AZ

Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Şəki, 20 aprel, Mustafa Dadaşov, AZƏRTAC

“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Şəki şəhərində keçirilən zona mərhələsinin yarışları Oğuz rayonunun komandasının qələbəsi ilə başa çatıb. Şəki Olimpiya İdman Kompleksində keçirilən yarışda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərindən təşkil edilmiş komandalar mübarizə aparıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib. Bildirilib ki, gənclərin vətənpərvərlik tərbiyəsində böyük rolu olan “Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd məktəblilərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunması, Şanlı Zəfər tarixinin təbliğidir.

Yarış zamanı komandalar sıra hazırlığı, intellektual müsabiqə, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və çadırın qurulması mərhələlərində bacarıqlarını nümayiş etdiriblər.

Zona turunun yekun nəticələrinə əsasən, Zaqatala və Qəbələ rayonlarının komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Qaliblər mükafatlandırılıblar.

Zona yarışında birinci yeri tutan Oğuz rayonunun komandası, eyni zamanda, hərbi-idman oyununun Gənclər Paytaxtı Lənkəran şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Seçilən
32
1
Mənbələr
Şərh ()
Bağla