AZ

“Ermənistan qeyri-konstruktiv mövqe tutmaqla Almata Bəyannaməsinin əsas götürülməsini təkid edir” - Siyasi ekspert

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Əl-Cəzirə” telekanalına müsahibə verib. Müxbirin "sərhədlərin demarkasiyası prosesinin və razılaşdırılmış digər prinsiplərin həyata keçirilməsində hər hansı maneə varmı? sualına Mirzoyan belə cavab verib: "Problem ondadır ki, Ermənistan və Azərbaycan liderləri Almata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasını dəfələrlə təsdiqləsələr də, biz görürük ki, qonşularımız hələ də açıq və birmənalı şəkildə Almata Bəyannaməsinə istinad etməkdə həvəsli deyillər. Biz sülh müqaviləsi kontekstində bu məsələ ilə bağlı razılığa gələndə, sazişə çox yaxın olacağıq”.

Siyasi ekspert Abutalıb Səmədov Herbiand.az-a bildirib ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası kifayət qədər uğurlu başlayıb:

“Lakin çox təəssüf ki, burda da yenə Ermənistan qeyri-konstruktiv mövqe tutmağa çalışır. Təkid edir ki, mütləq Almata Bəyannaməsinin əsas götürülməsi qeyd olunsun, hətta dövlətlərin əraziləri rəqəmlərlə göstərilsin. Bu da prosesi təbii ki, çətinə salmaq deməkdir. Azərbaycan Prezidenti ADA Universitetində keçirilən son tədbirdə bu məsələyə öz münasibətini bildirdi və açıq şəkildə dedi ki, sərhədlərin bir hissəsi müəyyən olunmayıb, inzibatı sərhədlər müəyyənləşməyib. Almata Bəyannaməsində yazılıb ki, Sovet İttifaqının tərkibində olan respublikaların inzibati sərhədləri dövlət sərhəddi kimi götürüləcək. Ancaq inzibati sərhədlər yoxdur. Xüsusilə, dağlıq ərazilərdə kifayət qədər mübahisələr var. Bu səbəbdən mütləq Almata Bəyannaməsinə istinad olunmağı təkid etmək yanlışdır. Üstəlik, Almata Bəyannaməsi Ermənistan tərəfindən 1991-ci ildə imzalanıb. Azərbaycan isə 1993-cü ildə qoşulub. Ancaq o sənədin imzalanması Ermənistana ərazilərimizin 20 %-ni işğal etməyə mane olmadı. Bu günkü problemlərin çoxunun kökündə Ermənistanın həmin işğalçılıq hərəkəti dayanır”.

Siyasi ekspert qeyd edib ki, vəziyyətdən çıxış yolunu cənab prezident göstərdi:

“Delimitasiya və demarkasiya prosesi sülh sazişindən ayrılmalıdır. Çünki bu, uzun sürən prosesdir. Hələ Gürcüstanın nə Ermənistan, nə də Azərbaycanla sərhədlərinin müəyyən olunması prosesi başa çatmayıb. Bu proses uzun illərdir davam edir. Bu səbbədən sülh sazişinin baza prinsiplərində razılaşma olmalıdır. Əsas məsələlərlə bağlı razılığa gəlib imzalamaq lazımdır. Digər məsələlər, o cümlədən delimitasiya və demarkasiya komissiyalar tərəfindən ayrı müzakirə olunub addım-addım sərhədlər müəyyənləşə bilər. Ermənistanın tutduğu bu mövqe təbii ki, prosesə mane olur. Bundan əvvəl gah Qarabağın statusu məsələsini qoydular, gah dedilər Minsk Qrupu buna baxmalıdır. Sonra erməni əhalisinin hüquq və təhlükəsizliyinin sülh sazişində yazılmasını tələb etdilər. İndi artıq Qarabağda erməni qalmayıb. İndi də bu üç məsələni ortaya atıblar. Bu məsələlər sülh sazişinin imzalanmasını ləngidir”.

Abutalıb Səmədovun sözlərinə görə, delimitasiya və demarkasiya prosesi bütün hallarda davam edəcək:

“Çünki Ermənistan bu məsələdə kifayət qədər maraqlıdır. Digər məsələlərdə də maraqlıdırlar. Artıq dərk edirlər ki, Zəngəzur dəhlizini mümkün qədər tez işə salmaq lazımdır. Çünki onsuz da Ermənistanın ətraf aləmə çıxışı məhduddur. Rusiya ilə yarana problemlər onu göstərir ki, yaxın vaxtlarda Rusiyaya yolu da bağlana bilər. Bu səbəbdən Ermənistan konstruktiv olmaq məcburiyyətindədir. Ancaq yenə də müəyyən tələblərlə prosesi ləngidirlər. Ermənilərdə ümumiyyətlə belə bir özünəməxsusluq var. Əvvəl prosesi ləngidirlər, sonra çöx sürətlə çalışırlar prosesi aparsınlar. Xalqın bir hissəsini müəyyən yanlış nəticələrə hazırlayırlar. Sonradan anlayırlar ki, bu qeyri-mümkündür və fikirlərini dəyişirlər. Öz fikirini dəyişməyən xalqı da bu dəfə döyməklə başa salmağa çalışırlar. Bu gün Ermənistanda baş verən proseslər budur. Ümid edək ki, son nəticədə ermənilər də beynəlxalq hüquqa, dinc yanaşı yaşamaq prinsipinə hörmət etməyi öyrənəcəklər”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
50

1Mənbələr

Şərh ()
Bağla