AZ

Şərqlə Qərbi birləşdirən sülh və rifah körpüsü...

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın regionda və qlobal birlikdə sülhpərvər, humanist, rifah və qarşılıqlı fayda verən təşəbbüslərə açıq ölkə kimi qətiyyətli siyasət yürütdüyünə diqqət çəkdi. Dövlət başçısı bildirdi ki, müasir iqtisadi reallıqlar fonunda dünyada sülhə və əməkdaşlığa töhfə verən yeni əməkdaşlıq körpüləri bərpa edir, Qərb və Şərqin bütün nöqtələrini vahid bir dostluq platformasında yer almasına səylər göstərir. Bu, Azərbaycanın Avrasiyanın yeni əməlkdaşlıq quruculuğunda fəal ölkə olmasının təzahürdür.

Azərbaycanın böyük iradə və əzmkarlıqla 30 il əvvəl əsasını qoyduğu Şərq-Qərb enerji diplomatiyasını hazırda yeni müstəvidə və çağırışlar fonunda daha da şaxələndirərək enerji amilinin birbaşa rifaha və partnyorluğa xidmət etməsinin dərin təminatlarını da möhkəmləndirmiş olur. Dünyanın yeni gündəliyi olan “yaşıl hidrogen” missiyası Azərbaycanın enerji diplomatiyasının yeni trendi kimi daha çox diqqətedici hala çevrilib və ölkəmiz beynəlxalq koalisiya üzvləri arasında daim yeni təşəbbüs və ideyalarla çıxış edərək “yaşıl əməkdaşlığın” dərinləşməsində töhfəverici rol oynayır. Cənab Prezidentin vurğuladığı kimi COP29 kimi qlobal məsuliyyəti üzərinə götürmüş Azərbaycanın indi əsas başlıca rolu körpülərin salınmasındadır. Avropa təsisatları ilə olan münasibətlər, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz strateji məkan bu kommunikasiyaların dərin bağlarını uzunömürlü etməkdə mühüm əhəmiyyət daşıyır. 

Azərbaycan COP29-u sadəcə enerji platforması, iqlim dəyişiklikləri ilə mübarizədə bir vasitə və həll formatı hesab etmir, ölkəmizin COP anlayışına münasibəti və mövqeyi daha planetar, daha genişşaxəlidir. Azərbaycan COP-29 platformasını davamlı və uzunmömürlü həmrəylik və qarşılıqlı etimad proqramı kimi görür və bu platformaya qoşulan ailənin daim fayda verəcək qərarlarla bir yerdə olmasını vacib sayır. Çünki iqlim dəyişiklikləri ilə mübarizə beş illik, on illik bir strateji konsept deyil, bu sahə birbaşa enerji və karbohidrogen amilləri ilə sıx bağlı olduğundan ətraf mühitə təsirlər uzun illər davam edəcək və koalisiya üzvləri indiki neft-qaz, kömür və digəe enerji resurslarının istifadəsinin istismarı fonunda təmiz enerji qurucluğunda məhz əlaqələndirilmiş şəkildə müsbət irəliləyişlər əldə edə bilərlər. Azərbaycanın dövlət başçısının haqlı olaraq qeyd etdiyi kimi qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməmək lazımdır, bu davranışın davam etdirilməsi müsbət yox, əksinə mənfi fəsadlara gətirib çıxara bilər. 

Azərbaycan bu kimi meyilləri yüz ölçüb-biçərək enerji amilindən maksimum diqqətlə, uzaqgörənliklə istifadə edir, 30 ildən artıqdır ki, neft-qazı iqtisadiyyatın inkişafında məqsəd deyil, vasitə kimi idarə edir və bu siyasətin kökündə yenə də başqa ölkələrin rifahına xidmət edən humanist yanaşma var. Eləcə də hazırda üstün mövqeyə qalxan qaz amili də Avropanın enerji təhlükəsizliyinə töhfə vermək məqsədi daşıyır. Yəni neft və qaz digər layihələr kimi enerji təchizatları zincirində yalnız ölkələr və qitələr arasında körpülərin salınmasına yönəlib. Həmin iqtisadi diversifikasiyanın yeni şaxəsi olan “yaşıl enerji” də məhz bu müdrik diplomatiyanın və qətiyyətli enerji kursunun prinsiplərinə söykənir. Azərbaycan dövlətinin “yaşıl hidrogen” proqramlarında da əsas partnyorları sırasında Avropa ölkələri xüsusi yer tutur. Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. “Yaşıl enerji”nin əsas ixrac marşrutu olan “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin son nöqtəsi də Avropadır.

Beynəlxalq nəqliyyat marşrutlarının əsas qovşaqlarından birinə çevrilən Azərbaycanın Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən və ticarət əlaqələri üçün mühüm bağlantıya çevrilən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) də Şərq-Qərb arteriyasının bir seqmentidir. Bu dəhliz qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaldır və böyük bir coğrafiyada iqtisadi inteqrasiyanı böyütməklə regional inkişafa ciddi təkan yaradır. Həmçinin beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına töhfə verir. Orta Dəhlizin mühüm və etibarlı tərəfdaşlarından birinə çevrilən ölkəmiz beynəlxalq nəqliyyat koalisiyası ilə bu istiqamətdə sıx əməkdaşlıq etməkdədir. Yəni bu koridor da Şərq-Qərb dəhlizi də iqtisadi səmərə, rifah və dostluq körpüsünü möhkəmləmləndirəcək. 

Azərbaycanın nəqliyyat-tranzit gündəliyində yer alan digər prioritet layihə kimi Azərbaycanın Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən və Türkiyənin Qars bölgəsinə bağlantını təmin edən nəqliyyat kommunikasiyalarının yaradılması da strateji vəzifədir.  Zəngəzur dəhlizi Orta Dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir və region ölkələrinin tranzit potensialının tam şəkildə reallaşdırılmasına xidmət edəcək: Zəngəzur bağlantısının həyata keçirilməsi dəhlizin tutumunu artıracaq və çatdırılma müddətlərini daha sabit edəcək. Hesablamalara görə, bu marşrut Orta Dəhlizin ötürmə qabiliyyətini ildə 8-10 milyon ton artıracaq. Zəngəzur dəhlizi həm də regiona davamlı sülh və təhlükəsizlik gətirəcək, ölkələr arasında ticarəti və əməkdaşlığı yaxşılaşdırmaqla etimad və sabitliyin yaranmasına kömək edəcək. 

Beləliklə, Azərbaycan həm təşəbbüskar, həm təchizatçı, həm də beynəlxalq enerji koalisiyasının coğrafiyasını genişləndirən, Şərq və Qərb arasında körpü yaradan dövlət kimi strateji mövqeyini və siyasi coğrafiyada yerini möhkəmləndirir. 

ELBRUS CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
7
yeniazerbaycan.com

5Mənbələr