AZ

"Rasim Musabəyov genetikaya söykənən bir açıqlama verib, vaxtilə babası..." - Fəzail Ağamalı

Bir neçə gün əvvəl Milli Məclisin deputatı Rasim Musabəyovun İTV-nin efirində Başkəndin Ermənistana verilməsi ilə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. 

O, daha sonra özünün feysbuk hesabında “Birinci Qarabağ müharibəsi zamanı qoşunlarımız tərəfindən işğal olunmuş Gədəbəy rayonunun Başkənd kəndi" deməklə yenidən gündəmə gəlib.

Rasim Musabəyovun bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Siyasi şərhçilər, politoloqlar və millət vəkillərini onun bu çıxışına iradlarına bildiriblər. Sözügedən açıqlama erməni mediasında da geniş müzakirə olunub.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Fəzail Ağamalı dedi ki, Rasim Müsabəyov, eyni zamanda onunla bərabər çıxış edən Anar İsgəndərlinin bu məsələdəki fikirlərinə münasibəti son dərəcə mənfidir.

"Azərbaycanın milli və dövlət maraqlarına zidd olan yanaşmalardır. Rasim Musabəyov görünür ki, genetikaya söykənən bir açıqlama verib. Vaxtilə Rasim Musabəyovun babası və eyni zamanda atasının bibisi olan Ayna Sultanova Azərbaycanın tarixi torpaqlarının 20 min kvadrat kilometrinin digər bolşeviklərlə bərabər Ermənistana verilməsinin tərəfdarı kimi çıxış etmiş və bu torpaqlar Ermənistana veriləndə onu alqışlarla qarşılamışdılar. İndi sanki tarix təkrar olunur, Musabəyov Başkəndin Ermənistana verilməsi kimi cəfəng fikirləri ortaya qoyur. Təbii ki, bu fikirlər məni tək narahat etmədi, kifayət qədər qıcıqlandırdı. Bu insanlar görünür ki, milli mənafeyi və milli maraqları heç vaxt əsas götürməyib. İkinci bir tərəfdən sənə kim ixtiyar verib ki, hansı bir səlahiyyət çərçivəsində bu təkliflə çıxış edirsən? Bununla bağlı ölkə Prezidentinin ayırmış olduğu, sərhədlərin müəyyənləşməsi ilə bağlı xüsusi komissiya var. Bu komissiyaya ölkənin Baş nazirinin müavini, çox dəyərli bir dövlət adamı Şahin Mustafayev rəhbərlik edir. Aylardır ki, artıq bu sahədə ermənilərlə Azərbaycanın milli və dövlət maraqlarına söykənən danışıqlar aparır. Dövlətin mövqeyi ortadadır, dövlətin xətti bəllidir. Bu cür cəfəng fikirləri ortaya gətirməklə heç vaxt qəbul edilən deyil. Onları cəmiyyətə ötürmək də, ictimai rəyi buna kökləməyə, buna hazırlamağa hesablanmış olan fikirlər də yolverilməzdir. Mən bu fikirləri qətiyyətlə pisləyirəm və siyasi şərhçilərə də, millət vəkillərinə də tövsiyə edərdim ki, bu cür həssas mövzu ətrafında fikir söyləyərkən, hər şeydən əvvəl ölkə Prezidentinin söyləmiş olduğu fikirləri və onun hədəflərini əsas götürsünlər. Bu açıqlamaları ermənilər qarşısında təslimçilik və təhlükəli mövqe kimi qiymətləndirirəm", - deyə millət vəkili bildirdi.

Humay İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla