AZ

Bakı Forumunda “Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda panel iclası keçirilib

Bakı, 2 may, AZƏRTAC

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də Azərbaycanın Mərakeş Krallığındakı, eyni zamanda, Qambiyadakı səfiri Nazim Səmədovun moderatorluğu ilə “Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci panel sessiyakeçirilib.

AZƏRTAC xəbər verir ki, mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında tarixi İpək yolunun bərpasının Avropa, Qara dəniz, Xəzər dənizi və Asiya regionlarında təbii ehtiyatlardan istifadəyə və qarşılıqlı faydalı əməkdaşlığa hər zaman kömək etdiyini bildirib. Azərbaycanın mövcud zəngin təbii xammal ehtiyatı və Avropadan Asiyaya uzanan ticarət yollarında əlverişli coğrafi mövqedə yerləşməsi onun dünya birliyində nüfuzunun güclənməsinə imkan verib. Böyük İpək yolunun inkişafı təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının dirçəlməsində, onun mənəvi oyanışı və inteqrasiya prosesində misilsiz rola malikdir.

“Azərbaycan UNESCO-nun müxtəlif layihələrində fəal iştirak edir. Beynəlxalq Türk Akademiyası ilə sıx əməkdaşlıq qurulub. İlk dövrlərdə Şərq-Qərb əlaqələrinin yaxınlaşması prosesində əlaqələndirici amil rolunu oynayan Böyük İpək yoluna hazırda mədəniyyət yolu ilə yeni nəfəs verilməsi çox böyük önəm daşıyır", - deyə F.Cəfərov vurğulayıb.

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev qeyd edib ki, İpək yolu mövzusu bir sıra dövlətlər üçün böyük maraq kəsb edir. İpək yolu tarixi fenomenlərdən biridir. Türk millətləri bu yolun qorunub saxlanılması üçün çox səylər göstərib. Bəşər tarixində ilk transkontinental ticarət və diplomatiya yolu kimi qiymətləndirilən Böyük İpək yolu eradan əvvəl II əsrdən başlayaraq Çindən Qərb istiqamətində ticarət karvanlarının hərəkət etməsi sayəsində xarici ticarət əlaqələrinin yaranmasına səbəb olub.

“Odlar yurdu Azərbaycan hələ antik dövrlərdə Böyük İpək yolu zəncirində olduqca önəmli, strateji mövqeyə malik bir region kimi qiymətləndirilib. Şərq və Qərb ölkələri arasında ticarət yollarının ölkəmizin ərazisindən keçməsi Azərbaycanın bölgənin siyasi və iqtisadi inkişafında önəmli rolunu artırıb, - deyə Ş.Mustafayev əlavə edib.

UNESCO-nun İpək yolu üzrə nümayəndəsi Mehrdad Shahabang bildirib ki, İpək yolu tarixən texnoloji biliklərin ötürülməsində müstəsna rol oynayıb.

Şri-Lankanın UNESCO yanında daimi səfiri xanım Manişa Qunasekera İpək yolunun inkişafında Çinlə yanaşı, müxtəlif bölgələrin də böyük rol oynadığını diqqətə çatdırıb.

Diplomat qeyd edib: “Böyük İpək yolunun və Şərq-Qərb enerji dəhlizi sisteminin yaranması, mövcud və perspektivli nəqliyyat dəhlizləri XXI əsrin qlobal tarixi hadisələrindəndir. Müasir dövrdə Avropa və Asiyanın mərkəz hissəsində yerləşən, 34-dən çox dövlətin ərazisindən keçərək onları birləşdirən tarixi İpək yolunun əhəmiyyəti ölçüyəgəlməzdir”.

Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışına da toxunan Manişa Qunasekera bildirib ki, Azərbaycanın baxışları “Bir kəmər, bir yol” təşəbbüsünün ümumi vizyonu ilə də üst-üstə düşür.

Qazi Universiteti Təhsil fakültəsinin Sosial elmlər təhsili bölməsinin professoru Bülent Aksoy diqqətə çatdırıb ki, İpək yolu qlobal ticarətdə çox böyük rol oynayır. Çindən başlayaraq Anadolu və Aralıq dənizindən keçib Avropaya uzanan ticarət yolu əsrlər boyu Şərqlə Qərb arasında ticarət mallarının daşınmasını təmin edıb. Aralarında Türkiyənin də olduğu 65 ölkənın iştirak etdiyi bu layihə dünya əhalisinin 60 faizə yaxınını, yəni, təxminən 4,4 milyard insanı əhatə edir. Layihənin ən mühüm məqsədlərindən biri dəmir və quru yolları, dəniz və hava limanları, qaz kəmərləri və digər infrastruktur layihələri həyata keçirərək qitələrarası inteqrasiyanı təmin etməkdir.

Seçilən
131
7
Mənbələr
Şərh ()
Bağla