Bakı, 2 may, AZƏRTAC
İsveçrənin Bürgenstok şəhərində iyunun 15-16-da Ukrayna üzrə sülh konfransı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda deyilir.
“İsveçrə dövlət və hökumət başçıları səviyyəsində 160-dan çox nümayəndə heyətini iyunun 15-16-da Bürgenstok şəhərində Ukrayna üzrə ilk sülh konfransına dəvət edib”, - deyə departamentin bəyanatında bildirilir. Bu siyahıya təxminən 120 ölkənin, o cümlədən G7, G20, BRİKS, Avropa İttifaqı, həmçinin digər beynəlxalq təşkilatların, o cümlədən BMT, ATƏT və Avropa Şurasının nümayəndələri daxildir. Rusiya konfransa dəvət olunmayıb.
Xatırladaq ki, İsveçrə Prezidenti Viola Amherd yanvarın 15-də Vladimir Zelenski ilə görüşündən sonra ukraynalı həmkarının ondan sülh formulu əsasında sammit keçirməyi xahiş etdiyini deyib.