AZ

ABŞ və Avropa “TikTok”u bağlayır- Azərbaycan da ayıq olmalıdır...

Image

Yadigar Məmmədli: “Qayda-qanun orada demək olar işləmir və o platformanı tənzimləmək mümkün deyil”

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, bu platforma "təhlükəli” olduğu üçün ABŞ-ın ardınca Avropa İttifaqı da "TikTok"u qadağan edə bilər.

O, bu barədə seçkiqabağı debatda deyib: “Bu istisna olunmur. Biz "TikTok"un təhlükələri barədə dəqiq bilirik”. Lyayen xatırladıb ki, Avropa Komissiyası dünyada "TikTok"u korporativ telefonlarında qadağan edən ilk qurumdur. Hazırda Aİ-də "TikTok"a qarşı "Rəqəmsal xidmətlər haqqında” (DSA) qanuna uyğunluqla bağlı iki araşdırma aparılır. Platformanın Aİ-dəki auditoriyası 45 milyon aktiv istifadəçiyə çatır.

Məlumat üçün qeyd edək ki, aprelin 24-də ABŞ prezidenti Co Bayden platformanın sahibi, Çin texnologiya şirkəti "ByteDance” tərəfindən yaxın 270 gün ərzində ABŞ-dakı biznesini satmadıqda "TikTok"u ölkədə qadağan edən qanun layihəsini imzalayıb. Öz növbəsində Çin rəsmiləri "TikTok"un ABŞ-da məcburi satışının qarşısını alacaqlarına söz veriblər. 

O da məlumdur ki, “TikTok”un fəaliyyəti Azərbaycanda da birmənalı qarşılanmır. Platformada əxlaqa, mənəviyyata və digər məsələlərə zidd videolara yer verilir. Bu baxımdan ABŞ, Aİ-dən sonra Azərbaycanda da “TikTok”un fəaliyyətinə məhdudiyyət tətbiqi ola bilərmi?

“O üzdən, Azərbaycanda da “TikTok”un bağlanması istisna olunmur” 

Sözügedən məsələyə aydınlıq gətirən media eksperti Yadigar Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, zərurət yaranarsa, məhdudiyyət mümkündür: “Sosial şəbəkələr içərisində ən geniş yayılan “TikTok” platformasıdır. Ancaq “TikTok”un çox geniş yayılması həm də müəyyən problemlər yaradıb. Yaranan problemlər ondan ibarətdir ki, “TikTok” izləyicilərinin çoxu həddi-büluğa çatmayan şəxslərdir. Hesab edirəm ki, bu, platformanın başlıca pis cəhətlərindən biridir. Mövcud tendensiya uşaqların psixologiyasına, tərbiyəsinə, əxlaqına mənfi təsir edir. Üstəlik, digər sosial şəbəkələrlə müqayisədə “TikTok”da fəallıq daha yüksəkdir. Qayda-qanun orada demək olar işləmir və o platformanı tənzimləmək mümkün deyil. Məsələ ondadır ki, “TikTok” digər sosial şəbəkələrlə müqayisədə həddən ziyadə məlumatlar yayır. Həmin məlumatların da böyük hissəsi həm qanunlara ziddir, həm də adət-ənənələrə, etik qaydalara. Məhz bu kimi səbəblərdən Birləşmiş Ştatlarda, Avropa İttifaqında “TikTok”un qadağan edilməsi gündəmə gəlib. Çox güman ki, bu platformanın fəaliyyəti məhdudlaşdırılacaq. Artıq proseslər buna doğu gedir. Bir sıra digər ölkələrdə də bu gündəmdədir. Azərbaycan da bənzər vəziyyətdədir. Ölkəmizdə “TikTok” şəbəkəsindən narazılıq getdikcə artır. Mətbuatda da dəfələrlə bu məsələ gündəmə gəlib. Bununla bağlı müəyyən müzakirələr keçirilib. O üzdən, Azərbaycanda da “TikTok”un bağlanması istisna olunmur. Bununla bağlı müəyyən məhdudiyyətlər qoyula bilər. Son nəticədə platformanın bağlanmasını istisna etmirəm. Çünki əndazəni aşan məqamlar həddən artıq çoxdur”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
50
baki-xeber.com

10Mənbələr