AZ

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev “Məktəbdə...” layihəsinin qonağı olub.

 

AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və Kaspi.az saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin növbəti görüşü paytaxtdakı 32 nömrəli tam orta məktəbdə keçirilib. 

 

Qonaq təhsil ocağına daxil olarkən özünün məktəb illərini xatırlayaraq nostalji hisslər yaşadığını dilə gətirib, həyatda qazandığı uğurlarda müəllimlərinin əvəzsiz rolundan söz açıb. 

 

Azərbaycan kinosunun keçdiyi inkişaf yolu barədə məktəblilərə məlumat verən R.Balayev oynadığı ilk rollardan, xalq qəhrəmanı Babək, böyük filosof şair Nəsiminin obrazlarının ona qazandırdığı tamaşaçı sevgisindən danışıb. Qəhrəman obrazını yaratmaq üçün aktyordan tələb olunan keyfiyyətlərdən söz açan Xalq artisti vətənpərvərlik mövzusunda çəkilən filmlərin insanlarda yaratdığı ruh yüksəkliyinə toxunub. R.Balayev Qarabağ Zəfərini qazanan qəhrəman oğullardan bəhs edən mükəmməl ekran əsərlərinin yaranacağına əminliyini ifadə edib.

 

Qonaq ona olan xalq məhəbbətindən, sənətinə göstərilən dövlət qayğısından da danışıb. Prezident İlham Əliyevin onu “İstiqlal” ordeni ilə təltif edən zaman səmimi görüşü xoş hisslərlə xatırladığını deyən sənətkar dövlət başçısının əməyinə verdiyi dəyəri ən mükəmməl yaradıcılıq motivasiyası kimi qiymətləndirib.  

 

Yeniyetmə və gənclərə öz tövsiyələrini verən qonaq hansı sənətə, peşəyə yiyələnmələrindən asılı olmayaraq ilk növbədə Vətəni sevməyi, ona ləyaqətlə xidmət etməyi arzulayıb, məktəbliləri düşündürən sualları cavablandırıb.

 

IX sinif şagirdi Məhəmmədemin Nəbizadənin səsləndirdiyi “Babək”in monoloqunu alqışla qarşılayan R.Balayev istedadlı gənclərin yetişməsindən məmnunluğunu dilə gətirib.  

 

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

Seçilən
40
2
Mənbələr
Şərh ()
Bağla