AZ

"Türk dilindən sözlər gəlməlidir", "azəri" sözü təklifi, dilimizə qarşı "hücum" - Şahlar Göytürklə MÜSAHİBƏ

Müsahibənin videosu mətnin sonunda yerləşdirilib.

 

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Məmmədovun (Göytürk) Ölkə.az-a müsahibəsini təqdim edirik.

— Azərbaycan dilində dil kasadlığı məsələsi müzakirə olunur. Bəzən hansısa sözlərin qarşılığını tapmırıq, başqa dildə işlədirik. Deyirik ki, dilimiz kasaddır. Bu, həqiqətən, belədir?

— Ünsiyyət zamanı sözlərə qarşılıq tapa bilməyəndə “dilimiz kasaddır” deyənlərin fikri ilə razı deyiləm. Adətən, ünsiyyət zamanı belə problemlər olmur. Qarşılığın tapılmaması, əsasən, terminlərin və müəyyən əsərlərin tərcüməsi zamanı meydana çıxır. O zaman fikir ayrılığı yarana bilir. Belə söz və terminlərin ya dilimizdə dəqiq qarşılığını vermək olmur, ya da həmin anlayış, ümumiyyətlə, dilimizdə yoxdur. Dilimiz kasad deyil, zəngindir. Təəssüf ki, biz bu zənginliyi hələ ki lüğətlərimizdə görə bilmirik. Problemlər, müzakirələr də bununla bağlı olur. Məsələn, Azərbaycan Dövlət Tərcümə Mərkəzi işlək orfoqrafiya sözlüyü çap edir, oradan dialekt sözləri, qondarma hesab edilən sözləri çıxarır, nə vaxtsa lüğətə düşmüş belə sözləri çıxdaş edir və sözlərin sayını azaldır. Dilçilik İnstitutunda da buna bənzər bir proses oldu. 2013-cü ildə çap olunmuş orfoqrafiya lüğətində 110 563 söz vardı. 2021-ci ildə çap olunmuş lüğətdə birdən-birə bu sözlərin sayını 90 minə endirdilər. Bu da təxminən 21 min 500 söz deməkdir. Dilin inkişaf qanunauyğunluğu belədir ki, sadədən mürəkkəbə doğru ikişaf edir. Amma biz görürük ki, dilimiz bu illər ərzində inkişaf yolu keçsə də, sözlərin sayı azalır. Deməli, nəsə yerində deyil. Vaxtilə sovet dövründə formalaşmış lüğət prinsipləri hazırda müstəqillik dövründə özünü tam doğrultmur və məsələlərə yenidən baxmaq zərurəti yaranır.  

Hörmətli Nadir müəllim Dilçilik İnstitutuna direktor təyin edildikdən sonra bu məsələlərin köklü şəkildə həllinə böyük inam yaranıb. Bu yaxınlarda açıqlama verildi ki, orfoqrafiya lüğətində sözlərin sayı 250-300 minə çatdırılacaq. Əsasən, sahələr üzrə terminlər, ifadələr, türk dilindən keçən yeni sözlər və s. hesabına say artırılacaqdır.  
Lüğətimizdə sözlərin sayının çox olması olduqca vacib, strateji məsələdir. 

—  Dediniz ki, lüğətə türk dilindən də sözlər daxil edilə bilər. Son illərdə türk seriallarına, filmlərinə çox baxırıq, dilimizə oturmuş sözlər var. Necə düşünürsünüz, məsələn, hansı sözlər lüğətimizə daxil edilə bilər?

—   Bu məsələdə diqqətli olmalıyıq. Tarixən dilimizdə, klassiklərimizin əsərlərində, abidələrimizdə işlənmiş milli sözlərimiz var. Türkiyə türkcəsi ilə də ortaq sözlərimiz çoxdur. 

Abidələrimizdə, klassiklərimizin əsərlərində işlənmiş elə milli sözlərimiz vardır ki, mütləq dilimizə gətirməliyik. Həmin sözlərin bir qismi türk dili vasitəsilə dilimizə gəlir. Amma bəzən də türk dilindən dilimizə elə sözlər gəlir ki, onlara qətiyyən ehtiyac yoxdur. Onların bəziləri ya qondarma təsir bağışlayır, ya da milli deyil. Biz daha çox tarixən dilimizdə işlənmiş milli sözləri diriltməliyik. Türk dilində işlənən qədim feillər var. Məsələn, sunmaq, yansımaq, yanıt vermək və s. “Təqdim etmək” əvəzinə “sunmaq”, “əks etdirmək” yerinə "yansımaq", “cavab vermək” yerinə “yanıt vermək” kimi feillərin işlənməsi məqsədəuyğundur. Bunlar mili feillərdir, dilimizin tarixində işlənib. Dilimizdə milli sözlərin çəkisini, həcmini artırmalıyıq.

Təəssüf ki, sosial şəbəkələrdə dilimizin arınmasını, milli sözlər hesabına zənginləşməsini istəməyən istifadəçilər də vardır. Yazırlar ki, bu dil türk dili adlana bilməz. Guya türkkökənli sözlərin sayı 30%-dən çox deyilmiş! Tamamilə əsassız və gülünc yanaşmadır. Axı lüğət tərkibindəki sözlərin sayının dilin adı ilə nə əlaqəsi ola bilər? 

Bu gün farslar cəhət bildirən milli sözləri olmadığına görə ərəbkökənli şimal sözünə “şümal”, cənuba “cənub”, qərbə “ğərb”, şərqə də "şərq" deyirlər.  Amma bizim “günçıxan”, “günbatan” kimi ulu sözlərimiz var, amma işlətmirik. Niyə “batı”, “doğu”, “güney”, “quzey” kimi milli sözlərə biganə yanaşırıq? Düzdür, bu sözlər məhdud şəkildə də olsa, işlənir, amma alınmalarla müqayisədə milli sözlərimizi daha çox işlətməliyik ki, dediyim həmin əsassız iddialar olmasın.

— “Azleks” lüğəti haqqında yəqin ki, məlumatlısınız. Bəs Dilçilik İnstitutunun nə üçün belə bir saytı yoxdur, ya da olması nəzərdə tutulurmu?

—  Əlbəttə, daha mükəmməl bir platformanın olmasına ehtiyac var. Dilçilik İnstitutunda Azərbaycan dilinin informasiya bazası, Azərbaycan dilinin lüğətlər korpusunun yaradılması ilə bağlı müəyyən işlər gedir. Bütövlükdə dillə bağlı nə varsa, həmin platformada öz əksini tapacaqdır. 

—  Oktyabr, noyabr sözləri "aktayabr", "nayabr" formasında tələffüz edilməlidir, amma heç kim bu şəkildə işlətmir. Bu qayda necə tənzimlənəcək?

— “O” və “a” məsələsi həmişə problem olub. Eksklüziv olaraq deyim ki, bununla bağlı Dilçilik İnstitutunda qayda müəyyənləşdirilib. Sözün "a" və ya "o" səsi ilə tələffüz olunması ilə bağlı cəmiyyətdə müəyyən mübahisələr vardı. Bəziləri deyirdilər ki, biz "konfrans" deyirik, nəyə görə qayda "kanfrans" şəklində olmalıdır? Etiraf edək ki, lüğətçilər bunun sərhədini tam müəyyənləşdirə bilmirdilər. Məsələn, "Moskva" yazılır, "Maskva" deyilir. Bu, rus dilinin fonetik xüsusiyyətidir. İndi həmin qaydanın dəyişdirilməsi və tələffüzün tamamilə dilimizə uyğunlaşdırılması nəzərdə tutulur. 

—  Orfoqrafiya lüğətində "rozetka" sözü "elektrik yuvası" ilə əvəzlənib. "Rozetka" sözü dilə oturub. Axı "elektrik yuvası" iki sözdən ibarətdir, insanlara yorucu gəlir. Bu şəkildə yeni sözlərin yaradılmasına nə ehtiyac var?

— Bizim dilimiz iltisaqi quruluşludur. Bu dildə sözlər, əsasən, morfoloji üsulla, yəni kök+şəkilçi ilə formalaşır. Amma bəzən hansısa anlayışı bir sözlə vermək olmur. "Elektrik yuvası" anlayışı belə meydana çıxıb. Mən o vaxt təklif edirdim ki, elədirsə, gəlin onda bu "ka" şəkilçisini ataq, "razet" şəklində saxlayaq. İkinci bir variantda isə "taxıc" sözünü təklif edirdim. Məncə, uğurlu qarşılıqdır. Əlbəttə, mən də razıyam ki, söz anlaşıqlı, qısa olmalıdır. Biz alınma sözü qarşılıq təklif ediriksə, onda belə bir əvəzetməyə ehtiyac var?

Belə sözyaratmadan bəzən sosial şəbəkələrdə manipulyativ şəkildə istifadə olunur. Bəzən dilin sözyaratma üsullarından xəbəri olmayanlar elə fikir söyləyirlər ki! Mütəxəssis fikrinə daha çox önəm verilməlidir. Bir vacib məqama da diqqət çəkmək istərdim. Bizdə elə sözlər var ki, Güney Azərbaycanda anlaşılmır. Bu istiqamətdə də işlərin görülməsinə ehtiyac vardır. İndi elə bir dövrə gəlmişik ki, artıq o sərhədlər virtual olaraq götürülüb. Dilimizin və xalqımızın bütövlüyü naminə müəyyən işlər görməliyik. Çünki Azərbaycan dili 50 milyondan çox azərbaycanlının dilidir. 

— Xalq artisti Eyyub Yaqubovun ifa etdiyi mahnıda “Azəri torpağının hamımız övladıyıq” deyilir. Bundan əlavə qurumlarımızın adı “Azərsu”, “Azərişıq” və “Azəriqaz”dır. Burada uyğunsuzluq var. Həmişə türkiyəli qardaşlarımızla mübahisə edirik ki, biz azəri deyilik, azərbaycanlıyıq. Necə olmalıdır?

— Bu məsələ hələ də müzakirə mövzusudur. Dilimizin adı Azərbaycan dili kimi qəbul olunub. “Azəri” sözü Azərbaycan adının qısaldılmış formasıdır. 1930-cu illərdə İranda “kəsrəviçilik hərəkatı” deyilən bir anlayış vardı. O zaman deyirdilər ki, “azəri" İranda yaşayan farskökənli tayfanın adıdır. Məlum oldu ki, bu, məkrli siyasətdir, belə bir etnos yoxdur. Məqsəd Azərbaycan türklərini ya Altaydan gəlmə, ya da türkdilli irani xalq kimi qələmə vermək idi. 

Qəzənfər müəllimin (f.e.d, prof. Qəzənfər Kazımov-red.) “azəri” anlayışına haqq qazandırmaq kimi bir mülahizəsi vardır. O qeyd edir ki, “azəri” adı Azərbaycan adının qısaldılmış şəklidir. Kəsrəvinin ortalığa atdığı “azəri” məsələsi isə Güneydə Azərbaycan türklərini milli kimliyindən uzaqlaqlaşdırmaq, assimilyasiya siyasəti məqsədi daşıyırdı. Sözügedən dövlət qurumlarının adlarına gəldikdə isə hesab edirəm ki, bu yanlışlıq aradan qaldırılmalıdır. Bir qurumun adı "Azərişıq"dır, digərində isə "Azəriqaz". 

—  Başqa dillərdə bütöv bir fikri, situasiyanı ifadə edən sözlər var. Məsələn, yapon dilində “ikigai”, “kaizen”, fransızcada “dejavu” və s. sözləri var. Bizim dildə niyə belə sözlər yoxdur?

— Siz dediyiniz nümunələr, əslində, bir söz deyil, ayrı-ayrı sözlərin birləşməsi nəticəsində yaranıb. Məsələn, “taekvondo” sözü “taek” (ayaq), “kvon” (yumruq) və “do” (sənət) sözlərinin birləşməsindən yaranıb. Amma bizim dilimizdə sözyaratma üsulları fərqlidir. Məsələn: salam+la+maq, kitab+xana+çı+lıq+dan və s. Bəzən alınma terminlərə Azərbaycan dilində qarşılıq tapmaq olmur. Dilimizə çevirəndə yarım səhifəlik izah tələb edir. Bir var termin, bir də var terminin izahı. Bunlar fərqli məsələlərdir. Əslində bizim dilimizin sözyaratma imkanları genişdir. Hökm deyil ki kök və şəkilçinin köməyi ilə söz yaradaq. Məsələn, iki sözün birləşməsi, sözü tərsinə oxuma, qısaltma, mənanın daralması, genişlənməsi yolu ilə də yeni sözlər yaratmaq mümkündür. Məsələn, sərbəst sözündə "sər" sözü "baş" deməkdir, "bəst" isə "bəstən" (bağlamaq) feilindəndir. Amma biz bu sözü "azad” anlamında işlədirik. 

Etiraf edək ki, qarışıq bir dildə danışırıq. Əslində, şifahi nitqimizə də diqqət etməliyik. Söhbət təkcə yazılı və şifahi ədəbi dildən yox, ümumilikdə cəmiyyətin dilə münasibətindən gedir.  Biz ailədə, küçədə, cəmiyyətdə, özəl və dövlət qurumlarında necə danışırıq? Mənə elə gəlir ki, dilə baxışımız dəyişməlidir. Dili evdə, küçədə də qorumalıyıq. 

—  Gədəbəy adı “gədə” və “bəy” sözlərinin birləşməsindən yaranıb. “Gədə” sözü bir qədər yaxşı mənada işlənmir. Yanşaq kəndinin adı da bu qəbildəndir. Azərbaycanda bu cür yer adları çoxdur. Buna münasibətiniz necədir?

—  Yer-yurd adları millətimizin pasportudur. Ümumiyyətlə, sözləri, adları təftiş edərkən diqqətli olmalıyıq. Elə sözlərimiz, yer-yurd adlarımız var ki, bu gün mənaları yanlış anlaşılır. Lakin həmin adları araşdırdıqda görürük ki, çox uğurlu, gərəkli bir addır. Qeyd edim ki, son illər xüsusən çılğın gənclərimiz arasında sözlərimizə mənfi mənanın yüklənməsi adi hala çevrilib. Belə xoşagəlməz hallar milli sözlərimizi urvatdan salır. "Gədə" mənfi mənalı deyil, oğlan uşaqlarına müraciətlə deyilən sözdür. O qədər belə milli sözlərimiz var ki, işlədə bilmirik. Belə yanlış düşüncənin nəticəsidir ki, "instituta girdim" əvəzinə "instituta daxil oldum" daha işləkdir. Guya belə daha estetik səslənir. Ona görə də biz bu adları təftiş edərkən yanlışlığa yol verməməliyik. “Gədə” sözü qədim "keda" sözünün fonetik variantıdır, anlamı alban-türk dilində "dağ" deməkdir. "Dağ ərənləri" anlamındadır.  

Yanşaq adı ilə bağlı onu deyə bilərəm ki, islam dilinin gəlişindən sonra Azərbaycanda aşıq sənətinə müəyyən basqılar olub. “Yanşaq” əslində “aşığın yanında gedən”, “aşığın yançısı, köməkçisi” deməkdir. “Yanşaq” sözünün “çoxdanışan”, “çərənçi” mənası isə sonrakı dini dünyagörüşlə bağlı məsələdir. 

— “Divani lüğat-it türk” əsərinin adında “türk” sözünün qaşısında “it” müəyyənlik artiklı işlənir. Bundan əlavə, “informasiya texnologiyaları” termininin qısaltması kimi “İT” işlədilir. Bu ifadə əvvəllər “informasiya komminikasiya texnologiyaları - (İKT)" şəklində yazılırdı. “İT” yazılmasına münasibətiniz necədir?

—  Sözün estetikası ilə bağlı müəyyən işlər görülməlidir. Məsələn, "it üzrə mütəxəssis" ifadəsinin ingiliscədən tələffüzü "ay ti" şəklindədir.  Məncə, bu, İKT şəklində yazılmalıdır. Çünki bu həm sözün estetikası, həm də orfoqrafiyası ilə bağlı məsələdir. Eləcə də “Divani lüğat-it-türk" əsərinin adı olsun. Millətimizi sevməyənlər belə hallardan sui-istifadə edirlər. Ona görə də bir yazımda bu məsələni ictimailəşdirmişəm. Təklif etmişəm ki, heç olmasa, burada "it" müəyyənlik artiklı "lüğət" sözünə birləşdirilsin, "lüğət-it-türk" şəklində yazılsın. Ya da bu, əslinə uyğun "lüğətət-türk" olmalıdır. "Türk" sözünün qarşısında həmin müəyyənlik artiklının işlənməsi estetik deyil. Bəziləri izah etməyə çalışırlar ki, bu belə qəbul olunub. 

—  Orfoqrafiya lüğətində "sehr" sözündə "i" saiti yoxdur, amma "sirli-sehirli" sözündə "i" var. Bloq sözü müxtəlif yerlərdə sonu "q" ilə yazılır, amma "videoblogger" sözündə qoşa "g" ilə yazırlar. Bəs bu fərqliliklər nədən qaynaqlanır?

—  Dilimizdə bu sözün “bloqer”, “bloger" və “blogger” forması da var. Bir yerdə “bloger” digərində "bloqer" yazmaq, əlbəttə, səhvdir. O söz "bloqçu" və ya “bloger” şəklində yazılır. İnanıram ki, növbəti orfoqrafiya lüğətində əvvəlki yanlışlıqlar aradan qaldırılacaqdır. 

— “Grammar azi” səhifəsi barədə yəqin ki, məlumatınız var. Burada sözlərin düzgün yazılışı, izahı, durğu işarələri ilə bağlı səhvlər qeyd edilir. Nə üçün Monitorinq Mərkəzinin belə bir səhifəsi yoxdur?

—  Monitorinq Mərkəzinin də maarifləndirici səhifələri var. Düzdür, müqayisədə izləyici sayı nisbətən azdır, amma biz bütün səviyyələr üzrə norma pozuntularına aid nümunələr paylaşırıq. Monitorinq apardığımız sahələrə aid səhvləri göstərir, onların düzgün izahını veririk. Paylaşdığımız nümunələrdə jurnalistlərin, aparıcıların adlarını qeyd etmirik. Əlbəttə, ad yazsaq, səhifələrimizə maraq və baxış sayı daha çox olar. Hər halda izləyicilər var, rəy yazırlar, təşəkkür edirlər. 

—  Müsahibə üçün çox sağ olun!

—  Təşəkkür edirəm.

Billurə Yunus

Seçilən
20
50
Mənbələr
Şərh ()
Bağla