AZ

İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər

İrəvan bineyi-qədimdən azərbaycanlıların şəhəri, eyni adlı vilayətin və yarımmüstəqil feodal dövlətin – İrəvan xanlığının mərkəzi olub. Bu mübahisə predmeti deyil və ola bilməz.
 
Bu xanlığı idarə edən 36 hökmdarın ad-soyadı, sülalələri, idarəçilik müddətləri detallarına qədər bəllidir. Aralarında bir erməni və ya ris yoxdur.
 
Ancaq İrəvan 1918-ci ildə yaranmış Azərbaycan dövlətinin şəhəri, ərazisi olmayıb. Bu şəhər və mahal 1827-ci ilin oktyabrında Rusiya imperiyası ordusu tərəfindən işğal edilib, 90 il boyunca Rusiyanın quberniyalarından biri olub.
 
İrəvan qalasının işğal planı Sankt-Peterburqda hazırlanıb. İlkin plan əvvəlcə Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı Aleksey Yermolovun (1816-1827) etirazlarına görə, sonra isə baş qərargah rəisi İvan Dibiç-Zabalkanski tərəfindən dəyişdirilib.
 
1827-ci ilin mayında general Aleksandr Benkendorf İrəvan ətrafına gəlib, ancaq şəhəri mühasirəyə almayıb. Benkendorfun niyyəti İranın vəliəhd şahzadəsi Abbas Mirzənin düşərgəsinə hücum etmək olub.
 
Daha sonra general Paskeviç Sərdarabad qalasını ələ keçirərək, İrəvana doğru hərəkət edib. Krasovski mühasirə qoşunlarının başçısı təyin edilib. İrəvan qalasına rəhbərliyi xanın qardaşı Həsən xan Qacar edib. Qüvvələr qeyri-bərabər olub, bir həftəlik müqavimətdən sonra şəhər ruslar tərəfindən işğal edilib və İrəvan xanlığı süqut edib. İrəvanın işğalında çar ordusunda xidmət edən erməni hərbçilərin də rolu olub və onlar böyük şadyanalıq ediblər.
 
1828-ci ilin fevralında isə Qacarlar dövləti və Rusiya imperiyası arasında imzalanan Türkmənçay müqaviləsinin şərtlərinə görə, İrəvan xanlığı Rusiya imperiyasının tərkibinə keçib. Bundan sonra İrəvan və Naxçıvan xanlığı, həmçinin Ordubad mahalının ərazisində qurulan erməni vilayəti İranda və Osmanlı imperiyasında yaşayan ermənilərin bu mahallara miqrasiyası üçün cazibə mərkəzi olub. Axışıb gəliblər, köçürülüblər, bir yerə komalaşıblar ki, sonrada nəsə bir dövlət qursunlar.
 
Başqa sözlə, İrəvanın ermənilərin əlinə keçməsi tarixi 1918-ci ildən yox, 1827-ci ildə hesablanmalıdır. 1828-ci ildən ta 1988-ci ilə qədər İrəvanda aborigen xalq – Azərbaycan türkləri yaşasalar da, gerçək budur ki, quberniya ruslar və onların yanında yavərlik edən ermənilər tərəfindən idarə olunub.
 
1918-ci ildə Qafqazda üç dövlət yaranması ideyası ortaya çıxanda artıq İrəvan mübahisəli ərazi durumunda qalıb. Tarixən azərbaycanlıların yurdu, vətəni olduğu üçün yenicə yaranan Azərbaycan dövlətinin bu mahala iddiası təbii idi. Ancaq beynəlxalq arenada hələ Azərbaycan dövlətinin özünü de-yure tanımırdılar, ona görə də onun İrəvan üzərində yurisdiksiyası yox idi.
 
Bu məsələyə taarixi və hüquqi baxımdan yanaşmaq bir başqa şeydir, siyasi baxımdan yanaşmaq başqa şey.
 
1 gün əvvəl elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri o dövrün reallıqlarına uyğun hərəkət etməli olublar. Onlar əksinə də edə, İrəvanın 1 gün əvvəl elan edilmiş Ermənistanın paytaxtı olmasına rüsxət verməyə də bilərdilər. Ancaq bu şəhəri nəylə, necə, hansı qüvvəylə qoruyacaqdılar?
 
O zaman erməni hərbi birləşmələri Bakı, Quba, Şamaxı, Qarabağ və Naxçıvanda, Türkiyənin şərq mahallarında, eləcə də İranda sözün əsl mənasında at oynadarkən, qırğınlar törədərkən, erməni silahlıların qarşısında yalnız laçınlı Sultan bəyin hərbi dəstəsi qoşunu dayanıb. Bir də “Axırıncı aşırım” filminin qəhrəmanı Abbasqulu bəy Şadlinski elatını öz puluyla yaratdığı “Qırmızı tabor” vasitəsilə qoruya-qoruya İrana aparıb.
 
"Qırmızı tabor" 1918-ci ilin yayında Vedibasar bölgəsində yaradılıb. Bu hərbi birləşmə erməni-daşnak quldur dəstələrinin Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətlərin, qətliamların qarşısını alıb. Ermənilər bölgədə hərbi-siyasi baxımdan güclü olublar və əlləri çatan hər yerdə terror rüzgarı əsdiriblər.
 
Bəzən biz indiki gücümüzü, qüdrətmizi nəzərdə tutaraq 100-120 il əvvəlin tarixi hadisə və proseslərinə inikas etdirir, “o zaman filan mövqeyi tutsaq, daha yaxşı olardı” deyə mülahizə yürüdürük. Ancaq indiki reallıqlar başqadır, o vaxtkı reallıqlar tamam başqa olub. Tək bir faktı deyək, 100 il öncə bu boyda ölkədə ali təhsilli adamların sayı 60-a çatmırmış. Nizami ordu yoxmuş, yalnız ayrı-ayrı varlı və qeyrətli adamların təşkil etdiyi könüllü birləşmələr varmış və onlar da azsaylı, həm də yaxşı silahlanmamış haldaymış.
 
Ona görə də deputat Kamal Cəfərov bu tarixi hadisələrə yenidən qayıdaraq, siyasi ittihamçı rolunda çıxış etmək əvəzinə bunun araşdırılmasını obyektiv tarixçilərin öhdəsinə buraxsa, daha faydalı ola bilər.
 
Əslində hələ 8-9 il əvvəl bu barədə, İrəvanın ermənilərə necə verilməsi xüsusunda xeyli detallar açıqlanıb. Amma hətta ölkə ziyalılarının 90 faizi onları oxumayıb.
 
Əsas məsələ odur ki, İrəvan Azərbaycan türklərinin əzəli məskənidir, vaxtilə bu mahalda yaşamış soydaşlarımızın müasir nəvə-nəticələrinin o torpağa qayıtmaq hüququ var, amma Azərbaycan dövlətinin İrəvana rəsmi iddia irəli sürmək hüququ varmı, yoxmu, bu, artıq beynəlxalq qanunlarla tənzimlənir. /Musavat.com/
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
1
Mənbələr
Şərh ()
Bağla