AZ

Prezident İlham Əliyev informasiya savaşında ciddi üstünlüyü ələ aldı -AÇIQLAMA

Azərbaycanın hədəflərinin açıq formada bəyan olunması ilə Bakı niyyətləri barədə yanlış və məqsədli təsəvvürlərin qarşısının alınması istiqamətində çox ciddi bir məsafə qət etmiş oldu

Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq Forum cənab İlham Əliyevin Azərbaycanın qlobal oyunçu mövqeyini gücləndirdiyini və ölkəmizi ümumbəşəri əhəmiyyətə malik hesablaşılan hərbi-siyasi mərkəzə çevirdiyini göstərir. Bu tədbir ilk növbədə artan tətillər fonunda Azərbaycanın baxışının bəyan olunması və haqlı suallarının beynəlxalq ictimaiyyətə yönəldilməsi üçün bir imkan idi. Məsələn, cənab Prezident İlham Əliyev açıq formada xarici təhdidlərin mütləq miqyasının qarşısının alındığını bəyan etməklə Azərbaycanın güc və imkanlarını bir daha elan etdi. Həmçinin təhdidlərin önlənməsi üçün atılan addımların, xüsusən quru sərhədlərin bağlı qalması barədə qərarın artıq effekt verdiyini, Azərbaycanda təhlükəsizliyin çox gücləndiyini bildirdi. Bu isə bir daha göstərir ki, Azərbaycan kənardan ciddi təhdidlər və problemlər idxal etmək istəyən qlobal güclər qarşısında nəinki aciz deyil, əksinə istənilən təhdidi qabaqlayıb aradan qaldıra bilər.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söylədi.

Qərb Cənubi Qafqazda ayırıcı xətlər çəkməkdə israrlıdır

Deputat qeyd etdi ki, tədbirin digər uğuru regionun əsas problem olmuş Azərbaycan-Ermənistan münasibətləri barədə qlobal auditoriyanı reallıqla səhih formada tanış etməkdir. Məlumdur ki, Azərbaycanın mövqeyi kifayət qədər şəffafdır və beynəlxalq hüquqla uzlaşır. Bakı tələb edirdi ki, İrəvanla münasibətlər beynəlxalq gündəliyin mövzusu yox, iki ölkə arasında müzakirə olunacaq məsələdir. Beynəlxalq forumda möhtərən Prezidentin mövzuya dair ritorikası da göstərdi ki, Bakı artıq bu konfiqurasiyaya nail olub. Məsələn, artıq əminliklə deyə bilərik ki, sülh sazişinin Azərbaycanın şərtləri daxilində imzalanmasına heç vaxt olmadığı qədər yaxınıq. Lakin burada təəssüf və hiddət doğuran başqa məqamlar meydana çıxır. Məsələn, kollektiv Qərb Cənubi Qafqazda sülh və dayanıqlı sabitlik qarşısında ciddi əngəl kimi çıxış etməsini artıq gizlətmir. Ərazi bütövlüyü tezisində Ukrayna, Gürcüstan və Moldovaya tam fərqli prizmadan yanaşıldığı halda Avropa Komissiyasının sədri, ABŞ dövlət katibi və Ermənistanın baş nazirinin Brüssel sövdələşməsi göstərir ki, Qərb Cənubi Qafqazda ayırıcı xətlər çəkməkdə israrlıdır. Ötən dövrün təcrübəsi göstərir ki, bu kimi kənar müdaxilələr Ermənistanda yanlış eyforiyalar və təhlükəli gözləntilərə səbəb olur və bunun acısını da son nəticədə elə haylar özü çəkir. Bu mənada möhtərən Prezidentin növbəti xəbərdarlığı da məhz Qərbin təşviqatı ilə mümkün sülh və delimitasiya prosesinin pozulması riski ilə bağlı oldu. Əgər onlar cənab Prezident dediyi kimi, o qədər vacib olmayan termindən yapışsalar onda dövlət başçısı da ifadə etdi ki, biz aydın şəkildə görmək istəyirik ki, Ermənistan vaxtdan istifadə edərək daha çox silahlanmaq və bizə yenidən hücum etmək istəyir. Lakin biz onlara belə şans verməyəcəyik deyə, möhtərən Prezident açıq və çox ciddi xəbərdarlığnı elədi.

Bəhruz Məhərrəmov qeyd etdi ki, Ermənistan ümumiyyətlə, başa düşməlidir ki, bu kontekstdə Azərbaycanla sülh sazişini imzalasa, ilk gündən özü  faydalanacaq və regional inkişaf konseptinin bir həlqəsinə çevriləcək. Göründüyü kimi, Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən beynəlxalq forumun əslində Azərbaycanın yeni dövrü üçün prioritet və hədəflərinin bəyanı üçün mühüm bir platforma kimi istifadə etməklə informasiya savaşında ciddi üstünlüyü ələ aldı. Xüsusən kollektiv Qərb qarşısında çox ciddi üstünlüyü ələ aldı. Həmçinin Azərbaycanın hədəflərinin açıq formada bəyan olunması ilə Bakı niyyətləri barədə yanlış və məqsədli təsəvvürlərin qarşısının alınması istiqamətində çox ciddi bir məsafə qət etmiş oldu və Qərbin yanlış, riyakar, ikili standartlara əsaslanan təbliğatının qarşısına çox ciddi arqumentlərlə çıxa bildi.

Cavid Əkbər, “İki sahil”

Seçilən
99
50
Mənbələr
Şərh ()
Bağla