AZ

Muxtar Babayev: Heç bir ölkə iqlim dəyişikliyinin həllinə tək başına nail ola bilməz

Hazırda Azərbaycanın sosial-iqtisadi islahatlara əsaslanan inkişaf konsepsiyasında davamlı inkişafın bir komponenti olan yaşıl iqtisadiyyata keçid mühüm yer tutur. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.

APA xəbər verir ki, bunu “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı Beynəlxalq Təşkilatların III Zirvə Görüşündə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib. O bildirib ki, dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün yaşıl iqtisadiyyata keçid böyük əhəmiyyət kəsb edir.

Nazir qeyd edib ki, həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

"Son illər ölkədə “yaşıl iqtisadiyyat”ın inkişafı ilə bağlı mövcud olan potensialın reallaşdırılması istiqamətində qanunvericilik sahəsində müasir dövrün tələblərinə uyğun olaraq, islahatlar aparılır, dekarbonizasiya, yaşıl investisiyaların cəlbi, “yaşıl maliyyələşdirmə” təşəbbüslərinin dəstəklənməsi istiqamətlərində mühüm addımlar atılır", - deyə nazir qeyd edib.

O bildirib ki, ekoloji problemlərdən biri olan qlobal iqlim dəyişmələri dayanıqlı inkişafın nəinki ekoloji, həm də iqtisadi və sosial aspektlərinə ciddi təsir göstərir. O qeyd edib ki, heç bir ölkə iqlim dəyişikliyi kimi universal məsələlərin həllinə tək başına nail ola bilməz və effektiv əlaqələrin və əməkdaşlığın qurulması vacibdir.

Nazir Muxtar Babayev deyib ki, son zamanlar həyata keçirilmiş layihələr hesabına enerji səmərəliliyi və alternativ enerji mənbələrindən istifadə göstəriciləri yüksəlir.

Nazir deyib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində ölkə rəhbərliyi tərəfindən verilmiş region iqtisadiyyatının yaşıllaşdırılması ilə bağlı mühüm qərarlar iqlim dəyişmələrinin təsirlərinin azaldılması üçün imkanlar yaradır.

O bildirib ki, bu ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir:

"Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl artım konsepsiyasının tərkib hissəsi kimi işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi və burada karbon neytrallığı hədəfinə nail olunması istiqamətində siyasət həyata keçirilir.

Bu il ölkəmiz, həmçinin metan emissiyalarının azaldılması üzrə “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulub. Bütün bunlar Azərbaycanın dünyanın etibarlı “yaşıl enerji” tərəfdaşı kimi mövqeyini gücləndirir".

“Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadə ilə bağlı mühüm su təsərrüfatı infrastruktur layihələri icra olunur. Su itkilərinin qarşısının alınması məqsədilə suvarma kanallarının yenidən qurulması və bərpası, içməli su mənbələrinin yaradılması, həmçinin su ehtiyatlarının artırılması və yeni su anbarlarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir", - deyə nazir qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
50
apa.az

10Mənbələr