AZ

“Forza Neftçi” tribunaya qayıtdı, “Göyqurdlar” qınadı

“Neftçi” – “Turan Tovuz” oyunu ərəfəsində maraqlı hadisə baş verib.

Belə ki, azarkeşlərin boykot qərarından bezən paytaxt klubu onlara müraciət edib:
“Əziz "Neftçi" azarkeşləri! Bizi qarşıda həlledici oyunlar gözləyir. Son 5 döyüşdə azarkeşlərimizin dəstəyinə ehtiyacımız var. İndiyə qədər olan proseslərdə gözləntiləri qarşılaya bilmədik. Ancaq düşünürük ki, hazırkı vacib məqamda "Neftçi" adına hamımızın birləşmək zamanıdı. Həmişə çətin vaxtlarda klubunun yanında olan siz azarkeşləri bir olmağa və komandamıza tribunadan dəstək verməyə çağırırıq. İnanırıq ki, yalnız birlikdə uğurlu nəticələr əldə edə bilərik. Odu ki, “Forza Neftçi” və digər azarkeşlərimizi bu vacib oyunlarda komandamızın yanında olmağa çağırış edirik. “Neftçi" ailəsinin çətin zamanda necə bir olduğunu göstərmək zamanıdı!”.


“Forza Neftçi” klubun çağırışından dərhal sonra bəyanat yayaraq, tribunalarda olacağını açıqladı:
“Klub tərəfindən edilmiş çağırışa “Neftçi” adını nəzərə alaraq cavab verir, eləcə də keçdiyimiz günlər ərzində Müşahidə Şurası ilə təşkil olunmuş görüş zamanı klubun vəziyyəti, bundan əvvəl olanlar və qarşıdakı hədəflər haqqında müzakirələr apardığımızı bildirərək mövqeyimizi açıqlayırıq.

Klubun dirçəlməsi və layiq olduğu yerlərə qayıtması məqsədi ilə növbəti 5 oyunun vacibliyini qeyd edir, son zamanlar başverənlərin və flaqmanın adına layiq olmayan hadisələrin təkrarlanmayacağına ümid edirik. Həmişə arxasında durduğumuz komandanın bu çətin - 5 oyunluq periodunda yanında olacağımızı bildiririk. Biz - azarkeşlər yenə də öz üzərimizə düşəni edəcəyik. Sizlər də atacağınız hər addımın azarkeşlər tərəfindən dəqiqliklə izlənəcəyini bilməli və prioritetinizin “Neftçi” adının yüksəklərdə saxlanması olduğunu sübut etməlisiz”.


Maraqlıdı ki, bu xəbər sosial şəbəkələrdə yer alandan sonra paylaşımın “şərhlər” hissəsində “Göyqurdlar” azarkeş qrupunun rəhbəri Elnur Şərifli narazılıq edib. Görəsən, nədən narazıdılar? Bu sualı “Göyqurdlar”ın rəhbəri Elnur Şərifliyə ünvanladıq:
“Bir azarkeş kimi “Neftçi”nin çempion olmadığı hər mövsümdə mən narazı qalacam. Heyətin 90 faizi dəyişməli, klubda futbolla əlaqəsi olan şəxslər çalışmalıdı. Klubda futboldan xaric hər sahədən işçilər var. Ona görə də “Neftçi” hazırda ağır vəziyyətdədi. Kluba can yandırmayan, onun uğurlarında maraqlı olmayanlar gedənə qədər, fikrimcə, heç bir uğurdan danışmaq olmaz. “Neftçi”ni bu vəziyyətə azarkeş salmayıb ki, kimsə azarkeşi qınasın və ya kömək istəsin. “Kəpəz” kimi bu klubun da maliyyə problemi olsaydı,onu heç kim qınamayacaqdı. Yəni əldəki vəsaitlə ancaq bu qədəri olur. Hamımız bilirik ki, SOCAR komandamıza əla dəstək verir. Ancaq bu dəstəyə qiymət verilmədi və SOCAR-ın “Nefçi”yə verdiyi bütün dəstək yerə vuruldu. İndi isə hər şeyi bərbad vəziyyətə salandan sonra azarkeşdən kömək istəmək, fikrimcə, doğru deyil”.


ƏSƏD SEYİDOV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
football-plus.az

1Mənbələr