AZ

Ermənistan buna hazırdırmı? - Sülh müqaviləsi bu tarixdə imzalanır

Delimitasiya prosesinin başlanması pozitiv hadisədir. Sülh proseslərinə də təsir edən əsas amillərdən biridir. Tərəflər arasında mübahisəli olan proseslərdən biri delimitasiya məsələsi idi. 19 apreldə bu məsələ ilə bağlı ortaq məxrəcə gəlindi. İlin sonuna qədər sülh prosesinin baş tutmasının mümkün olub-olmayacağını indidən demək çox tezdir. Azərbaycan Prezidenti qeyd etdi ki, hazırda Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olacaq hansısa əsas yoxdur.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, ən azı COP29-a qədər tərəflər baza prinsipləri əsasında çərçivə sənədi imzalaya bilərlər:

“Detallar təbii ki, zaman alacaq. Azərbaycanın məsələyə baxışı reallıqları tamamilə əks etdirir. Amma Ermənistan buna hazırdırmı? Çətin sual bundan ibarətdir. Ermənistanın özünün müstəqil qərar vermək imkanları kifayət qədər məhduddur. İrəvanı silahlandırmağa cəhd edən, Ermənistanla hərbi ittifaq qurmağa çalışan ölkələrdən bu proseslə bağlı hansısa açıqlama görünmür. Söhbət Fransa, Hindistan, Yunanıstan və digərlərindən gedir. Bir çox qərb strukturları, Amerika, Almaniya digər ölkələrin xarici işlər nazirlikləri iki ölkə arasında delimitasiya prosesinin başlanmasını müsbət qiymətləndirirlər. O ölkələr ki, hələ də susqunluq nümayiş etdirir və heç də məmnun qalmadıqlarını əslində bu yolla göstərdilər. Onların Ermənistana təsirinin yüksək olduğunu biz bilirik. O faktoru hökmən nəzərə almalıyıq.

Eyni zamanda Ermənistan 10 noyabr üçtərəfli bəyanatın 9-cu maddəsindən yayınmağa çalışır. Yəni Zəngəzur dəhlizinin açılmasına imkan vermək istəmir ki, bunu dünən Azərbaycan Prezidenti də öz çıxışında qeyd etdi. Bundan başqa prosesə mane olan digər fundamental məsələ var. Bu da Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı olan iddialardır. Onların çıxarılması lazımdır. Bu da zaman aparacaq məsələdir. Ermənistan əgər bu il müstəqil qərar verib, konstruktiv davrana bilsə, qeyd olunan çərçivə sənədi imzalana bilər. Amma yenə də indiyə qədər olduğu kimi, Fransa və digər güclərin təsiri altında siyasət yürüdəcəksə, o zaman sülh müqaviləsinin imzalanmasını görmək imkansız olacaq”.

Politoloq bildirib ki, Tavuş və Göyçədə olan etirazlar hamısı lokal xarakterlidir və marginal qruplar tərəfindən təşkil olunur:

“Ermənistan cəmiyyətinin böyük qismi əslində bu proseslərə susqun yanaşır. Paşinyanın siyasətinə etiraz etmirlər. Bu, məhz seçkilərdə də özünü göstərdi. Ermənistan cəmiyyətinin düşünə bilən hissəsi bu prosesin belə gedəcəyini qəbul edirlər. Çünki onlar dəqiq bilirlər ki, həmin kəndlər və ərazilər Azərbaycana məxsusdur. Onlar 1990-cı illərdə - uzaq olmayan keçmişdə işğal olunublar. Bu baxımdan onlara etiraz etmirlər. Hazırda Qazaxla sərhəddə, həm də Göyçə istiqamətində aksiyaların keçirilməsi daxili siyasi gərginliyi artırmaqla bərabər, həm də Paşinyan hakimiyyətinin devrilməsi üçün edilən cəhdlərdir. Amma bu qüvvələr artıq ciddi şəkildə marginallaşıblar. Xüsusilə də hazırda Ermənistanda Rusiyaya münasibət kifayət qədər neqativdir. Bu proseslərdə aktiv olan müxalifət gücləri Rusiyaya bağlı qüvvələr hesab olunduğundan, onların geniş kütlələri hərəkətə gətirmək və yaxud prosesə cəlb etmək imkanları məhduddur. Göyçədə başlanan aksiya qabaqdan gəlmişdik kimi bir şey idi. Onları guya hesab edirlər ki, Qazax istiqamətində olanlar Göyçə istiqamətində baş verə bilər. Amma Azərbaycan təbii ki, tarixən ədalət baxımından haqqı olanı almaqda qərarlıdır. Bu, belə də olacaq”.


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
16
50
Mənbələr
Şərh ()
Bağla