AZ

İran bu addımı atarsa, Cənubi Qafqazda təhlükəsizliyə, sülhə problem yaratmış olar – Siyasi şərhçi

Ermənistan parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Anna Qriqoryan İrana səfəri zamanı İran və Ermənistan arasında hərbi sazişin imzalanmasını müsbət hal kimi dəyələndirib. Əgər bu baş verərsə, regionda proseslərin hansı istiqamətə dəyişə biləcəyi artıq sual altında qalır.

Mövzu ilə bağlı Herbiand.az-a münasibət bildirən siyasi şərhçi Sədrəddin Soltanın sözlərinə görə, Rusiya ilə İran arasında münasibətləri nəzərə alsaq, Anna Qriqoryanın İran televiziyasında Azərbaycana qarşı danışmasının məntiqi ardıcıllığını görə bilərik:

“Ermənistanla İran arasında hərbi sahəyə dair müxtəlif razılaşmalar var. Çünki ötən ay Ermənistanın hərbi rəsmiləri İranda səfərdə olub və səfər zamanı bir sıra razılaşmanın əldə olunduğu xəbərləri yayılmışdı. Hətta İrandan Ermənistana təyyarə vasitəsilə hərbi texnikaların daşındığına dair məlumatlar da mətbuatda yer almışdı. Odur ki, Anna Qriqoryan iki ölkə arasında hərbi sazişin və ya müqavilənin bağlanması ilə bağlı yenilik etmir”.

Siyasi şərhçi Anna Qriqoryanın məlum çıxışında daha çox Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasına qarşı çıxdığını deyib:

“Eləcə də Zəngəzur və yaxud Naxçıvan yolu ilə bağlı məsələləri tənqid edib, buna etirazını bildirib. Bu İran hakimiyyətinin mövqeyidir. Yəni Köçəryanın partiyası ilə İran hakimiyyətinin Zəngəzur yoluna, Azərbaycan-Ermənistan sərhədlərində delimitasiyaya münasibəti oxşardır”.

Sədrəddin Soltan İran Ermənistanla hərbi sahədə saziş imzalayarsa, bu ilk növbədə Qərbi, ABŞ-ı narahat etməli olduğunu vurğulayıb:

“Çünki Ermənistan silahlı qüvvələrinə İran silahlarının verilməsi artıq Ermənistanın hərbi strukturuna İranın müdaxiləsidir. Çünki bu silahlarla bağlı müxtəlif məsələlər var ki, orada İranın iştirakı da mümkündür. Ona görə İran Ermənistanla hərbi sahəyə dair razılaşma imzalamaqla, yaxud saziş bağlamaqla həm də bu ölkənin silahlı qüvvələri ilə əlaqəyə daxil olur. Əlaqələrin olması isə Ermənistanın hərbi potensialının öyrənilməsi və onun hərbi əməkdaşlıq etdiyi ölkələrlə münasibətlərinin dəyərləndirilməsinə imkan yaradır”.

Siyasi şərhçi onu da vurğulayıb ki, İran Cənubi Qafqazda Ermənistanın silahlanmasında Azərbaycan və Ermənistan münasibətlərini nəzərə almır.

“Əgər İran Ermənistanla hərbi sahədə əməkdaşlığa dair müqavilə imzalayarsa, bu Tehran hakimiyyətinin Azərbaycanın maraqlarını nəzərə almaması deməkdir. Ona görə İran bu addımı atarsa, Cənubi Qafqazda təhlükəsizliyə, sülhə problem yaratmış olar”, - deyə o qeyd edib.

Elnurə İSAXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla