AZ

Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı

Azərbaycan prezidenti İlham Əliyevin Moskva səfəri başa çatdı. Kreml səfər ərəfəsi görüşdə dövlətlər arasında strateji müttəfiqliyin dərinləşdirmək məqsədi daşıyacağını bəyan etmişdi. Bəs bu danışıqlarda əldə olunan nəticələri strateji müttəfiqliyi gücləndirmə cəhdi kimi qiymətləndirmək mümkündürmü?

Musavat.com-un suallarını cavablandıran siyasi analitik Heydər Oğuz deyib ki, səfər öncəsi də bəlli idi ki, Rusiya ilə Azərbaycan arasında strateji müttəfiqlik qurma səviyyəsində hədəflər yoxdur: “Səfərdən öncə qeyd etmişdik ki, strateji hədəflər yoxdursa, strateji müttəfiqliklər də qurula bilməz. Bu görüşdə əsasən 3 məsələ müzakirə olundu:

1) Nəqliyyat kommunikasiya əməkdaşlığı;
2) Əmtəə dövriyyəsinin artırılması;
3) Təhlükəsizlik sahəsində birgə fəaliyyət.

İlham

Gözlənildiyi kimi görüşdə hərbi-strateji müttəfiqlik mövzusuna ümumiyyətlə yer verilmədi. Digər 3 sahədən yalnız biri daha çox əhəmiyyətli idi. Söhbət nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsindən gedir. Liderlərin mətbuat konfransında səsləndirdikləri bir çox fikirlər bu qənaətə gəlməyə imkan verir. Bilirsiniz ki, Vladimir Putin Rusiyanın “Şərq poliqonu” marşrutunu inkişaf etdirdiyini və bu xəttin həm “BAM”, həm də “Transsib”lə bağlı olduğunu İlham Əliyevin diqqətinə çatdırdı. Dolayısıyla ona “siz də bu marşrutun işləməsi üçün əlinizdən gələni edin” mənasına gələn bir ricada bulundu: “Düşünürəm, hətta əminəm ki, atanızın bu nəhəng layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmət çəkdiyi illər bu gün də təkcə Rusiya üçün deyil, həm də bütün Müstəqil Dövlətlər Birliyi üçün mühüm rola malikdir. Onu nəzərdə tuturam ki, bir çox tərəfdaşlarımız bu və ya digər dərəcədə bu nəqliyyat arteriyasından istifadə edirlər”.
İlham Əliyev isə ona “ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mövcud olduğunu” xatırladaraq cavab verdi, sanki daha məqbul əməkdaşlıq çərçivəsini göstərdi. Haqsız da deyildi. Çünki Putinin əməkdaşlıq sahəsi kimi təqdim etdiyi “Transsib”, “BAM” və onları birləşdirən “Şərq poliqonu” dəhlizlərinin Azərbaycanla yaxından-uzaqdan əlaqəsi yoxdur. Bu dəmiryolları şəbəkəsi Rusiyanın qərbindən Çinə və Sakit okeana qədər uzanır. Tikiliş məqsədi Rusiyanın şərqi ilə qərbini birləşdirmək və Uzaq Asiya ölkələri ilə ticarət əlaqələrini gücləndirməkdir. Rusiya 2022-ci ildə Ukraynanı işğala girişməsəydi, bu marşrut Çinin “Bir Yol, Bir Kəmər” layihəsinin şimal dəhlizi kimi fəaliyyət göstərər və ona böyük miqdarda pullar qazandırardı. Amma Putinin bu strateji səhvi Avropa ölkələrinin Rusiya ilə bütün nəqliyyat yollarını bağlaması ilə nəticələndi. Dolayısıyla alternativ dəhlizlər daha ön plana çıxdı. Həmin alternativlərdən biri Orta dəhliz, digəri isə Cənub dəhlizidir. Orta dəhlizin Azərbaycan üzərindən keçərək Gürcüstan vasitəsilə Türkiyəyə, cənub dəhlizinin isə Oman və Fars körfəzlərindən keçərək İraqa, ordan isə Türkiyə vasitəsilə Avropaya açılması nəzərdə tutulur. Hər iki dəhlizin heç biri Rusiya və İran ərazilərindən keçmir. Görünür, Putini narahat edən də budur və İlham Əliyev bu reallığı nəzərə alaraq ona Şimal-Cənub dəhlizinin varlığını xatırladır, bir növ əməkdaşlıq edə biləcəyimiz layihənin ünvanı göstərir. Ölkə başçısının Putinin birgə mətbuat konfransındakı “Şərq poliqonu dəhlizi” barədə çıxışından sonra səsləndirdiyi bu fikirlər də rəsmən ona verilmiş diplomatik mesajdan başqa bir şey deyildi. “Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir”, - İlham Əliyev bu sözlərlə demək istəyirdi ki, mən bu gün sizinlə yalnız bu nəqliyyat dəhlizində əməkdaşlıq barədə danışa bilərəm”.

Putinin bəhs etdiyi “Şərq poliqonu” dəmiryolu magistralının 9 min 288 kilometr uzunluğunda olduğunu qeyd edən siyasi şərhçi onun Sakit okeanda başlayıb Moskvada bitməsini xatırlatdı: “Moskvadan Bakıya dəmir yolu xətti isə 2 min 400 kiilometrdən çoxdur. Üst-üstə gələndə bu, hardasa 12 min kilometr edir. Üstəlik, bir də Bakıdan Avropaya nəqli hesaba qatanda məsafə kəllə çarxa çıxır. Orta dəhlizin ümumu uzunluğu isə avtomobil və ya dəmir yolu ilə 4 min 256 kilometr, dəniz yolu ilə isə 508 kilometrdir. Üst-üstə gələndə 4 min 700 kilometr məsafə ortaya çıxır. Deyək ki, Azərbaycan Rusiyanın xahiş-minnətini nəzərə alıb bir-biri ilə uzlaşmayan bu marşrutları birləşdirdi, hansı ağıllı iş adamı həmin yolla tranzitə razılıq verər? Azərbaycanın özünə lazım olan malların belə bu yolla daşınması rentabelli deyil”.

ƏLİYEVLƏ

Putinin İlham Əliyevlə görüşdə bu qədər qeyri-real təklif səsləndirməsini təsadüfi saymayan siyasi şərhçi diqqəti Türkiyə prezidentinin eyni gündə İraqa səfərinə yönəltdi: “Qərb ölkələrinin İran və Rusiyadan keçən dəhlizlərdən imtinası istər-istəməz “Bir Yol, Bir Kəmər” layihəsinin iki marşrutunu gündəmə gətirir. Bunlardan biri Orta dəhlizdir ki, bunun barəsində bəzi məqamlardan söz açdım. Digəri isə türkiyəlilərin “Qalxınma yolu” dedikləri cənub dəhlizidir. Türkiyə prezidenti Ərdoğan dünən İraq səfərində bu dəhlizin işə salınması üçün çox mühüm sənədlərə imza atdı. Qətər, BƏƏ, İraq və Türkiyə tərəfindən çəkilməsi qərarlaşdırılan bu yol digər rentabelli marşrutlardan biridir. Sazişə görə, dəhlizin inşası 2028-ci ilə qədər tamamlanacaq və fəaliyyətə başlayacaq. Qeyd edim ki, Türkiyə, Gürcüstan, Azərbaycan və Qazaxıstanın xarici işlər nazirlərinin 2022-ci ildə imzaladığı yol xəritəsi sazişinə görə, Orta dəhliz də 2027-ci ildə ərsəyə gətiriləcək. Türkiyənin rəhbərliyi ilə çəkilən həm Cənub, həm də Orta dəhliz eyni məqsədə qulluq edir - başda Çin olmaqla Uzaq Şərq ölkələri ilə Avropa arasında kommunikasiya əlaqələri qurmağa. Fikrimcə, İlham Əliyevin məhz Ərdoğanın İraqa səfəri ilə eyni gündə Moskvaya dəvət olunması və Putinin onunla görüşdə “Şərq poliqonu” dəhlizini dilə gətirməsi təsadüfi deyil. Məqsəd bu layihələrin arxasında dayanan beynəlxalq güc mərkəzlərinə “Şimal dəhlizi də var, bizi də nəzərdən çıxarmayın, unutmayın ki, Cənubi Qafqazın təhlükəsizliyi Rusiyadan asılıdır” mesajı verməkdir”.
Bəs, Putinin mesaj göndərdiyi beynəlxalq güc mərkəzləri kimlərdir? Məlumdur ki, “Bir yol, Bir dəhliz” Çinin layihəsidir. Belə çıxır ki, Rusiya iqtisadi və hərbi strateji cəhətdən asılı olduğu Çinə barmaq silkələyir?

İlham

Heydər Oğuz bu mülahizə ilə razılaşmır. Onun fikrincə, Orta və Cənub dəhlizi marşrutlarının arxasında təkcə Çin dayanmır: “Eyni zamanda Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi ABŞ-a bağlı qlobal maliyyə mərkəzləri də bu dəhlizləri dəstəkləyir. Təsadüfi deyil ki, İlham Əliyevin Rusiyaya, Ərdoğanın İraqa səfərindən iki gün əvvəl Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun Yaz Toplantısı keçirildi və bu toplantı çərçivəsində “Orta Dəhlizin ticarət və logistika potensialının reallaşdırılması” mövzusunda tədbir təşkil olundu. Həmin tədbirdə Orta Asiya ölkələrinin müxtəlif rəsmiləri ilə yanaşı Azərbaycan maliyyə naziri Samir Şərifov da iştirak etdi. Samir Şərifov toplantıda çıxış edərək Azərbaycanın Orta yol dəhlizində üzərinə düşən bütün vəzifələri yerinə yetirdiyini, tələb olunan yolların inşasını başa çatdırdığını bildirdi. Hazırda bu istiqamətdə yalnız Ermənistanın Zəngəzur yolunu istismara hazırlaması və istifadəyə açması qalıb. Bununla belə, Gürcüstan üzərindən keçən əsas xətt hazırdır və dəhliz istənilən anda fəaliyyətə başlaya bilər”.

Həmsöhbətimiz onu da vurğuladı ki, son zamanlar Ermənistan və Gürcüstanda gərginliklərin yaradılması da Orta dəhlizlə bağlı ola bilər: “Hətta Qarabağdan rus sülhməramlılarının çıxarılaraq Ermənistana göndərilməsi də təsadüfi deyil. Məqsəd Orta dəhlizin ən zəif həlqəsində problemlər yaradaraq onun fəaliyyətə başlamasına mane olmaqdır. Məsələyə bu aspektdən yanaşanda, Rusiyanın Zəngəzur yoluna nəzarət etməyə çalışmasının və Qərbin Paşinyandan israrla rus qoşunlarını ölkədən çıxarmağı tələb etməsinin də əsl səbəbini anlaya bilərik. Eyni şəkildə Gürcüstanın qarışdırılmasına hesablanmış addımlar da Rusiyanın beynəlxalq güc mərkəzlərinə əzələ nümayişi kimi dəyərləndirilməlidir”.

Çinlə Qərb dünyasının Orta və Cənub dəhlizinə fərqli aspektlərdən baxdığını gizlətməyən həmsöhbətimiz NATO və Avropa dövlətlərinin Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarını alqışlamasını da bu layihə ilə birbaşa əlaqəsinin olduğunu düşünür: “Bilirsiniz ki, Brüssel görüşündən geri qayıtdıqdan sonra Ermənistanın baş naziri Nikol Paşinyan ritorikasını 180 dərəcədə dəyişdi. Demək olar ki, Azərbaycanın bütün haqlı tələblərini yerinə yetirməyə başladı. Nəhayət, son zamanlar ən çox mübahisə mövzusuna çevrilən 4 kəndimizi də bizə qaytardı. Faktiki olaraq şimala qapıları bağlanan Ermənistanın Orta dəhlizə bağlanmaqdan başqa çarəsi qalmadı. Bununla həm də İranın böyük arzuları iflasa uğradı. Azərbaycanla Ermənistanın sülh danışıqlarında əldə etdiyi uğurlar, demək olar ki, bütün Qərb təsisatları tərəfindən açıq şəkildə alqışlandı. Rusiya rəsmiləri isə əks mövqe sərgilədilər. Ardından rus sülhməramlıları Qarabağı tərk etməyə başladı. Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın bu addımının çarəsizlikdən atıldığı, artıq rus sülhməramlılarının Qarabağda qalması üçün əsas olmadığını etiraf etdi. Fikrimcə, bütün bunlar beynəlxalq güc mərkəzlərinin Orta dəhlizə fərqli münasibətlərindən qaynaqlanır. Rusiya onun nəzarətindən kənarda dəhlizin açılmasını istəmir, Qərb isə region dövlətlərini buna həvəsləndirir. Sözsüz ki, bu, Qərbin Çin layihəsinə dəstək verməsindən irəli gəlmir. Əksinə, ABŞ və Qərb ölkələri Rusiyanın zəifləməsi ilə Orta Asiya və Cənubi Qafqazda yaranacağı güman olunan avtoritar boşluğun Çin tərəfindən doldurulmasına qarşı çıxırlar. Odur ki, Transxəzər və Qlobal Keçid layihələri ilə həmin ölkələrin iqtisadi inkişafını dəstəkləməyə çalışırlar və bu layihələr üçün 300 milyard dollarlıq vəsait ayırıblar”. Heydər Oğuz inanır ki, ABŞ Konqresinin bir neçə gün əvvəl müxtəlif ölkələrə ayırdığı hərbi yardımlar da eyni məqsədə xidmət edir: “Bilirsiniz ki, Nümayəndələr Palatası Rusiya ilə savaşan Ukraynaya 61 milyard, İranla ixtilafda olan İsrailə təxminən 28 milyard, Çinlə “qanlı bıçaq” olan Tayvana isə cəmi 8 milyard dollar ayırdı. Halbuki dünyanın ikinci hərbi gücü Çindir və məntiqlə Tayvana daha çox maliyyə ayrılmalı idi. Fikrimcə, qeyri adekvat vəsait ayrılmasının başlıca səbəbi Rusiya və İranı münaqişəyə cəlb edərək uğraşdırmaq, Çini isə “qırmızı cizgimizi keçsən, səninlə də hər an hər şey baş verə bilər” təhdidi altında saxlamaqdır. Bunun isə bir səbəbi ola bilər: Çinin də maraqlı olduğu Orta və Cənub dəhlizini açmaq, İran və Rusiyanın bu yöndə əngəlləyəcəyi tədbirlərinin qarşısını onun vasitəsilə almaq, bir növ, 2 milyarda yaxın əhalisi olan Çini bu dəhlizlərə möhtac buraxmaq və lazım gələrsə aclıqla imtahana çəkmək”.

Heydər Oğuz Azərbaycan və Rusiya liderlərinin görüşündən hər hansı strateji əhəmiyyətli nəticə hasil olmadığına inanır.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
91
50
Mənbələr
Şərh ()
Bağla