AZ

Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ

"İstər dünyada, istərsə də Azərbaycanda rəsmi titullarla yanaşı xalqın, yaradıcı qrupun, sənət adamlarının verdiyi ləqəb, ayama, təxəllüslər də var". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, bunları çox vaxt bir-biri ilə qarışdırırlar: "Rəsmi titul millətin, xalqın, ölkənin inkişafında, müxtəlif sahələrdə öz bacarığını ortaya qoyub iqtisadiyyatı, kənd təsərrüfatını irəli aparan şəxslər üçün dövlətin müəyyənləşdirdiyi fəxri addır.

Ləqəb hansısa şəxsin özəlliyi, keyfiyyəti, xarakteri, etdiyi hərəkətindən asılı olaraq ona dost, tanış tərəfindən verilən ikinci addır. Bu adlar bir az gülməli, məzəli olur. Eyni zamanda bir neçə dost tərəfindən verilən adlar illər keçdikcə həm də elin, obanın, bəzi hallarda isə bütün xalqın həmin şəxs haqqında yadında saxladığı ikinci, paralel ad kimi yadda qalır.

Bəzən ayamalar da olur. Ayamalar daha çox qısa müddətli, çox məhdud, lokal xarakterli ikinci adlardır. Məsələn, "Öküz Əhməd", "Dədə Sahib", "Sürücü Əhməd" və sair. ləqəb də ola bilər, ayama da. Əgər qısa müddətli olub unudulursa, bu, ayamadır. Uzun müddətli verilirsə, bu, ləqəbdir. Məsələn, bizdə "Kor Əhməd" ifadəsi var. Bəzən etnik qrupun mənsubiyyətini ortaya qoyurlar. Məsələn, "Ləzgi Əli", "Talış Hüseyn", "Türk Babək" və sair. bu tipli ləqəblər də ola bilər.

Bəzən ayama ləqəbə, ləqəb isə təxəllüsə keçə bilər. Təxəllüs daha çox ədəbi, sənət hadisəsidir. Bizdə "Şeyx Nizami" ifadəsində "Şeyx" sözü həm onun böyüklüyünü göstərir, həm də təxəllüsdür. "Məhəmməd Füzuli" ifadəsində "Füzuli" onun təxəllüsüdür, həm də sonralar adın yanında olan soyad kimi də məşhurlaşdı. "Səməd Vurğun"da "Səməd" ad olsa da, "Vurğun" kimi tanınır. Əslində Səmədin soyadı Vəkilovdur. Bu təxəllüslər ədəbiyyat aləmində məşhurdur. Qədim Şərqdə isə dastanlarda və poemalarda, bir çox qəzəllərdə, iri həcmli poetik əsərlərdə təxəllüs rəqəmlərlə yazılırdı, yaxud da obrazlı ifadə olunurdu.

Ləqəblərin mənası və mahiyyəti, əlbəttə ki, var. Hər hansı sahənin adamlarına, "Daşyonan Vəli", "Uzun Həsən" deyirlərsə, bunun çox böyük tarixi var. İnsanların sərkərdəlik bacarığı, pəhləvanlığı, yaxud da qeyri-adi iş görməsi, yaxşı usta olması da ayamalarla, daha çox ləqəblərlə başqalarına çatdırılır. Ləqəblər məlumat, informasiya daşıyıcısıdır. Şəkili dedikdə lətifələr yada düşür. "Hacı dayı", "Molla Nəsrəddin", "Bəhlul Danəndə"nın ləqəbləri tarixin müəyyən zamanında onların Azərbaycan xalqının yaddaşında qalmaları ilə səciyyələnir. "Molla Nəsrəddin" dedikdə onun həm də molla olması yada düşür. "Topal Teymur" dedikdə çolaq olduğuna görə bu böyük hökmdara belə bir ləqəb veriblər. Əgər bu adam kasıb olsaydı, ona "Topal" yox, "Çolaq Teymur" deyərdilər. Orta və kasıb təbəqənin nümayəndələrinə bir az aşağılayıcı sözlərdən, ifadələrdən ibarət ləqəblər verilirdi. "Qılınc Əhməd", yaxud "Qəzəbli Aydın" deyəndə onun xarakteri, qəhrəmanlığından irəli gələn xüsusiyyətləri özündə birləşdirən anlayışı həmin adın qarşısına gətirirlər".

"Bəzən elə ləqəblər var ki, hətta adları belə əvəzləyir. Məsələn, Koruğlunun adı Rövşən olsa da, o, "Koroğlu" kimi tanınır. Hətta "Babək" sözündə də mübahisə var, adı Hüseyn olub, amma hadisələrdən sonra ləqəbi ilə tanınır.

"Qorqud Ata"nı biz "Dədə Qorqud" adlandırırıq. Elə titullar da var ki, onlar sonradan ləqəb, ayama kimi də qalır. Məsələn, "Hüseyn ağa", "Rüstəm bəy" və sair. Bir çox ləqəblər daha sonralar hərbidə və bir çox dövlət qurumlarında rütbə şəklində də formalaşdırıldı. Kapitan, leytenant, mayor rütbələri var ki, bunlar əvvəlcə ləqəb kimi olub, sonra hərbi peşənin adı kimi qalıb. Bizdə "ilxıçı", "çoban", "atoynadan", "güləyən", "kədərli" və sair. ayama və ləqəblər var. Bəzən orta, ali məktəblərdə də bunlardan istifadə edirlər. Təəssüflər olsun ki, indi ləqəblərdən yox, daha çox ayamalardan istifadə olunur. Bu da bir az o məsələləri cılızlaşdırır. Xaricdən gələn təsir nəticəsində bizdə insanın öz adının qısaldılıb ayama və ləqəb formasında deyilməsini də görürük. Məsələn, Məsləhət - Məsi, Aydın - Ayı və sair. Bu, geniş məna kəsb edən məsələdir. Bununla Elmlər Akademiyasının Folklor İnstitutu, Etnoqrafiya, Tarix, Ədəbiyyat, Dilçilik İnstitutları da çox ciddi məşğul olmalıdır ki, bunların tarixi yaranma zərurəti, indiki forması tədqiq olunsun" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
93
48
Mənbələr
Şərh ()
Bağla