AZ

Hacı İbrahimi batıran layihə qayıdır - Xəzərdə süni adalar...  

Yeni layihənin riskli tərəfləri - ekspertlərdən fərqli rəylər

Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq. Bu, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi başa düşülür.

Layihəyə əsasən, dəniz limanlarının fəaliyyətinin təmin edilməsi məqsədləri üçün süni torpaq sahələrinin yaradılması və onların istifadəsinin xüsusiyyətləri “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənəcək. Belə ki, süni torpaq sahəsinin yaradılması ilə bağlı icarə haqqı ödəniləcək.

Yeni qanun layihəsinə əsasən, süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinə və süni torpaq sahəsinə görə ödənilən icarə haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq. 

Qanun layihəsinin tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar. Qeyd edək ki, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaqın tikintisi  2015-ci ildən dayandırılıb. “Avesta” şirkətinin təşəbbüsü olan layihənin dəyəri 100 mlrd. dollar təşkil edirdi, burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılırdı. “Xəzər adaları”, yaxud bu layihənin təxminən 1.2 milyard dollara başa gələn hissəsi yüz milyonlarla dollar kredit əvəzində  Azərbaycan Beynəlxalq Bankında girov qoyulmuşdu. Bankın keçmiş rəhbərliyi iqtisadi səmərəliliyi böyük şübhə doğuran bu layihəyə yüz milyonlarla dollar dövlət vəsaitini axıtmışdı. Sonradan 2015-ci ildə “kredit oliqarxları”nın ovu başlayanda “Avesta” şirkətinin rəhbəri Hacı İbrahim də həmin pullara görə istintaqa cəlb edildi. Belə vəziyyətdə bankda girov olan “Xəzər adaları” layihəsi də Beynəlxalq Bankın problemli kreditlərinə görə girov qoyulmuş digər aktivlər kimi “Azəraqrarkredit” ASC-nin balansına verildi. Daha sonra isə kompleks “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib. “Azərbaycan Sənaye Korporasiyası” layihə üçün xarici investor axtarsa da, 2021-ci ilin aprel ayına qədər bu layihə ilə heç bir investor maraqlanmayıb. 2019-cu ilin iyul ayında Hacı İbrahim açıqladı ki, daha onun dövlətə “bir qəpik də olsun” borcu qalmayıb. Çünki “Xəzər adaları”nı dövlətə verib. Yeni layihə-təkliflər miqyasına görə “Xəzər adaları”ndan fərqli olsa da, istisna deyil ki, eyni aqibəti yaşaya bilər. 

Natiq

 Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, "Xəzər adaları" layihəsi akril layihə idi, reallaşdırılması mümkün deyildi: “Bu, sadəcə, Azərbaycan Beynəlxalq Bankından külli miqdarda vəsait alıb mənimsənilməsi idi. İndiki təklif isə fikrimcə, başqa məsələlərlə bağlıdır. Yeni qanun layihəsi əsasən dəniz limanları ilə bağlıdır. Çünki Xəzər dənizində sürətlə suyun çəkilməsini görürük. Artıq indiki limanlardakı yerləşən gəmilərin yanalma estakadaları böyük həcmli gəmilərin yaxınlaşması üçün yetərli deyil. Ona görə dənizin iç hissinədək uzadılmalıdır ki, orada gəmilərin normal yaxınlaşması və yüklərin rahat şəkildə boşaldılması əməliyyatı həyata keçirilə bilsin. Xəzərin suyu kifayət qədər azalıb, azalmaqda davam edir. Nəticə etibarilə yüksək tutumlu gəmilər limana yaxınlaşa bilmir. Fəaliyyətdə olan limanlar artıq bunun üçün əlverişli deyil. Fikrimcə, bu məsələyə görə həmin limanların iç qisminin uzadılması bu layihənin əsas qayəsidir”. 

Eldəniz

Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirov da bu mövzu ilə bağlı fikirlərini bölüşüb. O, Xəzər dənizində süni torpaq sahələrinin yaradılaraq icarəyə və istifadəyə verilməsinə dair yeni qanun layihəsinin tərəfdarı olmadığını deyib: “Çünki bu,  Xəzər dənizinin sahil xəttinin zəbt edilməsinə dair ciddi risklər yaradacaq. Qanun layihəsində süni torpaq sahəsinin dövlət mülkiyyəti olacağı və  özgəninkiləşdirilməsinə yol verilməyəcəyi bildirilir. Lakin yaxın keçmişdən başlayaraq Xəzərin sahil xətti boyu müşahidə edilən vəziyyət, bu prosesin sadə insanlar üçün Xəzərin əlçatanlığını daha da çətinləşdirəcəyini deməyə əsas verir. Qanuna əsasən, hüquqi və ya fiziki şəxsin torpaq sahəsində, həmçinin sahilboyu zolağın altında olan torpaq sahəsində inşa etdiyi bina və qurğuların mülkiyyət hüquqları qeydiyyata alınacaq. Yaxşı, bəs onda Xəzərin sahilinin mülkiyyət hüququ ayrı-ayrı şəxslərə malik  olan bina və digər qurğularla dolması Xəzərin sahil xəttinin faktiki olaraq adi insanlar üçün əlçatmaz etməyəcəkmi?

Digər bir məsələ Xəzərin strateji əhəmiyyətidir ki, bir gün elə bir məqam gələcək ki, bu gün qanunla atılmış addımlar və verilmiş mülkiyyət hüquqları gələcəkdə dövlətin maraqları önə çıxdığı zaman mülkiyyət toxunulmazlığına dair problemlər ortaya çıxaracaq".

Nurlan

Nurlan Həsənov

Deputat Nurlan Həsənov isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin keçirilən iclasında deyib ki, Xəzərdə süni torpaq sahələrinin yaradılması Azərbaycan üçün yeni imkanlar açacaq:  “Dənizdə süni torpaq sahələrinin yaradılmasından beynəlxalq təcrübədə geniş istifadə olunur. Bəzi dövlətlər bundan enerji, nəqliyyat, turizm, digərləri isə hərbi məqsədlər üçün istifadə edirlər. Yaponiya süni adalardan nəqliyyat məqsədilə istifadə edir. Süni adalar beynəlxalq konvensiya əsasında yaradılır. Yeni qanun layihəsi bu sahədə Azərbaycanda yeni imkanlara yol açacaq”. 

Qeyd edək ki, qanun layihəsində Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılma formaları müəyyən olunub.

Layihəyə əsasən, süni torpaq sahəsi Xəzər Dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində (bundan sonra su fondu torpaq sahəsi) ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla bilər. Bu qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi başa düşülür.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Seçilən
82
20
Mənbələr
Şərh ()
Bağla