AZ

Azərbaycanın "Ukrayna siyasətinin" şəffaflığına daha bir sübut...

Image

Mübariz Göyüşlü: “Azərbaycanın mövqeyi başdan bəri məlumdur, Ukraynaya yalnız humanitar baxımdan dəstək olur”

“Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən yenidən qurulacaq”.Bunu İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib.

"Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbaycan humanist missiyasını davam etdirərək İrpendə dağılmış daha 4 obyektin yenidən tikintisini həyata keçirəcək. Biz Azərbaycana müharibədən əziyyət çəkən şəhərimizə davam etdirdiyi humanitar yardımına görə minnətdarıq", - mer əlavə edib.
 Məlumata görə,  Azərbaycan buna qədər İrpendə humanitar yardım çərçivəsində akademik Zərifə Əliyeva adına orta ümumtəhsil liseyini və şəhərdə iri xəstəxananı əsaslı təmir edib.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda “Biz Ukraynaya 30 milyon avrodan artıq humanitar və maliyyə yardımı etdik. Böyük Azərbaycan diasporunun olduğu və bir çox sosial infrastrukturun Azərbaycan tərəfindən bərpa edildiyi İrpen şəhərində yenidənqurma işləri aparırıq. Daha heç bir şey. Bizdən istənilsə də, biz Ukraynaya silah vermirik, bunu açıq şəkildə deyə bilərik, etməyəcəyik. Humanitar yardım - bəli, silah – yox, bu mənim cavabımdır...”-deyə bildirib. 

Azərbaycan dövləti Ukrayna ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoyub və bu ölkəyə humanitar baxımdan yardımlar edir. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, biz Ukraynaya silah vermirik, humanitar yardım göstəririk. 

Azərbaycan özü Qarabağda, Şərqi Zəngəzurda tikinti-quruculuq işləri aparır, bununla yanaşı həm də  Ukraynaya humanitar dəstək göstərir.  

“Azərbaycanın qonşularına, yaxından əməkdaşlıq etdiyi dövlətlərə münasibətdə mövqeyinin şəffaf olduğunu görə bilərik” 

Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan müstəqil siyasət yürüdən ölkədir və hər zaman öz humanist mövqeyi ilə seçilib. “Azərbaycanın qonşularına, yaxından əməkdaşlıq etdiyi dövlətlərə münasibətdə mövqeyinin şəffaf olduğunu görə bilərik. O cümlədən də Ukraynada müharibə başlayandan Azərbaycan Ukraynaya humanitar yardım göstərib və bu sahədə fəaliyyətini davam etdirir, buna görə də heç kəsdən çəkinməyib. Azərbaycanın mövqeyi başdan bəri məlumdur, Ukraynaya yalnız humanitar baxımdan dəstək olur. Dövlətimiz bunu da açıq bəyan edir”-deyə M.Göyüşlü vurğuladı.

M.Göyüşlü qeyd etdi ki, Ukraynada vəziyyət faciəvidir, ölkənin yarısı dağılıb. İrpen şəhərində dağılmış mülki obyektlərin yenidən tikilməsinin Azərbaycan tərəfindən həyata keçirilməsi, ölkəmizin  bu jesti dost Ukrayna xalqına indiki məqamda göstərilən ən böyük dəstəklərdən biridir. Bu, Azərbaycanın  beynəlxalq səviyyədə gerçəkləşdirdiyi humanitar, insani çalışmalarının və dost ölkəyə bəslədiyi münasibətin göstəricidir. Biz hər zaman öz beynəlxalq öhtəliklərimizə də bu cür diqqətlə yanaşırıq.
 Ukraynada hər hansı bir şəhəri və hansısa obyektləri bərpa etmək, yenidən qurub tikmək bizim öhdəliyimiz deyil, çünki bizim özümüzün ərazimizin böyük bir hissəsi    işğal dövründə dağıdılıb, indi azad ərazilərdə tikinti quruculuq işləri aparırıq. Bununla belə biz humanitar yardımlardan da geri qalmırıq”-deyə M.Göyüşlü bildirdi. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla