AZ

Sertan özündən narazıdır: “Daha yaxşısını edə biləcəyimi düşünürəm”

Türkiyənin 1-ci liqasında çıxış edən “Manisa” klubunun futbolçusu Sertan Taşkının futbolinfo.az saytına müsahibəsi

– Artıq 3 aydır ki, karyeranızı Türkiyədə davam etdirirsiniz? 1-ci liqaya tam uyğunlaşmısınız? Oradakı performansınız özünüzü qane edir?

– Adaptasiya baxımından çox çətinlik çəkmədim. Bu da komanda yoldaşlarım və məşqçilərimizin məni çox yaxşı qarşılamaları ilə bağlı oldu. Onların sayəsində tez bir zamanda “Manisa”ya, 1-ci liqaya uyğunlaşdım. Açığı, göstərdiyim oyun məni tam qane etmir. Bu, Türkiyə ilə bağlı olan bir şey deyil, mənim özümlə bağlıdır. Həmişə daha yaxşısını edə biləcəyimi düşünürəm.

– Superliqaya vəsiqəni təmin etmiş “Eyüpspor”la oyunda 2:2 hesablı heç-heçə etdiniz. Matçın gedişində 0:2 hesabı ilə geridə olsanız da, yekunda 1 xal qazana bildiniz…

– “Eyüpspor”la matçda 7 real qol imkanımız oldu. Amma bunlardan cəmi ikisini qola çevirə bildik. Qaçırdığımız penalti oldu. Buna görə də qazandığımız 1 xala sevinmədik, itirdiyimiz 2 xala görə çox məyus olduq.

– Türkiyə 1-ci liqası ilə Azərbaycan Premyer Liqası arasında nə kimi fərqlər var? Hansı məqamlara görə Türkiyə 1-ci liqası üstündür, hansı məqamlara görə Misli Premyer Liqası?

– Türkiyə 1-ci liqasının üstünlüyü komanda sayının çoxluğunda və azarkeş sayındadır. Azərbaycan Premyer Liqası ilə müqayisədə burada 1 komanda ilə mövsüm ərzində 2 dəfə qarşılaşırsan. Türkiyə 1-ci liqasında təkcə bir problem var. O da hakimlərin təmaslı oyuna çox icazə verməməsidir.

– “Manisa” liqada qalmaq uğrunda oynayır, hazırda 33 xalla 14-cü yerdəsiniz. Komandanız liqadakı yerini qoruya biləcək?

– Bu vəziyyətə düşməyi istəməzdik. Keçmiş oyunlara baxanda itirdiyimiz xallara görə məyus oluruq. Amma bundan sonra əlimizdən gələni edəcəyik ki, liqadakı yerimizi qoruyaq. Qarşıdakı oyunlarda maksimum nəticə qazanmağa çalışacağıq.

– Növbəti tur çərçivəsində bu gün səfərdə “Altay” ilə qarşılaşacaqsız. Rəqibin heç bir iddiası qalmayıb, liqanı tərk edəcəyi dəqiqləşib, sizin üçün isə 3 xal qazanmaq çox vacibdir. Qalib gələrək azarkeşlərinizi sevindirə biləcəksiniz?

– İnşallah, əlimizdən gələni edəcəyik. Bu görüş bizim üçün böyük önəm kəsb edir. Azarkeşlərimizi sevindirməyə çalışacağıq.

– Coşqun Diniyev və Bəxtiyar Həsənalızadə ötən yaydan Türkiyə 1-ci liqasında oynayır, Ramil Şeydayev, Vüsal İsgəndərli və siz isə qışdan etibarən bu liqada çıxış edirsiniz. Adıçəkilən azərbaycanlı futbolçularla tez-tez danışıb söhbətləşirsiniz?

– Əlbəttə, danışırıq, bir-birimizlə əlaqə saxlayırıq. Hər birimiz çalışırıq ki, komandalarımıza kömək edək.

– Yanvarda “Manisa” ilə 1,5 illik müqavilə imzalamışdınız. Sözləşmənizin sonunadək bu klubda qalmaq fikrindəsiniz, yoxsa yayda Türkiyədə daha iddialı kluba keçmək istərdiniz?

blank

– “Manisa” ilə qüvvədə olan müqaviləm var. Gələcək haqda hələ düşünməmişəm. Hazırda bütün fikrimi komandamın çətin vəziyyətdən çıxmasına yönəltmişəm.

– Sabiq komandanız “Turan Tovuz”un nəticələrini diqqətdə saxlayırsınız? Necə düşünürsünüz, Tovuz klubu avrokuboklara vəsiqə qazana biləcək?

– Əlbəttə, “Turan Tovuz”un oyunlarını, nəticələrini izləyirəm. Komanda yaxşı çıxış edir. Onlara uğurlar arzulayıram. İnanıram ki, avrokuboklara vəsiqə qazana biləcəklər.

FƏRİD

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla