AZ

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir –ŞƏRH

Yevgeni

Bakı, 24 aprel, N.Məmmədova, AZƏRTAC

Prezidentlər İlham Əliyev və Vladimir Putin arasındakı görüş Rusiya-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qədəm qoyduğunu nümayiş etdirdi. İki ölkənin liderləri əvvəllər əldə edilmiş tərəfdaşlıq razılaşmalarına sadiq olduqlarını təsdiqləyərək, ölkələrimizin birgə iştirak edə biləcəyi müxtəlif layihələri müzakirə etdilər. Bundan əlavə, İlham Əliyevin səfəri bütün dünyaya göstərdi ki, Rusiya və Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyi diqqət mərkəzində saxlayırlar və üçüncü oyunçuların sabitliyi pozmasına imkan verməyəcəklər.

Bu fikri AZƏRTAC-a rusiyalı politoloq, millətlərarası münaqişələr və təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya işgüzar səfərindən danışarkən deyib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Moskva və Bakının regional təhlükəsizliyin təmin edilməsi istiqamətində düzgün hərəkət etməsi Rusiya sülhməramlı kontingentinin (RSK) bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması ilə bir daha sübut olunur.

“Rusiya sülhməramlılarından ibarət bölmələrini Qarabağdan çıxarıb və indi Ermənistanın Azərbaycana təzyiq etmək, onu etnosidlərdə və başqa şeylərdə ittiham etmək üçün saxladığı “əsas kart” əlindən alınıb. RSK-nın çıxarılması Ermənistanın maraqlarına həm də ona görə zərbə vurdu ki, İrəvan hər zaman Rusiya sülhməramlılarının çıxacağı və NATO sülhməramlılarının onların yerinə gələcəyi ilə bağlı vəziyyətin yaranmasını arzulayırdı. Bu isə baş vermədi”, - deyə ekspert vurğulayıb.

Ötən həftə Azərbaycan və Ermənistanın delimitasiya komissiyası çərçivəsində əldə edilmiş razılaşmaya və onun əməli olaraq həyata keçirilməsinə başlanmasına gəldikdə, E.Mixaylov bildirib ki, əslində dörd kəndin Bakının nəzarətinə qaytarılması məsələsinə çoxdan qərar verilib.

“Bütün bunlar hələ ilkin atəşkəs müqaviləsində (Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri arasında 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanat – red.), Ermənistan faktiki kapitulyasiyanı imzaladıqda və Rusiyanın zəmanətləri və vasitəçiliyi ilə demarkasiya, sərhədlərin delimitasiyası, kəndlərin qaytarılması və s. haqqında razılaşmalar əldə olunanda kağız üzərində öz əksini tapmışdı. Qarabağ Azərbaycanın tam nəzarəti altına alındıqdan və müvafiq olaraq, bu kontekstdə təhlükəsizliyə məhz Azərbaycan dövləti tərəfindən zəmanət verildikdən sonra Rusiya sülhməramlılarının iştirakı prinsipcə məqsədəuyğun olmazdı, çünki onlar artıq öz missiyalarını yerinə yetiriblər. RSK bölgədə yerləşmə şərtlərini tam olaraq yerinə yetirib və Azərbaycan tərəfindən bununla bağlı heç bir iddia irəli sürülməyib. Biz iddiaları yalnız Ermənistan tərəfindən eşitmişik. Ona görə də, indiki proseslər heç təəccüb doğurmamalıdır. Yalnız təəccüblü olan odur ki, kəndlər yalnız üç ildən sonra geri qaytarıldı. Üstəlik, hələ bütün torpaqlar qaytarılmayıb”, - deyə politoloq qeyd edib və xatırladıb ki, Ermənistan daha bir neçə kəndi Azərbaycana qaytarmalıdır.

Seçilən
21
50
Mənbələr
Şərh ()
Bağla