AZ

Gürcüstanda xarici agentlərlə bağlı etiraz aksiyası: Polislə toqquşma yaşandı – Saxlanılanlar və xəsarət alanlar var

Ötən gecə Gürcüstan parlamentinin binası yaxınlığında xarici agentlər haqqında qanuna etiraz edənlərlə polis arasında toqquşma baş verib.

Yenicag.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 14 etirazçı saxlanılıb. Nazirliyin yaydığı məlumata görə, onlar ictimai asayişi pozub, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib, onları təhqir edib, əmrə tabe olmayıblar.

Polis nümayişçilərin qanunvericilik binası ətrafında yürüş etməsinə mane olduqda parlament yaxınlığında vəziyyət gərginləşib. Səsgücləndiricilər vasitəsilə nümayişçilərə xüsusi vasitələrdən istifadənin mümkünlüyü barədə xəbərdarlıq edilib. Polislə nümayişçilər arasında vaxtaşırı şifahi mübahisələr və toqquşmalar olub.

Daxili İşlər Nazirliyi onu da bildirib ki, “mitinq iştirakçılarının zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin bir əməkdaşı xəsarət alıb, ona müvafiq tibbi yardım göstərilib”.

Parlamentin Hüquq Komitəsi ölkə parlamenti binası qarşısında keçirilən kütləvi etirazlar fonunda “Gürcü arzusu”nun təşəbbüsü ilə irəli sürülmüş “xarici agentlər” haqqında qanun layihəsini dəstəkləyib.

Etirazlara baxmayaraq, xarici agentlər haqqında qanun layihəsi bu gün Gürcüstan parlamentinin plenar iclasına çıxarılır.

Sənəd keçən il qanun layihəsinin birinci variantı müzakirə edilən zaman kütləvi etirazlara səbəb olmuşdu.

Bundan əvvəl hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze hökumətin xarici agentlər haqqında qanuna yenidən baxılacağını açıqlamışdı.

Seçilən
133
50
Mənbələr
Şərh ()
Bağla