AZ

“Baş məşqçi təyinatı olmayıb” - “Araz Saatlı”nın prezidenti danışdı

23-cü turun “Karvan”la qarşılaşmasından sonra (2:4) “Araz Saatlı”nın baş məşqçisi Rüfət Quliyev istefa verib. 1-ci liqanın autsayderinin komandanın “sükan arxasına” kimi gətirdiyi də bəllidi. Bu, mövsümün əvvəlində 4 tur komandanı çalışdıran Şəhriyar Məmmədovdu. Hətta deyilənə görə, köhnə-yeni baş məşqçinin qarşısına “Araz Saatlı”nı çempionatda saxlamaq tələbi qoyulub.

Maraq üçün bildirək ki, Aran təmsilçisi Məmmədovla 4-cü turda “İrəvan”la matçda böyükhesablı məğlubiyyətdən sonra “sağollaşmışdı”. Daha doğrusu, Şəhriyar bəy baş məşqçi postundan getsə də, klubda idman direktoru kimi çalışırdı.

Görəsən, mövsümün sonuna yaxın köhnə baş məşqçi niyə geri qayıtdı?

Məsələni aydınlaşdırmaq üçün “Araz Saatlı”nın prezidenti Ədalət Abdullayevə müraciət etdik. Ədalət bəy “Football-plus.az”a əvvəlcə Rüfət Quliyevin istefasından danışdı:

“Rüfət Quliyev yetərincə peşəkar, nəticəsi olan məşqçidi. 6 ay komandanın “sükanı arxasında” oldu. Əlindən gələnin artığını etməyə çalışdı. Bütün variantları yoxladıq. Təəsüf ki, bunlar da nəticələrə təsir etmədi. Bu gün komanda yenə sonuncu pillədədi. “Karvan”la oyundan sonra qarşılıqlı razılıq əsasında Rüfət bəyi yola saldıq”.

Klub rəhbəri yeni təyinatın olmadığını, seçim üçün mövsümün bitməsini gözlədiklərini vurğuladı:

“Bildiyiniz kimi, Şəhriyar Məmmədov əvvəl baş məşqçi idi. Martda idman direktoru təyin etdik. Həmçinin lisenziyalaşdırma ilə bağlı fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyətdə idi. Qarşıda 4 oyun var. Qısa müddət üçün yeni baş məşqçi gətirməyi məqsədəuyğun saymadıq. Köməkçi məşqçimiz son oyunda “qırmızı” aldığı üçün bu vəzifəni Şəhriyar bəyə tapşırdıq. Bildirmək istəyirəm ki, yeni təyinat yoxdu. Sadəcə, bu müddətdə komandanı meydana Şəhriyar bəy çıxaracaq. Növbəti mövsümdən yeni baş məşqçi təyin olunacaq”.

RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
football-plus.az

1Mənbələr