AZ

“Azərbaycan iqlim dialoqunda əməkdaşlıq, sülh və həmrəylik təklif etdi” - ŞƏRH EDİLDİ

“Prezident İlham Əliyevin Almaniyaya səfəri göstərdi ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Bunun əsas göstəricilərindən biri son 14 ayda dövlət başçımızın bu ölkəyə 4 dəfə səfər etməsidir. Bu dəfə isə Azərbaycan Prezidenti iqlim dialoquna dəvət olunmuşdu. İstər COP29-la bağlı iqlim dialoqunda iştirak, istərsə də ikitərəfli görüşlərdə hər iki ölkənin maraqlarına cavab verən məsələlər diqqət mərkəzində oldu. Rəsmi Bakı hesab edir ki, Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Fransa ilə müqayisədə Almaniya daha konstruktiv tərəfdaşdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, rəsmi Berlin COP29-a ev sahibliyinə görə də Azərbaycanı dəstəkləyir: “İqlim dialoqunda da dövlət başçımız bəyan etdi ki, Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. Biz Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq. Dövlət başçımız bəyan etdi ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. Ölkəmiz yaxşı nəticələrə nail olmaq üçün əlindən gələni edir”.

Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycan xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələr icra etməkdədir: “Təsadüfi deyil ki, Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir. Artıq rəqəmlərdə də artım müşahidə olunmaqdadır. Belə ki, 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdirsə, bu il bu rəqəm 12 milyarda çatıb.

Almaniyada aparılan müakirələrdə Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqlarına da diqqət çəkildi. XİN başçılarının Almaniyada keçirilən görüş pozitiv dinamika kimi qiymətləndirirlir. Son günlər delimitasiya və demarkasiya istiqamətində atılan real addımlar tədqir olunur. Bir sözlə, artıq Azərbaycan beynəlxalq platformalarda həm də ən nüfuzlu tədbirlərdən biri – COP29-un ev sahibi kimi dəvət olunur. Bu vaxta qədər bütün beynəlxalq təşkilatlarda uğurlu təcrübəyə malik olan ölkəmiz COP29-un ev sahibi kimi əməkdaşlıq, sülh və həmrəylik təklif edir”.

Ləman Sərraf

Seçilən
103
50
Mənbələr
Şərh ()
Bağla