AZ

Əliyevin Moskva səfəri - Ermənistan Qərbdən də, Moskvadan da oldu, Azərbaycan hər ikisi ilə anlaşa bildi...

Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın qarşılıqlı faydalı əlaqələrə malik olduğu tərəfdaş dövlətlərdən biri də Rusiya Federasiyasıdır. Məlumdur ki, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır və hər iki ölkənin milli maraqlarına cavab verir.Rəsmi səviyyədə mütəmadi olaraq baş tutan qarşılıqlı səfərlər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də, dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna önəm kəsb edir. Bu baxımdan, aprelin 22-də Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri də böyük əhəmiyyət daşıyır.Qeyd edək ki, prezident İlham Əliyevin Baykal-Amur Magistralının 50 illik yubileyi ilə əlaqədar Moskvaya işgüzar səfəri Cənubi Qafqazda reallıqların kökündən dəyişməsi nəticəsində Rusiya-Azərbaycan münasibətlərində baş verən keyfiyyət dəyişikliklərini nümayiş etdirdi. SSRİ-nin ən böyük infrastruktur layihəsi olan Baykal-Amur Magistralının tikintisinin başlanmasının 50 illiyi münasibətilə Moskvada BAM-ın veteranlarını şəxsən Rusiya Prezidenti Vladimir Putin qəbul etdi. Tədbirin səciyyəvi cəhəti Azərbaycan prezidentinin burada iştirakı idi. Bu da təsadüfi deyildi. Dünyada həyata keçirilən ən böyük nəqliyyat layihələrindən biri olan Baykal-Amur Magistralının inşa edilməsində ümummilli lider Heydər Əliyev mühüm rol oynamışdı. Yubiley tədbirində bu nəhəng nəqliyyat yolunun uğurla başa çatdırılması və istifadəyə verilməsində Heydər Əliyevin xidmətlərindən geniş bəhs edildi. Vladimir Putin Heydər Əliyevi SSRİ-nin və müstəqil Azərbaycanın dövlət xadimi kimi necə yüksək qiymətləndirdiyindən danışdı. Həm Vladimir Putin, həm də İlham Əliyev bütün söhbətlərində Rusiya və Azərbaycanın ümumi tarixə dəyər verdiklərini vurğuladılar, həmçinin keçmişdə əldə olunan infrastruktur nailiyyətləri ilə bu gün birgə həyata keçirilən qlobal infrastruktur layihələri arasında paralellər apardılar. Həqiqətən də, indi gündəmdə İran hissəsinin tamamlanması və Rusiyanın şimalını Azərbaycan ərazisindən keçməklə İranın Fars körfəzindəki limanları ilə birləşdirəcək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin işə salınması və BAM ilə analogiya durur. Əgər o zaman Heydər Əliyevin rəhbərliyi ilə nəhəng yol uğurla tikilirdisə, indi də onun qalib varisi İlham Əliyevin dövründə Şimal-Cənub layihəsinin eyni dərəcədə səmərəli nəticəsini gözləmək lazımdır. Ümumiyyətlə, prezidentlər Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ən yüksək səviyyədə olduğunu dəfələrlə vurğulayıblar.Vladimir Putin və İlham Əliyevin ictimai bəyanatlarının diqqətəlayiq cəhəti Ermənistanın adının çəkilməməsi olub. İkitərəfli mövzulardan kənarda Rusiya prezidenti yalnız bütövlükdə Cənubi Qafqazla bağlı deyib: “Biz regionda təhlükəsizliyin təmin olunması ilə bağlı vəziyyət barədə də danışacağıq, onlar çox həssasdır”. Və Azərbaycan prezidenti təsdiqlədi ki, “görüşlərimizdə regional təhlükəsizlik məsələləri daim gündəmdədir”. İlham Əliyev, eyni zamanda, regional vəziyyətin Rusiya-Azərbaycan aspekti ilə davam etdi: “Biz onların necə həll olunmasından məmnunuq ki, Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik baxımından fundamental ölkədir. Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox şey asılıdır və biz etimad quruculuğu tədbirlərini, əməkdaşlığı, qarşılıqlı anlaşmanı və bütün məsələlərin həllini gücləndirməyə sadiqik”. Ermənistanın Vladimir Putinlə İlham Əliyev arasında dialoqun açıq hissəsindən “yoxa çıxması” təkcə Ermənistan-Azərbaycan nizamlanmasında deyil, həm də Bakı-Moskva-İrəvan siyasi üçbucağında reallıqların dəyişməsindən xəbər verir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi nəhayət ki, həm Azərbaycan, həm də Rusiya tərəfinin razılaşdığı vasitəçisiz ikitərəfli rejimə keçib. Bu səbəbdən Azərbaycan öz müttəfiqi ilə görüşlərdə erməni məsələsini qaldırmağa ehtiyac görmür. Bundan sonra Moskva ilə Bakının qarşılıqlı fəaliyyətinin diqqət mərkəzində yalnız Rusiya-Azərbaycan məsələləri dayanır. İndi Ermənistanın əvəzinə Vladimir Putin və İlham Əliyev Cənubi Qafqazda təhlükəsizliyin birgə təmin edilməsindən danışır və onların İrəvanın adını çəkməkdən yayınmaları Moskva ilə Bakının Ermənistan hakimiyyətinin müstəqilliyinin olmaması ilə bağlı ortaq nöqteyi-nəzərini nümayiş etdirir. Həm Azərbaycanın, həm də Rusiyanın regionda təhlükəsizliyinə ümumi təhdid Ermənistan deyil, nəzarət edilən Ermənistan hakimiyyəti vasitəsilə Cənubi Qafqaza daxil olan Qərbin qüvvələridir. Bu fonda sözügedən səfər həm də Ermənistanın Qərblə münasibətlərdə xüsusi bir üstünlük qazanmadan Rusiya ilə əlaqələrinin, belə demək olarsa, məhvi fonunda baş verir. Rus ekspert Stanislav Pritçin bu xüsusda qeyd edir:  “Azərbaycan obyektiv olaraq Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır. Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşlərini Ermənistanda çox diqqətlə izləyirlər. Azərbaycan həm iqtisadi nöqteyi-nəzərdən, həm də Şimal-Cənub, Xəzər dialoqu üzrə geostrateji layihələr, bütövlükdə regionda təhlükəsizlik məsələləri baxımından da əhəmiyyətlidir”. Onun sözlərinə görə, Qarabağ probleminin həlli əvvəllər Moskva ilə Bakı arasında münasibətlərin inkişafına əngəl olan maneələri aradan qaldırır. Ermənistanın hakimiyyət orqanları üçün bu vəziyyət “maksimum dərəcədə əlverişsizdi. Təsadüfi deyil ki, İlham Əliyevin birgünlük səfəri fonunda Paşinyanın da Vladimir Putinlə görüşmək ehtimalı barədə dərhal söz-söhbət yayıldı. Hələ bir həftə bundan əvvəl bu mövzu gündəlikdə yox idi”. Bu səfərin Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması kontekstində baş verməsi də diqqətdən yayınmır. Bu proses iki ölkə liderlərinin qarşılıqlı anlaşma və qərarı əsasında baş tutdu. Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov qeyd edir ki, liderlər Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması məsələsini açıq müzakirə etməyiblər: “Lakin şübhə etmirəm ki, bağlı qapılar arxasında bu məsələ qaldırılmaya bilməzdi. Əliyev Rusiya sülhməramlılarının Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə verdiyi töhfəyə görə Rusiya dövlətinin başçısına təşəkkür edib. Yeni prezidentlik dövrləri həmişə simvolik xarakter daşıyır. Hər iki liderin yenidən seçildikdən sonra həqiqətən yaxşı qonşular, eyni istiqamətə baxan ölkələr, strateji tərəfdaşlar və müttəfiqlər kimi qeydləri müqayisə etmək qərarına gəlməsi simvolikdir. Rusiya lideri mütəmadi olaraq Şimal-Cənub layihəsinin həyata keçirilməsinin vacibliyindən danışır. Rusiya üçün Azərbaycan böyük dost, müttəfiq, strateji tərəfdaşdır, onunla çoxlu müştərək layihələr həyata keçirilir. Azərbaycan Rusiya üçün doğrudan da şəffaf, məsuliyyətli, etibarlı tərəfdaşdır, digər məsələlərlə yanaşı, nəqliyyat və iqtisadi əlaqələrin inkişafı baxımından da vacibdir. Münasibətlərimiz zamanın ciddi sınaqlarından çıxıb... Putinin Əliyevi belə bir tədbirə dəvət etməsi, məncə, həm Moskvanın, həm də Bakının bizim güclü tarixi əlaqələrimizə nə qədər diqqət yetirdiyini bir daha nümayiş etdirir ki, bu da son dərəcə vacibdir. Moskvanın Heydər Əliyevə və onun Sovet dövlətinin inkişafındakı xidmətlərinə necə hörmət etdiyini göstərir. Əliyevin Moskva səfərindən sonra Paşinyan, çox güman ki, bir neçə günə Moskvaya gələcək. Rusiya ilə Ermənistan bu gün çətin münasibətlərdədir. Liderlər həm də bəzi həssas məsələləri, eləcə də regiondakı vəziyyətə baxışlarını müzakirə etmək imkanı əldə edəcək. Putinin həm Azərbaycan, həm də Ermənistan liderlərinin mövqeləri ilə tanış olmaq və müvafiq nəticələr çıxarmaq imkanı var”. Beləliklə, Azərbaycan bu gün həm Rusiya, həm də Qərblə yaxşı münasibətdədir. Ermənistan Azərbaycanın gedişlərini təkrar etmək istəsə də hər şeyi məhv edir.Tahir TAĞIYEV

Seçilən
134
50
Mənbələr
Şərh ()
Bağla