AZ

Azərbaycan filmi Kannda yarışır: "Böyük qürurdur" - Əli Səttar Quliyev

“Bu təkcə bizim - filmin yaradıcı heyətinin yox, eyni zamanda Azərbaycan kinosunun uğurudur. Kann Film Festivalı kino dünyasının ən prestijli festivalıdır. Belə bir festivalda Azərbaycanı təmsil etmək böyük qürurdur”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında 77-ci Kann Film Festivalının “Qısa film” müsabiqəsinə düşən “Sanki yoxsan” filminin prodüseri Əli Səttar Quliyev deyib.

Rejissor Azər Quliyevin “Sanki yoxsan” filmi sözügedən müsabiqədə yarışan 11 filmdən biridir.

Festivalın “Qısa film” bölməsinə bu il 4420 film təqdim olunub. Seçim komissiyası bu filmlər arasından müsabiqə üçün 10 ölkəni (Azərbaycan, Braziliya, Bolqarıstan, Kanada, Çin, Xorvatiya, Fransa, Kosovo, Litva, Portuqaliya, ABŞ) təmsil edən 11 ekran əsəri seçiblər.

“Qısa film” müsabiqəsinin münsiflər heyətinə bu il belçikalı aktrisa Lubna Azabal sədrlik edir.

“Sanki yoxsan” filmi barədə ətraflı məlumat əldə etmək istəsək də Əli Səttar Quliyev bunun hazırda mümkün olmayacağını bildirib:

“Çox yaxın günlərdə film və festivalda iştirakla bağlı ətraflı məlumat verəcəm”.

Kanna gedən ilk Azərbaycan filmi hansıdır?

İlk dəfə Azərbaycan filminin Kann Festivalında nümayiş olunması 1950-ci ilə təsadüf edir. Ssenarist, rejissor Muxtar Dadaşovun o vaxt çəkdiyi "Sovet Azərbaycanı” sənədli filmi hətta festivalın xüsusi mükafatını əldə edib. Təbii ki, o vaxt Azərbaycan SSRİ-nin tərkibində idi və bu, birbaşa Azərbaycanın adına yazılmırdı. Amma bir azərbaycanlının böyük uğuru kimi daim xatırlanacaq.

Müstəqillik dövründə isə ilk dəfə olaraq Azərbaycan istehsalı olan "Sonuncu" qısametrajlı bədii filmi (rejissor Sergey Pikalov) 67-ci Kann Film Festivalının əsas müsabiqə proqramlarından biri olan "Qısa film" proqramına düşmüşdü.


Müəllif: Nərmin Muradova
Seçilən
14
14
Mənbələr
Şərh ()
Bağla