AZ

Elvin Abbasov: "“TikTok”-un bağlanmalı olduğu ölkələrdən biri də elə Azərbaycandır"

“TikTok” sosial şəbəkəsi artıq dünyanın bir çox ölkələrini hərəkətə gətirib. Əvvəlcə, ABŞ, indi də Avropa İttifaqı “TikTok” platformasını qadağan etmək niyyətində olduğunu açıqladı. Ardıcıl olaraq dünya dövlətlərinin bu addımı atmasına nə vadar etdi?

Mövzu ilə bağlı suallarımız cavablayan “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri, İT üzrə ekspert  Elvin Abbasov qeyd etdi ki, “TikTok”-un digər sosial şəbələrdən fərqlənməsinin əsas səbəblərindən bir orada hər hansı bir məlumatın çox sürətli formada insanlara çıxışıdır: 

“Digər sosial şəbəkələrdə  müəyyən daxili siyasət var. Bununla yanaşı, orada  müəyyən qaydalar, filtirlənmə tətbiq olunur. Lakin “TikTok” bu baxımdan tam sərbəstdir. Saniyələr içində kütləyə informasiyanı çatdırmağa qadir bir platformadır. “TikTok”-un mənfi cəhətlərindən biri də budur ki, orada hər  hansı bir intellektual kapitalı, bacarığı, təcrübəsi, elmi, ixtisası olmayan insanlar  öz yüngül və qeyri-etik davranışları ilə  kütlə tərəfindən rəğbət görə bilir. Bu qəbildən olan insanları kütlə məşhur edir. Bu hər bir ölkə üçün ürəkağrıdıcı məqamdır. İstedadlı şəxslər qala-qala ölkənin yararsız şəxsləri, qeyri-etik həyat tərzi yaşayan şəxslər “TikTok”-un yaratdığı şəraitlə məşhurlaşır. Bunun üçün də “TikTok” bir çox ölkədə birmənalı  qarşılanmır. Buna görə də bəzi ölkələrdə faydasız və mənasız hesab olunur”.

Azərbaycanda “TikTok”-un səviyyəsi hansı yerdədir?

 Ekspert qeyd etdi ki, "TikTok"-un yüksək dərəcədə zərər verdiyi ölkələrdən biri də Azərbaycandır:

 “Biz şahidi olduq ki, II Qarabağ müharibəsi və sonrakı anti-terror əməliyyatları  zamanı ölkəmizdə fəaliyyəti dayandırılan ilk sosial şəbəkə elə “TikTok” oldu. Belə sitiuasiylarda sosial şəbəkələr arasında ilk zərbə “TikTok”-dan gözlənilir. Çünki “TikTok”-da saxta xəbərlər, dövlət əleyhinə olan informasiyalar sürətlə yayılır. Bu da qəbul edilmir. “TikTok” bir çox baxımdan zərərli qəbul edilir. Bununla yanaşı, Azərbaycanın mentalitetinə, dilinə, dininə, əxlaq səviyyəsinə, milli-mənəvi dəyərlərinə qarşı  “TikTok”-da çox böyük hücum var. Məncə, “TikTok”-un  daha çox zərər verdiyi ölkələrdən biri də Azərbaycandır. “TikTok”-un bağlanmalı olduğu ölkələrdən biri də elə Azərbaycandır. Azərbaycanda “TikTok” çox böyük aura yaradıb. Biz bəyənmədiyimiz, tənqid etdiyimiz bir resursu  daha çox istifadə edirik. Çox təəssüf ki, buna görə də “TikTok”-da böyük Azərbaycan seqmenti var”.

Emin ŞİRVANZADƏ



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla