AZ

Oveçkin həm rekordçu oldu, həm də günahı boynuna götürdü

Milli Hokkey Liqasında konfransların 1/4 final seriyaları davam edir.

Daha doğrusu, seriyalardan biri artıq başa çatdı. Söhbət “Reyncers”lə “Vaşinqton”un mübarizəsindən gedir. Son üç gündə bu seriyada keçirilən iki oyun da paytaxt təmsilçisinin məğlubiyyəti ilə bitdi. Düzdü, “Kepitalz”ın ən parlaq ulduzu Aleksandr Oveçkin daha iki oyunda buz üzərinə çıxmaqla Stenli kuboku uğrunda oyun sayını 151-ə çatdırdı. 38 yaşlı ulduz həmvətəni İqor Larionovu (150) arxada qoymaqla pley-offda ən çox oyun keçirən rusiyalı hokkeyçilərin siyahısında 5-ci pilləyə yüksəldi. Oveçkin oyun sayında indi yalnız Sergey Fyodorov (183), Yevgeni Malkin (177), Sergey Zubov (164) və Pavel Datsyukdan (157) geri qalır. Düzdü, onun artıq bu il hesabını artırmaq imkanı olmayacaq. Ona görə ki, “Vaşinqton” “Reyncers”ə ilk dörd oyunun hamısında uduzmaqla mübarizəni dayandırdı. “Reyncers”in pley-offun növbəti mərhələsində “Karolina” – “Aylenders” cütünün qalibi ilə qarşılaşacağını da xatırladaq. Oveçkin komandasının mübarizəni dayandırmasına belə münasibət bildirdi:

“Seriyada məğlubiyyətlə barışmaq həmişə ağırdı. Yaxşı şanslarımız var idi. Sadəcə, qol vura bilmədik. Bizim “5-lik” çox qol vura bilmədi. Buna görə məni günahlandırın. Mən heç də yaxşı oynamadım. Bunun pley-offda sonuncu çıxışım ola biləcəyi ilə bağlı narahatlıq keçirirəmmi? Hələ bir neçə dəfə də Stenli kuboku uğrunda oynayacağıma ümid edirəm”.

MHL-də seçilən başqa rusiyalı hokkeyçilər də var. “Tampa-Bey”in qolkiperi Andrey Vasilyevski pley-offda qələbə sayına görə avropalı həmkarları arasında 1-ci pilləyə yüksəlib. Aprelin 28-də “Florida”nı 6:3 hesabıyla məğlub edən “Tampa-Bey” seriyada fərqi azaldıb. 29 yaşlı rusiyalı həmin gün MHL-in pley-offunda 66-cı qələbəsini qazanıb. Bu göstəricidə Dominik Qaşeki (65) arxada qoyan Andrey avropalı qapıçılar arasında yeni rekordçudu. Onun bütün qitələrdən olan qapıçılar arasında isə 12-ci yerdə qərarlaşdığını xatırladaq.

27 aprel
Vaşinqton – Reyncers 1:3 (1:2, 0:1, 0:0)
Seriyada hesab – 0:3.
Neşvill – Vankuver 1:2 (0:1, 0:1, 1:0)
Seriyada hesab – 1:2.
Kolorado – Vinnipeq 6:2 (1:0, 0:2, 5:0)
Seriyada hesab – 2:1.
Los-Anceles – Edmonton 1:6 (0:3, 1:1, 0:2)
Seriyada hesab – 1:2.
Aylenders – Karolina 3:2 2ОТ (0:1, 1:0, 1:1, 1:0)
Seriyada hesab – 1:3.

28 aprel
Tampa-Bey – Florida 6:3 (3:0, 1:3, 2:0)
Seriyada hesab – 1:3.
Toronto – Boston 1:3 (0:1, 0:2, 1:0)
Seriyada hesab – 1:3.
Veqas – Dallas 2:3 ОТ (0:1, 2:1, 0:0, 0:1)
Seriyada hesab – 2:1.
Kolorado – Vinnipeq 5:1 (1:1, 3:0, 1:0)
Seriyada hesab – 3:1.

29 aprel
Neşvill – Vankuver 3:4 ОТ (1:1, 1:0, 1:2, 0:1)
Seriyada hesab – 1:3.
Vaşinqton – Reyncers 2:4 (1:2, 1:0, 0:2)
Seriyada hesab – 0:4.
Los-Anceles – Edmonton 0:1 (0:0, 0:1, 0:0)
Seriyada hesab – 1:3.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla