AZ

Sülh prosesini əngəlləmək Ermənistandakı etiraz aksiyalarının vasitəsilə mümkün görünmür – Politoloq

Ermənistanda hal-hazırda baş verən hadisələr, o cümlədən etiraz aksiyaları ilk növbədə sülh prosesinə qarşı yönəlib.

Bu fikirləri Herbiand.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, delimitasiya, demarkasiya prosesinin gedişi ilə bağlı əhalinin həssas hissiyatlarına toxunmaqla onları prosesə cəlb etməyə çalışırlar:

“Bu, prosesi əngəlləməklə ümumi sülh prosesini əngəlləmək niyyətini güdür. Etiraz aksiyalarını təşkil edən qrupların əksəriyyəti radikal və revanşist müxalifəti təmsil edən qüvvələrdir. Onlar da vaxtilə Azərbaycan torpaqlarını işğal edib bundan faydalanan Rusiyaya bağlı Qarabağ klanının tərəfdarları və onların elektoratıdır. Amma etiraz aksiyalarının miqyasına baxdığımızda bunun hələlik ciddi təhdid edəcək səviyyədə olmadığını görməkdəyik. Əgər Paşinyan hakimiyyəti siyasi iradə və konstruktivlik nümayiş etdirərsə, proses irəliyə doğru müsbət istiqamətdə davam edə bilər. Yəni prosesi əngəlləmək bu etiraz aksiyalarının vasitəsilə mümkün görünmür”.

Politoloq onu da əlavə edib ki, əgər gələcəkdə bu etriaz aksiyalarının dalğası böyüyərsə və Paşinyan hakimiyyətinə təhdid yaradacaq səviyyəyə gələrsə, o zaman sülh prosesi əngəllənə bilər:

“Hal-hazırki durumda bu marginallaşmış qrupların etirazlarıdır. Və onlar hələlik Ermənistan cəmiyyətində ciddi dəstək qazanmayıb. Lakin bölgədə marağı olan və gərginliyin qalmasını istəyən qüvvələr təbii ki, mümkün qədər bu etiraz aksiyalarının miqyasını böyütməyə çalışacaq və prosesi əngəlləmək istəyəcəklər. Hər-halda bu, daha çox Ermənistandakı daxili siyasi vəziyyət və hakimiyyətin mövqeyindən asılı olacaq”.

Elnurə İSAXAN  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
herbiand.az

1Mənbələr