AZ

Elman Nəsirov: “Avarçəkənlərimizin nəticələri ilə fəxr edə bilərik”

“Artıq üçüncü ildir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı bu idman tədbiri həyata keçirilir”.

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında millət vəkili Elman Nəsirov Mingəçevirdə keçirilən “Prezident kuboku-2024” beynəlxalq reqatanın parad mərasimində deyib.

O bildirib ki, sözün əsl mənasında, Azərbaycanda avarçəkmə idman növü bugünkü gündə möcüzələr yaradır: “Etiraf etməliyik ki, güləş ölkəmizdə çox populyardır. Bu idman növü üzrə beynəlxalq yarışlarda idmançılarımız yüksək nəticələr əldə edir, medallar qazanırlar. Onunla müqayisədə avarçəkmə bizim ölkəmizdə bu qədər populyar olmamışdı. Artıq avarçəkənlərimiz elə nəticələr əldə edirlər ki, bununla sadəcə fəxr edə bilərik. 2 gün öncə də son dərəcə sevindirici bir xəbər aldıq. Avarçəkənimiz Diana Dımçenko Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu həm Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə, həm də cənab Prezidentin rəhbərliyi altında dövlətimizin qazandığı zəfərə böyük bir töhfədir”.

Nəsirov avarçəkənlərimiz bu yarışda da, Fransada keçiriləcək Yay Olimpiya Oyunlarında da tarixi uğurlara imza atacaqlarına inan ifadə edib: “Bəlkə də çoxları güman etmirdi ki, avarçəkmə idman növü üzrə idmançılarımız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Amma fakt budur ki, sadəcə iki ildir ki bizim idmançılarımız bu idman növündə öz sözünü deməyə başlamalarına rəğmən əldə edilən uğur göz qabağındadır. Hər bir idmançımıza uğurlar arzu edir, onlara sonsuz güvənirik”.

Qeyd edək ki, “Prezident kuboku-2024” beynəlxalq reqatanın açılış mərasimi və ilk yarış günü Azərbaycanın tarixi torpağı Suqovuşanda baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
Mənbələr
Şərh ()
Bağla