AZ

18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür


Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Ölkəmizdə yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələrin mövcudluğu fikrimizi tamamlayır. Azıx mağarasından tapılmış qədim insanın çənə sümüyü, Qobustanda aşkar edilmiş yaşayış məskənləri Azərbaycanda ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir. Tarixin müxtəlif dövrlərində ölkəmizin ərazisində dövlətlərin yaranması ilə qədim şəhərlər salınıb, müdafiə tikililəri, əzəmətli qala divarları inşa olunub. Orta əsrlərə aid abidələr Qız Qalası, Möminə Xatun, Qarabağlar, Gülüstan, Allah-Allah türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və s. nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Hazırda dünyada baş verən siyasi proseslər nəticəsində minlərlə abidə məhv olmaq təhlükəsindədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir. Abidələr və tarixi yerlərin məhv olmaq təhlükəsi ölkəmizdən də yan ötməyib.
Son illər ölkəmizdə tarixi abidələrin bərpası və qorunması istiqamətində bir sıra layihələr icra olunub. Ölkə başçısının böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Xalqımızın yaratdığı mədəni irs nümunələrinin dünyada tanıdılması istiqamətində də uğurlara imza atılıb. İçərişəhər memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub.
30 ilə yaxın işğal altında olan ərazilərimizdə və Qərbi Azərbaycanda vəhşi işğalçılar abidələrimizə, bizim tariximizlə, mədəniyyətimizə divan tutublar.

İRƏVANDA AZƏRBAYCAN-TÜRK MƏNŞƏLİ TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİ


Bu abidləri yer üzündən silməklə, keçmişimizi, yaddaşımızı silməyə çalışıblar. Tarixi mənbələrdə qeyd olunduğu kimi, Azərbaycan torpaqları 1828-ci ildə "Türkmənçay" müqaviləsi ilə Rusiya və İran arasında bölüşdürüldükdən sonra çar Rusiyası mərhələli şəkildə ermənilərin bu ərazilərdə məskunlaşmasına imkan yaratdı. Özlərinə yer eyləyən ermənilər illər uzunu öz murdar niyyətlərini həyata keçirməyə başladılar. Onlar Azərbaycan torpaqlarını işğal etməklə, tarixi-mədəni irsimizi, adət-ənənələrimizi, musiqimizi və incəsənətimizi özününküləşdirməyə cəhd edib, qədim tarixə malik olduqlarını bu yolla sübut etməyə çalışıblar. Məkrli niyyətlərinə nail ola bilmədikdə isə tarixi-mədəniyyət abidələrini, məscidləri, qəbiristanlıqları vəhşicəsinə dağıdıb, yer üzündən siliblər. Qərbi Azərbaycan indiki Ermənistan torpaqlarında 1913-1918-ci illərdə İrəvan şəhərində Sərdar sarayı kompleksi, çoxsaylı karvansaralar, hamamlar, türbələr dağıdılmışdır. Şah İsmayıl Xətainin öz vəziri Rəvanqulu xana tikdirdiyi İrəvan qalası, o cümlədən 1870-dən çox Azərbaycan-türk mənşəli tarix və mədəniyyət abidələri, bir o qədər də qədim və orta əsrlərə aid qəbiristanlıq, heykəllər, incəsənət nümunələri tamamilə məhv edilib. O illərdə İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid talan edilərək yandırılmışdır.
30 il müddətində işğal altında saxladıqları bütün tarixi, dini abidələrimizi məhv ediblər. Cəbrayılda 132 tarixi abidə, Ağdam, Zəngilan, Qubadlı, Kəlbəcər və Füzuli rayonlarında yüzlərlə tarixi, memarlıq və mədəniyyət abidələri, on minlərlə eksponatı olan muzeylər düşmən əlinə keçərək viran edilmişdir. Şuşada XVIII əsrə aid Gövhər Ağa məscidi, Hacı Abbas məscidi və karvansaray, Hacı Yusifli məscidi, Cəbrayılda V və VII əsrlərə aid səkkizguşəli türbə, XVIII əsrə aid Sultanməcid hamamı, Zəngilanda XII əsrə aid Qız qalası, XIV əsrə aid səkkizguşəli türbə, Laçında XIV əsrə aid Məlikəjdər Türbəsi, Ağdamda dünyada ikinci olan Çörək Muzeyi, eramızdan əvvəl V əsrə aid Çalaqtəpə yaşayış məskəni, Qubadlıda IV əsrə aid Gavur dərəsi, V əsrə aid Qalalı və Keyqala abidələri, Kəlbəcərdə XIII-XVIII əsrlərə aid Xotavənd məbədi, Füzulidə 1682-ci ildə tikilmiş Qiyasəddin məscidi, 1684-cü ildə tikilmiş Qarğabazar karvansarayı və digər tarixi memarlıq abidələrimiz erməni vandalizminə məruz qalmışdır.

MÜQƏDDƏS OCAQLARIMIZ

Bütün bu əməllərlə Ermənistan "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasını, "Arxeoloji abidələrin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasını, "Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında" 1970-ci il Paris Konvensiyasını, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Paris Konvensiyasını, "Arxeoloji irsin mühafizəsi haqqında" Avropa Konvensiyasını və s. kobudcasına pozub.
Əlbəttə ki, tarixi abidələrimiz sırasında dini-mədəniyyət abidələrimiz də müstəsna yer tutur. Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi yenidən qurulub. Xristian dini abidələri, alban kilsələri, cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi təmir edilib. Tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, həmçinin dini ziyarətgahların, maddi-mədəniyyət abidələrin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır.
Tarixi-dini abidələrin qorunması, təmir və bərpasına Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz töhfəsini verir. İstər ölkəmizdə, istərsə də xaricdə dini abidələrin bərpası üzrə layihələr reallaşdırır. Bunlardan biri də Şamaxı şəhərinin girəcəyində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında yerləşən Pirsaat Baba ziyarətgahıdır. Şamaxı rayonunda Pirsaat çayının sahilində yerləşən Pirsaat Baba ziyarətgahı əhalinin ən çox ziyarət etdiyi müqəddəs ocaqlardan biridir və 2019-cu ildə Şamaxıda baş verən zəlzələ zamanı ziyarətgahın divarlarında çatlar əmələ gəlmişdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2020-ci ildə burada bərpa-yenidənqurma işlərinə və yeni məscid binasının inşasına başlanılmışdır.

"BÜTÜN BAŞQA DİNLƏRİN MƏBƏDLƏRİ BİZİM ÜÇÜN ƏZİZDİR VƏ BİZİM SƏRVƏTİMİZDİR"

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Azərbaycanda dövlət-din münasibətlərinin necə qurulduğuna nəzər salarkən, vurğulayıb ki, Azərbaycanda dövlət dini məsələlərə qarışmır, əksinə, çalışır ki, kömək göstərsin: "Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq dövlət dindarlara daim dəstək və dayaq olur. Bizim bütün tarixi məscidlərimiz dövlət tərəfindən əsaslı şəkildə bərpa edilibdir". Ölkəmizdə həm məscidlərimiz, həm də qeyri-xalqların dini abidələri qorunur və abadlaşır. Azərbaycan Prezidenti çıxışlarının birində vurğulayıb ki, bütün başqa dinlərin məbədləri bizim üçün əzizdir və bizim sərvətimizdir: "Azərbaycanda bütün dinlərin tarixi-dini abidələri qorunur, bərpa edilir, tikilir". Abadlaşdırılmış Pravoslav Dini-Mədəni Mərkəzi, Katolik məbədi Azərbaycanda mövcud olan münasibətin təzahürüdür. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə də dini abidələrin təmir və bərpasına başlayıb. Ərazilərdə abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlayan ermənilərin vandallığı bütün dünyaya göstərildi.
Erməni barbarlığının nəticəsi olaraq dağıdılan abidələrimiz qısa bir zamanda bərpa olunacaqdır. Təbii ki, tarixi abidələr daş yaddaşimıza çevrilib və hər bir xalqın kimliyini, keçdiyi tarixi yolu xatırladır. Bu abidələrin qorunması hər birimizin borcudur.


Zümrüd BAYRAMOVA

Seçilən
53
8
Mənbələr
Şərh ()
Bağla