AZ

Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor təyin edildi

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə görülən işlər çərçivəsində TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzi yaradılıb.   Manset.az  xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Mərkəzin yaradılmasında məqsəd bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması, uşaq əhalisinin müalicə diaqnostika prosesinin vahid mərkəzdə təkmilləşdirilməsi, yeni xidmət növlərinin yaradılmasıdır. TƏBİB-in Müşahidə Şurasının qərarı ilə yaradılan Respublika Pediatriya Mərkəzinə direktor təyinatı olub. Belə ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Respublika Pediatriya Mərkəzinə Azər Əhmədov direktor təyin edilib. İcraçı direktor Vüqar Qurbanov 18 aprel 2024-cü il tarixində yeni təyin olunmuş Azər Əhmədovu kollektivə təqdim edib. Məlumat üçün bildirək ki, Azər Əhmədov 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə təhsil alıb. 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında internatura keçib. 2015-2019-cu illərdə Türkiyədə Qazi Universitetində təhsilini davam etdirərək uzmanlıq dərəcəsi alıb.

O, 2005-2007-ci illərdə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında feldşer, 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında intern, 2008-2011-ci illərdə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında həkim-pediatr, 2012-2015-ci illərdə Ankarada özəl tibb müəssisələrində Acil şöbə müdiri kimi çalışıb. 2020-ci ildə Bakı Sağlamlıq Mərkəzinin Pediatriya Mərkəzinin rəhbəri, 2020-2023-cü illərdə isə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsini icra edib. 2023-cü ilin mart ayından indiyədək isə Ege Hospitalda pediatr kimi çalışıb.

Seçilən
59
27
Mənbələr
Şərh ()
Bağla