AZ

Ermənistan-İran hərbi sazişi imzalana bilər...

Image

Ramil Məmmədli: “... real hesab etmirəm”

“Ermənistan və İran arasında hərbi müqavilə imzalanmalıdır. Bu, ölkəmizin təhlükəsizlik problemlərinin həlli üçün olduqca vacibdir”. Bu təkliflə Ermənistan parlamentinin üzvü Anna Qriqoryan çıxış edib.

İki ölkə arasında əlaqələrin inkişafı üçün potensialın çox yüksək olduğuna əminliyini ifadə edən deputat İranın Ermənistanın ərazi bütövlüyünün qorunması ilə bağlı çoxsaylı bəyanatlar səsləndirdiyini vurğulayıb. Qriqoryan qeyd edib ki, İranın Ermənistanın ərazi bütövlüyünü dəstəkləyən sərt bəyanatlarına baxmayaraq, hazırda iki ölkə arasında konkret hərbi saziş yoxdur. Deputat əmin olduğunu bildirib ki, İranın regional sərhədlərin qorunması ilə bağlı mövqeyi dəyişməyəcək, çünki bu məsələ Tehranın “qırmızı xətt”idir: “İranın Ermənistanın ərazi bütövlüyünü qoruyub saxlamaqla bağlı bir neçə dəfə bəyanatlar verməsi ilə yanaşı, iki ölkə arasında münasibətlər hələ də çox yüksək inkişaf potensialına malikdir. Hazırda iki ölkə arasında konkret olaraq hərbi sahədə heç bir razılaşma yoxdur. Belə bir hərbi sazişin bağlanması təhlükələrə nəzarət etmək və qarşısını almaq üçün zəruridir”.

“Ermənistan belə bir addım atsa, bu, Qərbdə xoş qarşılanmayacaq” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, praktiki baxımdan bu o qədər də real görünmür: “Bəli, Ermənistanda İranla hərbi əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlər var. Müəyyən siyasi çevrələr, ekspertlər hesab edir ki, hərbi əməkdaşlıqla bağlı Ermənistanla İran arasında saziş olsa, bu, onların təhlükəsizliyi üçün faydalı olar. Ancaq bu təşəbbüsü hakim partiya və Qərbə yaxın siyasi qüvvələr dəstəkləmir. Onlar hesab edirlər ki, Ermənistan belə bir addım atsa, bu, Qərbdə xoş qarşılanmayacaq. İranda səfərdə olan deputat Anna Qriqoryanın belə bir təkliflə çıxış etməsi hakimiyyətin bunu dəstəkləməsi anlamına gəlmir. Çünki A.Qriqoryan parlamentdə müxalif “Hayastan” blokunu təmsil edir. Bu blok da sabiq prezident Robert Köçəryana bağlıdır. Hamıya bəllidir ki, parlamentdəki hər iki müxalif blok Rusiyaya yaxındır. Rusiyanın da İranla yaxınlığı fonunda A.Qriqoryanın belə bir təkliflə çıxış etməsi təəccüblü deyil. İran zatən necə mümkündürsə Ermənistana yardım edir. Belə bir məqamda hansısa hərbi sazişin imzalanması Qərbin narazılığına səbəb olar. Nəzərdən qaçırmaq olmaz ki, Ermənistanda Qərbin artmaqda olan hərbi-kəşfiyyat iştirakçılığı həm də İrana qarşı yönəlib. Burada başlıca məqsəd Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaqdırsa, digər məqsəd İran barədə məlumatlar toplamaqdır. Hətta lazım gələrsə, Ermənistan ərazisindən istifadə etməklə İranda müəyyən diversiyaların törədilməsi də istisna deyil. O baxımdan iki ölkə arasında qarşılıqlı hərbi sazişin imzalanacağını real hesab etmirəm”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
baki-xeber.com

2Mənbələr