AZ

Ermənilər "Marağa genosidi" adlı yeni nağıl uydurublar- 32 il də yaş veriblər...

Image

Elnur Kəlbizadə: “Həmin dövrün hadisələrini təhlil etdikdə aydın şəkildə görürük ki, bu, uydurmadan başqa bir şey deyil” 

Ermənistanda 30 ildən yuxarıdır ki, Ağdərə rayonunun Marağa (indiki Şıxarx) kəndində guya ermənilərə qarşı “soyqırım” törədildiyi barədə uydurmalar gündəmə gətirilir. O qədər ağlasığmaz yalanlar uydururlar ki, adam bunların “istedad”ına lap məəttəl qalır.

Erməni yalanları bütün dünyanı başına götürüb. Onlar son 30 ildə “Marağa soyqırımı” adlı bir nağıl düzüb-qoşublar ki, bu nağılı da beynəlxalq təşkilatlara qədər daşıyıb  apara biliblər.  

Marağada İrandan ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə abidə də ucaldılmışdı, amma sonradan ermənilər Qarabağa gəlmə olduqlarının izini itirmək üçün o abidəni dağıtdılar. 

İndi də bir qrup erməni ortaya düşüb BMT-yə müraciət edib ki, guya 32 il əvvəl Azərbaycanın Marağa kəndində ermənilər “soyqırım”a məruz qalıblar. 

Özünü “Girdiman, Şirvan, Naxçıvan” “ümumerməni ittifaqı” kimi qələmə verən bir qondarma təşkilatın tarixdə baş verməyən “Marağa qətliamının” 32-ci ildönümünə həsr olunmuş  məktubu BMT-nin rəsmi sənədi kimi yayılıb. 

Bu üzdəniraq təşkilat sözügedən məktubda Azərbaycanla bağlı qərəzli, şər-böhtan dolu fikirlər səsləndirib. Guya Azərbaycanda hakimiyyət səviyyəsində ermənilərə qarşı bütöv bir “soyqırım silsiləsi”, “qırğınlar və məcburi deportasiyalara səbəb olan ayrıseçkilik siyasəti” həyata keçirilib (?).

Onların məktubunun BMT sənədi kimi yayıldığı qeyd olunur. 

“Bununla bağlı heç bir tutarlı faktları, sənədləri yoxdur” 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, dosent Elnur Kəlbizadə “Bakı-Xəbər”ə şərhində “Ümumiyyətlə, qeyd etmək lazımdır ki, 2020-ci il müharibəsindən sonrakı dövrdə Ermənistanın siyasi hakimiyyəti  bir tərəfdən beynəlxalq aləmdən dividendlər qazanmağa,”məzlum erməni” və “məzlum Ermənistan” obrazı yaratmaqla daha çox gəlir əldə etməyə, eyni zamanda bir “sülhpərvər Ermənistan” obrazı yaratmağa çalışıb. Amma reallıqlara baxdıqda, Ermənistanın daxili reallıqlarına diqqət yetirdikdə biz bir şeyi aydın şəkildə görürük. Ermənistan daxilində, xüsusən 2020-ci ildən sonra yaradılan təşkilatlar aydın şəkildə göstərib ki, bu ölkə nəinki Azərbaycanın Qarabağ regionuna olan iddialarından gerçək anlamda əl çəkməyib, tam əksinə, Azərbaycanın digər bölgələrinə də ərazi iddialarını ideoloji zəmində gücləndirməyə çalışır. Yaradılmış qondarma “Girdiman, Şirvan, Naxçıvan” “ümumerməni ittfaqı” da məhz belə qurumlardan biridir. Ermənistan hökuməti bu ittifaqı nə qədər qeyri-hökumət təşkilatı kimi qələmə verməyə çalışsa da, əslində Ermənistan bu təşkilatın fəaliyyətlərinə görə məsuliyyət daşıyır. Nəzərə almaq lazımdır ki, bu təşkilatın qurucusu olan və ona rəhbərflik edən şəxs Ermənistan parlamentinin deputatıdır. Beləliklə də, Ermənistan hakimiyyəti bir tərəfdən sülh  barədə       danışır, digət tərəfdən isə dolayı yollarla, ya da birbaşa özünün nəzarəti altında olan təşkilatlar formalaşdıraraq Azərbaycana                              qarşı təcavüzkar iddialarını irəli sürür. Təbii ki. biz tarix boyunca ermənilərin ən müxtəlif formalarda özlərini “məzlum xalq” kimi göstərməkdən ötrü saxta tarix yaradıcılığının şahidi olmuşuq.    

İndi də “Girdiman, Şirvan, Naxçıvan” “ümumerməni ittifaqı” adından BMT-yə bir məktub göndərilib. Bu məktub da ermənilərin daha bir uydurmasını “əsaslandırmaq” məqsədi güdür. Ermənilər iddia edirlər ki, 1992-ci ilin aprelində Qarabağ  bölgəsində,Tərtər və Ağdərə rayonları arasındakı ərsazidə yerləşən Marağa kəndində guya  hansısa    “qətliamlar” törədilib, “qırğınlar” olub. Həmin dövrün hadisələrini təhlil etdikdə aydın şəkildə görürük ki, bu uydurmadan başqa bir şey deyil”-deyə E.Kəlbizadə qeyd etdi. 

E.Kəlbizadənin sözlərinə görə, ilk növbədə nəzərə almaq lazımdır ki, 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə erməni silahlıları, sonrakı dövrdə Ermənistanın prezidenti olmuş quldur, qaniçən Serj Sarkisyanın və digər səhra komandirlərinin rəhbərliyi altında azərbaycanlılara qarşı XX əsrin ən böyük soyqırımlarından birini törədiblər. “BMT-nin hansısa soyqırımla, hansısa qətliamla bağlı sənəd yaymaq kimi bir missiyası varsa, ilk növbədə Xocalı soyqırımı ilə bağlı sənəd qəbul edilməlidir, çünki Xocalı soyqırımı ilə bağlı faktlar ortadadır, onu törədənlərin etirafları ortadadır, videofaktlar, fotofaktlar var və sair. Eyni zamanda ikinci məsələ ondan ibarətdir ki, ermənilərin uydurma hadisə ilə bağlı özlərinin qlobal internet məkanında yerləşdirdikləri məqalələri oxuduqda aydın şəkildə bir məsələni görürük - müxtəlif xarici müəlliflərə istinad edərkən o xarici müəlliflərin ifadələrindən də görünür ki, onların bir çoxu həqiqətən belə bir hadisənin olub-olmaması məsələsini sual altında qoyur. Digər bir qrup isə belə bir hadisənin azərbaycanlılar tərəfindən törədildiyini istisna edir və əslində hadisəni kimlərin törətdiyini dəqiq şəkildə bilmədiklərini deyirlər. Azərbaycan ordusu, azərbaycanlılar tərəfindən belə bir “qətliam”törədilməyib. Hətta belə bir hadisə baş      vermişdisə belə, bunu erməni quldur dəstələrinin özləri, Ermənistandan gəlmiş ordu  hissələri və daşnaklar həyata keçiriblər. Məqsəd də azərbaycanlılara qarşı nifrəti daha da alovlandırmaq olub. Sonrakı dövrdə də  yeni ərazilərin işğalı üçün bəhanə əldə etsinlər. Heç də təsadüfi deyil ki, ermənilər 1993-cü ilin may ayının əvvəllərində Azərbaycanın strateji əhəmiyyətə malik daha iki bölgəsini - Şuşanı və Laçını işğal etdilər. Bu işğal prosesi həyata keçirilərkən azərbaycanlılara qarşı qırğınlar törədilib. Bütün ənənəvi tarixi uydurmalarında olduğu kimi, bu uydurmada da ermənilərin  yaddaş pozğunluğu yaşadıqları, yaxud da öldürülənlərin sayını artırdıqları görünür. İlk vaxtlar ermənilər orada guya 30-35 insanın öldürüldüyünü deyirdilər, sonrakı dövrdə bu sayı 37-45 arasında təqdim etdilər. Son dövrlər isə həyasızcasına iddia edirlər ki, orada 50-yə yaxın insan öldürülüb, 100-ə yaxın şəxs girov götürülüb. Amma bununla bağlı heç bir tutarlı faktları, sənədləri yoxdur. Bu  baxımdan, bugünkü Ermənistanın hakimiyyət nümayəndələrinin verdiyi bəyanatları dəyərləndirərkən bu cür kontekstlər də nəzərə alınmalıdır. Ermənistan hakimiyyəti, dövləti gerçəkdən sülh, sabitlik istəyirsə, Azərbaycana qarşı ərazi iddialarında olan terror fəaliyyətlərinin həyata keçirilməsini planlaşdıran bu cür təşkilatların fəaliyyətinə və ikiüzlülüyə son qoymalıdır”-deyə E. Kəlbizadə bildirdi.    

İradə SARIYEVA





Seçilən
128
14
Mənbələr
Şərh ()
Bağla