AZ

ÇL-də format dəyişikliyi: “Qarabağ” üçün nə dəyişəcək?

Həyatda heç nə yerində dayanmır, dəyişir və inkişaf edir. Hətta məhvə məhkum olanlar belə yerini daha mükəmməl bir sistemə verir.

Bu, futbolda da belədir. Milyonların sevimli oyunu yarandığı gündən etibarən formadan formaya düşüb. Buraya təkcə qaydaları və taktiki inqilabı aid etmək olmaz. Futbolda həm də reqlamentlər dəyişir. İstənilən bir turnir zamanın tələblərinə görə formatını dəyişir.

Məsələn, 1930-cu ildə keçirilən 13 komandalı ilk dünya çempionatı ilə son mundialın reqlamenti arasında yerlə göy qədər fərq var. Hələ növbəti dünya çempionatında format bir qədər də yenilənəcək.  Təbii ki, dünya çempionatında komandaların sayının artımı dövrün tələblərinə görə həyata keçirilir. Amma elə turnirlər var ki, orada dəyişikliklər yekdil istəyə görə həyata keçirilmir.

Qarşıdakı mövsümdə Çempionlar Liqasının formatı da məhz süni şəkildə dəyişikliyə uğrayacaq. Halbuki, buna qədər, yəni 1955-ci ildən 1992-ci ilə qədər təşkil olunan Çempionlar Kuboku dövrün tələblərinə əsasən sonradan öz yerini Çempionlar Liqasına verdi. Yəni, artıq beyinlər dəyişmiş, insanlar pley-off sistemindən bezmişdilər.  Ona görə də yeni qrup mərhələsi ilə keçirilən turnir ad dəyişikliyinə gətirib çıxardı.

Bu sistem hələ uzun müddət də belə gedə bilərdi. Amma “Bayern” və PSJ-ni istisna etməklə Avropanın oliqarx klublarının Superliqa yaratmaq istəyi və cəhdi UEFA-nı narahat etməyə başladı. Təbii ki, Superliqa siyasi dillə desək, separatçılığa yol açacağına görə ali futbol qurumunu qorxutdu. Burada əsas məqsəd gəlirlərin düzgün bölüşdürülməməsinə etiraz idi. Amma aparıcı klublar dairəvi sistemlə turnir keçirmək istəyi ilə də alışıb yanırdılar. Qrup mərhələsi isə bu ideyanın yanında sönük görünürdü. Ona görə də UEFA “separatçılar”ı ələ almaq və yola gətirmək üçün Çempionlar Liqasının formatını dəyişmək qərarına gəldi.

Təkrarçılıq olsa da, qısaca olaraq qeyd edək ki, yeni formatda 32 yox, 36 komanda əsas mərhələdə mübarizə aparacaq. Yeni formata əsasən, turnir İsveçrə sistemi əsasında keçiriləcək. Bununla da ilkin final mərhələsində hər komanda 4-ü səfərdə, 4-ü evdə olmaqla 8 oyun keçirəcək. Bunun nəticəsində turnir cədvəli formalaşdırılacaq və ilk 8 yeri tutan komanda ÇL-in 1/8 finalına birbaşa vəsiqə qazanacaq. Digər 8 vəsiqə uğrunda 9-24-cü yerlər tutan komandalar pley-off formatında mübarizə aparacaq.

Bəs, Azərbaycan çempionu, yəni “Qarabağ” ora düşmək üçün nə etməlidir? Komandamız ora necə düşə bilər? Doğrudur, sistem o qədər qarışıqdır ki, onu tam dəqiqliyi ilə müəyyənləşdirmək çətin olacaq. Çünki həlledici mərhələyə vəsiqə əldə etmək üçün klubun dadına öz ölkəsinin reytinqi çatmayacaq. Bu yarışda iştirak etmək hüququ qazanan hər bir komanda öz reytinqinin sayəsində pley-offda özünə yer edə biləcək. Lap yüksək reytinqli ölkələrin komandaları birbaşa həlledici mərhələyə yüksələcəksə, ortabablar o mərhələyə yaxın “ərazilər”də qərarlaşacaq. Bir sözlə, kimi pley-offdan mübarizəyə qoşulacaq, kimi isə ən birinci mərhələdən. Bəs, “Qarabağ” harada qərarlaşıb?  Gəlin, buna cavab axtaraq.

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümündə qızıl medalları sona 8 tur təmin etmiş “Qarabağ” əslində, yayda Çempionlar Liqasında 1-ci təsnifat mərhələsindən başlamalı idi. Amma qitənin ən nüfuzlu klub turnirinin gələn mövsümdən etibarən yeni format üzrə keçirilməsi Ağdam təmsilçisininin işinə yarayacaq.

Qitə futbol qurumunun rəsmi saytında dərc olunan reqlamentin 3-cü maddəsinin 4-cü bəndində bu barədə qeyd olunub. “Çempionlar Liqasının qalibi öz ölkə çempionatı vasitəsilə turnirin qrup mərhələsinə vəsiqə qazanarsa, onun boş saxlayacağı yer bu qaydada doldurulacaq: bu vakansiya Çempionluq Yolunda (ölkələrin reytinqində 11-55-ci yerlərdə olanlar) ən yaxşı fərdi əmsalı olan kluba verilir. Hər növbəti boş yeri isə əvvəlki mərhələdə ən yüksək fərdi əmsalı malik klub doldurur.

Hazırda Çempionlar Liqasında 4 klub qalıb. “Real “, PSJ və “Bayern”in yeni mövsümdə turnirin qrup mərhələsinə vəsiqəni təmin ediblər. Almaniyanın da böyük ölçüdə yeni mövsümdə qitənin ən nüfuzlu klub turnirində 5 komanda ilə təmsil olunacağını nəzərə alsaq, yuxarıdakı abzasda qeyd olunanlar reallaşacaq. UEFA aprelin 22-də paylaşdığı məqalədə bu məsələyə bir daha aydınlıq gətirməyə çalışıb. Orada Donetsk “Şaxtyor”unun 63,000 xalla ən yüksək fərdi əmsala malik olduğu göstərilib. Beləliklə, Çempionlar Yolunun pley-offunda başlamalı olan Ukrayna təmsilçisi yeni qaydalara görə birbaşa qrupa düşəcək. Bəs, onun boş qalan yeri necə olacaq?

Burada isə hələlik qeyri-müəyyən vəziyyətdir. Qitə futbol qurumu məsələ ilə bağlı dəqiq məlumat verməyib. Bu da anlaşılandır, axı cari mövsüm hələ başa çatmayıb. Amma onu söyləmək lazımdır ki, burada “zəncir prinsipi” həyata keçiriləcək. “Şaxtyor”u “Srvena Zvezda”, “Srvena Zvezda”nı Təl-Əviv “Makkabi”si, israilliləri “Ferentsvaroş”, macarları “Yanq Boyz” izləyir. Məhz isveçrəlilərdən sonra “Qarabağ” gəlir. Hər şey də bu komandaların öz ölkələrində çempion olub-olmamağından asılıdır. Bir sözlə, “Qarabağ” həlledici mərhələyə yüksəlmək üçün ən pis halda 4, ən yaxşı halda isə 3 mərhələ keçməlidir.  Ona görə də indiki vəziyyətdə gözləmə mövqeyi tutmaq lazımdır. Təbii ki, Avropada milli çempionatlar bitdikdən sonra biz bu mövzuya yenidən qayıdacağıq. Amma mövzuya yekun vurmamışdan əvvəl mümkün uğursuzluqdan da danışmalıyıq.

“Qarabağ” ÇL-in 1-ci təsnifat mərhələsində uduzsa, KL-in 2-ci təsnifat mərhələsinə, ÇL-in 2-ci təsnifat mərhələsində uduzsa, AL-in 3-cü təsnifat mərhələsinə, ÇL-in 3-cü təsnifat mərhələsində uduzsa, AL-in pley-off mərhələsinə, ÇL-in pley-offunda uduzsa isə AL-in qrupuna düşəcək. Hər halda, şər deməsən xeyir gəlməz. Yenidən xeyirə qayıtmaq ümidi ilə…

FƏRİD

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla