŞƏRH

Bu gün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi tarixi yaradan şəxsiyyətdir. Bütün ömrünü dövlətimizin möhkəmlənməsinə, gələcək inkişafına sərf etmiş, əməlləri ilə xalqın sonsuz məhəbbətini qazanmış, bu günkü müstəqil, müasir, azad və firavan Azərbaycanın qurucusuna çevrilmiş Ulu öndər Heydər Əliyev haqqında danışmaq hər bir azərbaycanlıda təbii qürur hissi doğurur. İndi dünyanın harasında olursa-olsun Heydər Əliyev deyiləndə Azərbaycan, Azərbaycan deyiləndə Heydər Əliyev şəxsiyyəti gözlər önünə gəlir. Onun böyük qürurla söylədiyi: "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!" sözləri bu böyük şəxsiyyətin, bu böyük insanın öz xalqına öz torpağına nə qədər bağlı olduğunu bir daha təsdiq edir. Bəli, tarix dəfələrlə sübut edib ki, bir xalqın mövcudiyyəti onun həmrəyliyindən və bu həmrəyliyi təmin edən liderlərin dövrün məsuliyyətini öz üzərlərinə götürərək tarixi yenidən yazmaq bacarığından irəli gəlir.

Belə ki, mayın 10-da - Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qarabağda keçirdikləri görüşlər, Şuşada birinci yaşayış kompleksinin açılışında iştirakları rəmzi məna daşıyırdı. 32 ildən sonra doğma Şuşalarına qovuşan ilk sakinlərlə görüşən Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərlə görüşü zamanı vurğuladı ki, Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq: "Mayın 10-u hər birimiz üçün, təbii ki, mənim üçün əziz gündür - Ulu Öndərin doğum günüdür. Onun ən böyük arzusu bu reallıqları görmək idi, işğala son qoymaq idi və məhz onun fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq".

Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı deyib: "Azərbaycan xalqının böyüklüyü bir daha 1993-cü ildə özünü göstərdi. Xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət etdi. Çünki Azərbaycan xalqı bilirdi ki, o bəladan onu ancaq Heydər Əliyev qurtara bilər".

Dövlət başçısı 1994-cü ildə əldə edilmiş atəşkəslə bağlı bildirdi ki, o vaxt - 1994-cü ildə əldə edilmiş atəşkəs məcburi bir addım idi və biz heç vaxt o atəşkəslə barışa bilməzdik, nə mənim atam, nə də mən: "Onun ömrü bu günü görməyə çatmadı. Biz - onun davamçıları, onun və Azərbaycan xalqının arzularını çin etdik və tarixi Zəfər əldə etdik. Düşmənə öz yerini göstərdik və bu gün düşmən bizim qarşımızda acizdir. Bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax, belə də olmalıdır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar".

Bəli, Müzəffər Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin 21 illik gərgin əməyinin nəticəsində formalaşan güclü Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdi, ölkəmiz öz ərazi bütövlüyünü təmin etdi. "Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən ulu öndər Heydər Əliyevin arzusunu da bu gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımçıq qalar" deyərək reallaşdırdı. Və İkinci Qarabağ savaşını "Dəmir yumruq"la qazanan Ali Baş Komandan İlham Əliyev "dəmir iradə" ilə işğaldan azad edilən şəhər və rayonları, qəsəbə və kəndləri bərpa edir, yenidən qurur və çox böyük layihələr reallaşdırır: "Dərsini verdik. Öz bayrağımızı ucaltdıq Şuşada və bütün başqa şəhər və rayonlarımızda. Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!".

Və bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin 2022-ci ili "Şuşa İli", 2023-cü ili ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı "Heydər Əliyev İli" elan edilməsi Dahi Liderimizin Azərbaycanın ən yeni tarixinin 35 ilə yaxın dövründə Azərbaycan xalqı, dövlətçiliyimiz, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda yorulmaz fəaliyyətinə və misilsiz xidmətlərinə verilən yüksək dəyərdir. Sərəncamda qeyd edildiyi kimi, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Eyni zamanda bütün bu uğurlar və görülən işlər də məhz ulu öndər Heydər Əliyevin Azərbaycanın güclü olması arzusunun reallığıdır. Sözü imzası qədər qüvvətli və keçərli olan Qalib Lider, Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Artıq tariximizin qürur doğuran səhifələri yazılır. İndi Füzuli, Şuşa, Laçın, Kəlbəcər də, Ağdam da azaddır və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur, artıq Xarı bülbül boynunu bükməyib. Və bu günün reallıqlarını bütün dünya görür. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzaladı. Azərbaycan Prezidenti bildirmişdir ki, Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi: "Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir".

Bu gün Şuşa artıq dirçəliş, inkişaf, quruculuq yolundadır. Qeyd edək ki, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz ulu öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu gün isə işğaldan azad edilmiş Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın yenidən dirçəlməsi istiqamətində möhtəşəm işlər görülür. Şuşanın Cıdır düzündə "Xarıbülbül" musiqi festivalı, Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsi bərpa edildi. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddət ərzində Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.. İndi Azərbaycan iqtisadi inkişaf tempinə görə öndədir. Dövlət başçımız cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".

Bəli, bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Ruhun şad olsun ulu öndər, Qarabağ Azərbaycandır! Azərbaycan xalqının Qalib Lideri, Azərbaycan xalqının Prezidenti İlham Əliyev dəmir siyasətinin nəticəstndə "Dağlıq Qarabağ" problemi yoxdur!.

Bir sözlə, bütün bunlar AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin düşünülmüş və məqsədyönlü fəaliyyəti Heydər Əliyevin yandırdığı ocağın heç zaman sönməyəcəyinə əminlik yaradır. Çünki ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illərdə təməlini qoyduğu siyasi irsi, ata vəsiyyətini 21ildir Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev layiqincə, şərəflə, inkişaf etdirməklə həyata keçirir. Və müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin ideyaları bundan sonra da müstəqil Azərbaycanın nailiyyətlərinin fövqündə dayanacaq. Çünki Bu yol - Prezident, Ali Baş Komandanımız Qalib Lider İlham Əliyev yolunun dönməz və sarsılmaz yoludur.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
3
sia.az

4Mənbələr