AZ

“Bakı və Berlin arasında gedən dialoq inkişaf edən xətlə özünü büruzə verir“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Prezident İlham Əliyevin Almaniyaya səfəri ilk növbədə Azərbaycana bu ölkə tərəfindən göstərilən dəstəyin təzahürüdür. Çünki “15-ci Petersberq İqlim Dialoqu” iştirakçısı olaraq Azərbaycan həm də COP29-a hazırlıq işini davam etdirir. Bu bir daha təsdiqləyir ki, rəsmi Berlin Azərbaycanın COP-dakı sədrliyini birmənalı şəkildə dəstəkləyir və onunla həmrəy olacağına münasibətini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O qeyd edib ki, səfər zamanı həm Almaniya kansleri, həm də Azərbaycan Prezidenti ikitərəfli maraq kəsb edən məsələlərə də münasibət bildirdilər: “Təbii ki, dialoq məfkurəsinin yer alması diqqəti çəkir. Çünki Almaniya Avropa İttifaqının əsas ölkələrindən biridir və güclü iqtisadiyyata malikdir. Digər tərəfdən elə bir müddət əvvəl Almaniya Federativ Respublikasının iqtisadi sistemdəki Şərq konfransının böyük nümayəndə heyəti Azərbaycana gəldi və dövlət başçısı onları qəbul etdi. Bu da ondan xəbər verir ki, iqtisadi zəmində bizim ortaq maraqlarımız var. Həmçinin Almaniya heç də gizlətmir ki, Azərbaycanın enerji kompleksinə böyük ümidləri var. Azərbaycandan Avropaya neft və qaz ixracatının həcmləri artır. “Yaşıl enerji” isə artıq günün tələbidir. Qara dənizin altı ilə Azərbaycandan çəkiləcək enerji xətti bərpa olunan mənbələr əsnasında artıq istifadə ediləcək. Burada da həcmlər artacaq. Çünki ilk növbədə Azərbaycan daxilində bu işlərin təməli güclənir. Qarabağ bölgəsinin bərpasında da “yaşıl enerji” əsas faktorlardan biridir. Ona görə də bu məsələyə kompleks şəklində baxaraq görürük ki, Azərbaycan dövlətinin siyasəti “yaşıl enerji”nin yaxın gələcəkdə ənənəvi enerji sektorunun əsas hissəsinə çevrilməsidir”.

Politoloqun sözlərinə görə, bu mənbələrin güclü olması həm ölkəmizin istehsal potensialını, həm də ətraf-mühitin qorunmasında payımızı artıracaq: “Noyabrda keçiriləcək COP29-a ev sahibliyi etməklə Azərbaycan aktual gündəliyin formalaşmasında son sözün sahibi olacaq. Odur ki, bu məsələlərin hər biri Bakı və Berlini bir-birinə yaxınlaşdırır. Düzdü, münasibətlərimizdə insan haqları, söz azadlığı və s. kimi ağrılı məqamlar da var. Bu kontekstin özündə də görürük ki, həm Avropa, həm ABŞ-ın özü artıq büdrəyir. Azərbaycan bu proseslərin hamısında öz yolunu tapıb. Bizə heç bir dərs verən lazım deyil. Çünki hər dövlətin öz demokratik yolu var. Bu yol hər zaman ənənələrə və milli dəyərlərə söykənir. Azərbaycanın sözü artıq dünyada eşidilir. Bizə bu öz demokratik inkişaf yolumuzda kim dəstək olmaq istəyirsə, onun üçün ən münasib yanaşma mane olmamaqdır. Beləliklə hesab edirəm ki, səfər son dərəcə məhsuldar oldu. Bakı və Berlin arasında gedən dialoq inkişaf edən xətlə özünü büruzə verir. Nəhayət, COP29 ilə bağlı heç bir qaranlıq bir məqam qalmır”.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla