AZ

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Tərtərdə

Tərtər, 24 aprel, AZƏRTAC

“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Tərtər şəhərində keçirilən zona mərhələsinin qalibi məlum olub. Tərtər Olimpiya İdman Kompleksində təşkil edilən yarışda Tərtər, Füzuli, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Şuşa rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar mübarizə aparıb.

Qarabağ Regional Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, gənclərin vətənpərvərlik tərbiyəsində böyük rolu olan “Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd məktəblilərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunması, Şanlı Zəfər tarixinin təbliğidir.

Oyun ərzində əsasnaməyə uyğun olaraq iştirakçılar sıra hazırlığı, intellektual müsabiqə, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və çadırın qurulması mərhələlərində bacarıqlarını nümayiş etdiriblər.

Qiymətləndirməyə əsasən, ən yüksək bal toplayan Ağdam, Şuşa və Bərdə rayon komandaları ardıcıl olaraq ilk üç yerə layiq görülərək mükafatlandırılıblar. Zona yarışında birinci yeri tutan Ağdam rayonunun komandası, eyni zamanda, hərbi-idman oyununun Gənclər Paytaxtı Lənkəran şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
1
azertag.az

2Mənbələr