AZ

“Sabah” “dənizçilər”in Avropa yoluna daş qoydu - REPORTAJ

Matçı izləmək üçün stadiona təşrif buyuran azarkeşlərin sayında ciddi artım yox idi.

Görünür, nə “Iphone 15”, nə də başqa hədiyyələr futbolsevərlərin diqqətini cəlb etmişdi. Halbuki məhz oyunun əhəmiyyəti anşlaqa səbəb ola bilərdi. Çünki hər iki komanda avrokuboklara iddialıdı və oyun bu yöndə şansların qorunması baxımından önəmli idi.

Gözləntilər tribuna baxımından çoxunu yanıltsa da, meydanda yaşananlar proqnozları haqlı müstəviyə daşıdı. Oyun meydan sahiblərinin ciddi təzyiqiylə başladı. “Sabah” bütün gücüylə hücum edir, rəqibin müqavimətini qırmağa çalışırdı. Belədə ilk təhlükəli vəziyyət özünü çox gözlətmədi. 7-ci dəqiqədə Amin qapı önünə ötürmə edərək rəqibə qorxu yaşatdı. Burda topun Sekidikaya çatmasına Səlahət mane oldu. Təcrübəli qolkiper cəld davranıb topa yiyələndi. “Səbail”in operativ cavabının müəllifi isə Queta oldu. Portuqaliyalı yarımmüdafiəçi Ramalinqomun ötürməsindən sonra bəxtini sınadı. Bu dəfə yük Yusifin çiyinlərinə düşdü ki, qolkiper sınaqdan üzüağ çıxdı.Qarşılıqlı hücumların bir-birini izlədiyi ərəfədə Parrisin hesabı erkən açmaq istəyi reallaşmadı. Daha dəqiqi, yamaykalının uzaqdan zərbəsinin qarşısını Səlahət aldı.

“Dənizçilər” 16-cı dəqiqədə qazanılan cərimə zərbəsindən də xeyir görmədi. Nunonun qapı önünə ötürməsindən sonra Yusif qol vurmağa yaxın oldu. Lakin adaşı bu dəfə də dəqiq müdaxiləylə qonaqları məyus etməyi bacardı. Bayıl təmsilçisinin şansları boşa verməsi, təbii ki, cəzalandırıla bilərdi. Bu ehtimal 22-ci dəqiqədə həqiqətə çevrildi. Parris küncdən zərbəylə topu oyuna daxil edərək Sekidikaya çatdırdı. Sonuncunun İrasabalı vaxtında gördü. Hücuma qoşulan mərkəz müdafiəçisinin “çərçivə”ni dəqiq nişan aldığını gördük. İspaniyalının qolu rəqabəti qızışdırmaya bilməzdi. Bu ərəfədə “Səbail” növbəti kəsərli hücumla yadda qaldı. Queta sürəti hesabına irəli atılmaqla cərimə meydançasına daxil oldu. O, “çərçivə”ni nişan almağa hazırlaşırdı ki, Hadudinin müdaxiləsi komandasını xilas etdi. Mərakeşli müdafiəçi birbaşa topa zərbə endirərək rəqibi dayandırdı. Qonaqların hesabı bərabərləşdirmək cəhdlərinin növbəti səhnəsi də istənilən sonluqla bitmədi. Bu dəfə Nuno Rüfətin ötürməsiylə qazandığı topu tora qovuşdura bilmədi. Çünki Yusif həmin gün ayıq-sayıq və keçilməz idi!

Şanslardan yararlana bilməyən Bayıl təmsilçisinin növbəti dəfə 39-cu dəqiqədə cəzalandırıldı. Burda Sekidika Yusifi keçərək qapı önünə ötürmə edən Parrisin əziyyətini yerdə qoymadı. O, “yuxulayan” “dənizçilər”in buraxdığı boşluqdan məharətlə istifadə etdi.

İkinci hissə üçün fərqli ssenarilər düşünmək olardı. “Sabah”ın fərqi daha da artırması və ya “Səbail”in boykot qərarından vaz keçən azarkeşlərinə xoş sürpriz etməsi kimi gözləntilər var idi. Lakin nə meydan sahibləri, nə də “Səbail” qapıya yol tapa bilmədi. Əvvəl Yusif növbəti baxımlı seyvlə yadda qaldı. Qolkiper akrobatik zərbəylə qol vurmaq istəyən Ramalinqomu “zərərsizləşdirdi”. Ardından Belfodil “çərçivə”ni dəqiq nişan ala bilmədi. Daha doğrusu, fransalı hücumçunun “raket”i tirdən qayıtdı. “Səbail”in sonuncu şansını Nuno boşa verdi. Baxımlı oyunuyla tanınan portuqaliyalı bu dəfə qeyri-dəqiq zərbəylə yadda qaldı. Son dəqiqələrdə tərəflərin bir-birini müqavimətini qırmağa çalışmasına şahidlik etdik. Lakin yorğunluq özünü göstərirdi, hesabın “Sabah”a sərf etməsiylə yanaşı, “Səbail”in taleyi ilə barışması dinamikanı azaltdı. Beləliklə, “bayquşlar” hədəfə doğru daha bir addım atdısa, “dənizçilər”in ümidi azaldı.

Gözdən qaçmadı
* “Səbail”in “Dənizçilər” fanklubu boykot qərarını ləğv edərək stadiona dönmüşdü. Azarkeş qrupunun rəhbəri Atif Rüstəmli qəzetimizə boykotun 1 oyunu əhatə etdiyini dedi.
* Oyunu tribunadan izləyənlər arasında “Sabah”ın yeni elit fanklubu “Fratelli del Sabah” da var idi.
* “Sabah” azarkeşləri 82-ci dəqiqədə meydana çıxan Ağabala Ramazanovu “Masazıra xoş gəldin, Ağabala” şüarıyla salamladı.
* Matçdan əvvəl deyildiyi kimi, klub oyundan sonra müsabiqə keçirərək qalib azarkeşlərə “Iphone 15”, planşetlər, 1000və 500 manatlıq hədiyyə kartları verdi.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
football-plus.az

1Mənbələr