AZ

Neftin qiymətindəki dəyişiklik iqtisadiyyata necə təsir edə bilər – EKSPERT AÇIQLADI

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-2025-ci illər üçün neft və qaz qiymətləri ilə bağlı proqnozunu açıqlayıb. Bu barədə mətbuat konfransında açıqlama verən AMB-nin sədri Taleh Kazımov bildirib ki, 2024-cü ildə bir barel neftin orta qiymətini 85,7 ABŞ dolları səviyyəsində proqnozlaşdırır. 2025-ci ildə isə bir barel neftin orta qiymətinin 83,5 ABŞ dolları olacağı gözlənilir. Həmçinin qaz qiymətləri bu il üçün min kubmetrə 281 ABŞ dolları, gələn il üçün isə 299 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Məsələ ilə bağlı Avtosfer.az-a iqtisadçı-ekspert Eldəniz Əmirov münasibət bildirib.

O qeyd edib ki, növbəti il üçün Mərkəzi Bankın neft qiymətləri ilə bağlı verdiyi proqnoz o qədər də aşağı ehtimal deyil: “Nəzərə alsaq ki, Azərbaycanda dövlət büdcəsində neftin qiyməti 60 dollardan götürülüb, hazırda ölkəmizdə neftin 90 dollar ətrafında satıldığını müşahidə olunur. Bu il üçün neftin təxmini orta qiyməti 86-87 dollardır. Bunun növbəti ildə də təxminən bir dollar aşağı və ya yuxarı olmaq şərti ilə 85 dollar həcmində olacağını düşünürəm”.

Ekspert bu göstəricilərin Azərbaycan iqtisadiyyatına necə təsir edəcəyindən də danışıb.

Onun sözlərinə görə, Azərbaycanda neft hasilat həcmləri azalır: “Bu azalma ixracın həcminə, bu da təbii ki, daxil olan valyutaya təsir göstərir. Getdikcə neft gəlirlərinin azalması qaçılmaz olacaqdır. Bunun üçün qeyri-neft sektorunun inkişafı əvəzedilməz bir zərurətdir. Qeyri-resurs iqtisadiyyatının inkişafına diqqətin bütünlüklə artırılması, prioritet sahə olaraq daha da diqqət mərkəzinə alınması çox vacibdir. Həmçinin hədəfin regionlara yönəlməsinə çox böyük ehtiyac var. Bunun üçün isə ev təsərrüfatlarının inkişaf etdirilməsi önəmlidir”.

Məhəbbət Tərlanoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
avtosfer.az

1Mənbələr