AZ

Hərbçi "maliyyə generallarının" "çin-çin cinayətləri” açılır- "yollar Sadıxova aparır”…

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Image

Mehman Muradlı: “Ən azından, məhkəmə Nəcməddin Sadıqovun şahid qismində dindirilməsini təmin etməlidir ki, səslənən ittihamlara aydınlıq gətirilsin”

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Prosesdə sabiq Qərargah rəisi Nəcməddin Sadıxovun əleyinə açıq ifadələr verilir. Təqsirləndirilən idarə rəislərindən biri deyib ki, işlədiyi dövrdə 2 dəfə Maliyyə və Büdcə İdarəsinin rəisi işləmiş Nizami Məmmədova pul verib: “Nəcməddin Sadıxov məni kabinetinə çağıraraq 2018-ci ildə 300 min, 2019-cu ildə isə 500 min manat verdi ki, Nizami Məmmədova çatdırım. Mən də onun tapşırığını icra etmişəm. Bu pulun hansı səbəbdən verilməsindən xəbərim olmayıb. Mən Baş Qərargah rəisinin göstərişlərini icra etmişəm. Hansı şirkətlərlə bağlı müqavilə bağlamaq lazımdır, buna da Baş Qərargah rəisi göstəriş verib. Şirkətlərdən gələn təklifləri, eyni zamanda, bağlanan müqavilələrlə bağlı Baş Qərargah rəisinə məruzə etmişəm. Baş Qərargah rəisi də məni çağırıb deyirdi ki, hansı şirkətlə müqavilə bağlamaq olar, hansı ilə olmaz. Şirkətlərlə bağlı komissiya 12 nəfərdən ibarət olub. Burda bir neçə nazirliyin nümayəndəsi təmsil olunub. Komissiyanın sədri isə mənim müavinim idi. Tenderlərdə əsasən “Azərsun Holdinq” və onun törəmə şirkətlərinə iştirak etmək icazəsi verilib”.

Belə ifadələrin fonunda Nəcməddin Sadıxov məsuliyyətə cəlb edilə bilərmi? Bunun üçün hansı hüquqi prosedurlar mövcuddur?

Hüquqşunas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu prosesdə Nəcməddin Sadıxov təqsirləndirilən kimi tanınmayıb: “Məhkəmənin gedişindən bu aydın hiss edilir. Belə olsaydı, biz generalı məhkəmə zalında oturan görərdik. Hazırda Müdafiə Nazirliyinin sabiq əməkdaşları ifadə verir və orada konkret adlar çəkirlər. Bu o demək deyil ki, məhkəmədə kimin adını çəkdilərsə,  mütləq mənada onu təqsirləndirən kimi prosesə cəlb etmək olar. Məhkəmə praktikalarından görürük ki, adətən təqsirləndirilənlər belə taktikadan özünümüdafiə məqsədilə də istifadə edirlər. Ancaq burada məsələ daha ciddidir. Ortada konkret rəqəmlər səslənir. Ola bilər ki, bu ifadələr istintaq dönəmində də verilib və bu yöndə istintaq hərəkəti də aparılıb. Əlimizdə rəsmi sənəd olmadığı üçün deyə bilmərik ki, Nəcməddin Sadıxov bu iş üzrə ifadə verib, ya yox. Ola bilər ki, verib və istintaq onu şahid kimi cəlb edib. Belədirsə, mütləq gəlib məhkəmədə şahid kimi dindiriləcək. Bu olmayıbsa, onda səslənən bu tip ciddi ittihamlar mütləq mənada məhkəmə istintaqında  araşdırılmalıdır. Faktlar təsdiqini tapdığı və ya  əsaslı şübhələr ortaya çıxdığı təqdirdə məhkəmədə həmin şəxs barədə xüsusi qərardad çıxarılır və araşdırılması üçün ibtidai istintaqa göndərilir. Bu da olmasa, ən azından məhkəmə Nəcməddin Sadıxovun şahid qismində dindirilməsini təmin etməlidir ki, səslənən ittihamlara aydınlıq gətirilsin. Deyilən mövzu ilə bağlı hüquqi prosedur bu şəkildə tənzimlənir”.

Məhəmmədəli QƏRİBLİ





Seçilən
31
Mənbələr
Şərh ()
Bağla