AZ

Bu bizim ailəmiz üçün ən böyük Şuşa mükafatıdır – Kərim Kərimli

Tezliklə Azərbaycanın dilbər guşəsi olan Şuşaya köç baş tutacaq. Prezident İlham Əliyevin tapşırığı əsasında mədəniyyət paytaxtımız Şuşaya qayıdışla bağlı artıq püşkatma mərasimi keçirilib və mənzillərin açarları sahiblərinə təqdim olunub.

Şuşa sakini, jurnalist Kərim Kərimli öz doğma yurduna qayıdışının xoşbəxtliyini Herbiand.az-la bölüşdü:

“32 ildir bu günü gözləmək çox çətindir. 8 may 1992-ci ildə Şuşadan çıxmışam. Mayın 14-də Bakıya gəlmişəm. İşğaldan 6 il, 3 ay, 22 gün sonra beynəlxalq jurnalist heyətinin tərkibində Şuşaya getmişəm. O zaman 3 saat Şuşada oldum. Şuşa azad olunduqdan sonra ilk dəfə 2021-ci il avqustun 29-da yenidən doğma yurda ayaq basdım. Həmin vaxt yaşadığım o xoşbəxt anları sözlə ifadə etmək çox çətindir. Həmin gündən bu vaxta qədər bir neçə dəfə o yerləri ziyarət etmişəm. Lakin indi artıq doğma el-obamda yaşamaq üçün o yerlərə birdəfəlik gedəcəm. Bu gün mənim ən böyük xoşbəxtliyim odur ki, Şuşaya gedən ilk köç karvanında mən ailəmlə birgə daxiləm. Və bu bizim ailəmiz üçün ən böyük Şuşa mükafatıdır. 32 ilin tamamında öz doğma yurdumuza qayıtmaq ailəmizin ən böyük sevincidir. Və bu hissləri yaşadığım o böyük xoşbəxtlikdən dilə gətirməkdə çox çətinlik çəkirəm. Təsəvvür edin ki, 32 il bu arzunun reallaşacağı günü gözləyəsən və nəhayət, 32 ilin tamamında bu arzu çin olur. Bu an hisslərdən danışmaq asan deyil. Bütün varlığımı, qəlbimi minnətdarlıq hissi bürüyüb”.

Kərim Kərimli Qarabağın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızı çox böyük məhəbbətlə, ehtiramla yad etdi. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə bu xoşbəxtliyi onlara yaştdığı üçün öz təşəkkürünü bildirdi:

“Ali Baş Komandan 44 günlük Vətən müharibəsində hücum əmrini verdi və şanlı Azərbaycan Ordusu qısa müddətdə doğma torpaqlarımızı işğaldan azad etdi. Cənab Prezidentə böyük minnətdarlıq hissimi çatdırıram. Möhtəşəm Zəfəri bizə yaşadan qüdrətli Azərbaycan Ordusuna təşəkkür edirəm. Vətən müharibəsində bir yumruq altında birləşən Azərbaycan xalqı var olsun”.

Elnurə İSAXAN

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
36
herbiand.az

10Mənbələr