AZ

İranda hicab gərginliyi: Şəriət qaydaları sərtləşdirildi

İran rejimi ölkə daxilində müxaliflərə qarşı repressiyaya başlamaq üçün İsrailə hava hücumundan bəhanə kimi istifadə edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Times of Israel” yazır.

Nəşr bildirir ki, İranın İsrailə qarşı ilk birbaşa hücum etdiyi gün molla rejimi daxildə müxaliflər və qadınlara qarşı tədbirləri sərtləşdirilməyə başlayıb:

“Həmin gün bir neçə şəhərdə polis sərt şəriət geyim qaydalarını pozmaqda ittiham olunan qadınları həbs etmək üçün küçələrə çıxmağa çağırılıb.

İran hakimiyyəti israr edir ki, qondarma “Nur” (“İşıq”) kampaniyası hicab qanununu pozan dairələr və fərdləri hədəfə alır və ictimai yerlərdə örtülü qadınların sayının artmasına qəzəblənən dindar vətəndaşların tələblərinə cavab məqsədi daşıyır. Amma fəallar və bəzi siyasətçilər deyirlər ki, bu saxta kampaniya təkcə məcburi hicabın tətbiqinə yox, həm də hazırkı həssas durumda dini liderlərə qarşı fikir ayrılığının genişlənməsinin qarşısını almaq məqsədi güdür.

İranın şəriəti və ya dini qanunlarına görə, qadınlar saçlarını örtmək və uzun, qapalı paltar geyinmək məcburiyyətindədir. Qanunu pozanları ictimai qınaq, cərimə və ya həbs gözləyir.

Aprelin 13-də İranın İsrailə PUA və raket hücumu baş verərkən, Tehranın polis rəisi Abbasəli Məhəmmədiyan dövlət televiziyasında “yeni kampaniya”nı elan edib.

“Bu gündən etibarən Tehran və digər şəhərlərdə polis hicab qanununu pozanlara qarşı tədbirlər görəcək”, - Məhəmmədiyan deyib.

Bundan sonra çoxlu sayda polis paytaxt və digər şəhərlərin küçələrində görünməyə başlayıb.

Sosial media istifadəçiləri Tehranda “əxlaq polisi”nin düzgün geyinmədiyi iddia edilən qadınları zorakılıqla saxlaması, o cümlədən mülki geyimli təhlükəsizlik qüvvələrinin gənc qadınları polis avtobuslarına sürüklədiyi videoları yayımlayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
23
2
Mənbələr
Şərh ()
Bağla